“Qapını qıfıllayıb evə getsinlər”

-qapini-qifillayib-eve-getsinler
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov partiyanın saytına deyib. S.Novruzov bildirib ki, artıq bütün cəmiyyət həmin dairələrin fikirlərini başa düşür. Onun fikrincə, belə iflasdan sonra təfəkkürü, tərbiyəsi, qabiliyyəti olanlar bundan sonra fəaliyyətlərinə xitam verməlidirlər. Çünki artıq reallıq açıq-aşkar ortalıqdadır, bu adamlar özləri cəmiyyət tərəfindən boykot olunmuş adamlardır. “Həmin müxaliflərin eləsi var ki, seçkilərdə bir–birinə rəqib, alternativ olublar, indi ikisi də bir yerdədirlər. Yəni, bu qurum tam ziddiyyətli xarakter daşıyır. Ona görə onlar bu təşkilatın qapısını qıfıllayıb evlərinə çıxıb getməlidirlər, başqa işlərlə məşğul olmalıdırlar. Bəlkə o zaman özlərinə və xalqa yararlı olan nə iləsə məşğul olarlar. Hakimiyyət icazəli aksiyalar üçün müvafiq yerlər ayırıb və təklif edib. Buyurub getsinlər, nə qədər istəyir, aksiya keçirsinlər. Ancaq bunlar orada aksiya keçirə bilməyəcəklərini yaxşı bilirlər. Bilirlər ki, onların sosial bazası yoxdur, həmin məkanlara istədiklərinin heç onda biri qədər adam gəlməyəcək. Məhz bunun üçün icazəsiz aksiyada, qarşıdurmada maraqlıdırlar”.