Quzeyə həsrət qalan güneyli soydaşlarımız üçün

-quzeye-hesret-qalan-guneyli-soydaslarimiz-ucun-
Oxunma sayı: 646

Doğrudan da, nəzəriyyəni öyrənə bilərsən, amma təcrübəni cəmiyyətdən kənarda həyata keçirmək mümkünsüzdür. Elə ona görə də, Fərabi qeyd edir ki, xoşbəxtlik dövlətin vətəndaşlar üçün onu nə qədər təmin edə bilməsindən asılıdır.

Fərabi bunları X əsrdə yazıb. İndi soruşaq görək, cürbəcür Avropa, Qərb mütəfəkkirlərini, filosoflarını tez-tez öz yazılarında, müsahibələrində sitat gətirən nə qədər ziyalımızın Fərabidən xəbəri var? Nəysə.

Axırıncı dəfə bir səfərdən qayıdırdım. Uçağa minməzdən əvvəl, özümlə qəzet götürdüm ki, başım qarışar oxuyaram. Yanımda əyləşən yol yoldaşım isə bir qədər narahat görsənirdi. Elə bil, hey gözləyirdi mən qəzeti əlimdən yerə qoyum ki, danışsın, ürəyini boşaltsın. Bir müddət keçdi, amma zalımın balası hey yerində qurcalanırdı, nəsə demək istəyirdi. Heç onu gözləmədən ilk sualımı verdim:

–Səfəriniz necə keçdi?
–İşlə bağlı gəlmişdim, bundan qabaqkını düşünməsək, daha yaxşı oldu. – dedi.

Nə əlaqəsi var, öz-özümə düşündüm, bəyəm, soruşan oldu ki, əvvəl harda olmusan?

– Bundan öncə harda olmusuz? – deyə soruşdum.
– Güneydə, Güney Azərbaycanda. – bir qədər könülsüz cavab verdi.
Hə, lap yerinə düşdü, onsuz da, son zamanlarda ən çox düşündüyüm məsələlərdən biridir Güney Azərbaycan və orada yaşayan vətəndaşlarımızın taleyi. Cəld beynimdə növbəti suallar yarandı. Bir az danışın dedim oralardan. Hər halda, yazarlardan, ziyalılardan soruşmaq bir başqadır, amma adi vətəndaşlarımızın baxış acısı daha maraqlıdır.

Yol yoldaşım səhhətiylə bağlı Tehranda İranın ən yaxşı klinikalarından birinə gedibmiş. Xidmət göstərən həkim azərbaycanlı imiş, amma təbii ki, farsca danışır:

–Nə danışdığını anlamırdım, arada azərbaycanca sual verirdim, amma cavab vermirdi, axırda hirsimdən dəhlizə çıxdım, həkimi gözlədim. Kabinetindən çıxan kimi tutdum yaxasından kənara çəkdim. Dedim ki, mən sənin düşməninəm, niyə cavab vermirdin, başa düşmürdün məni? Bu dəfə həkim qolumdan yapışıb məni qırağa çəkdi və dedi:

– Baba, sus, danışma, hər yerdə kameralar çəkir, görsələr sənlə türkcə danışıram məni burdan qovarlar. Yol yoldaşım deyir ki, məəttəl qalmışdım, ordakılar evlərində bizim dildə, bayıra çıxanda qorxularından farsca danışırdılar.


Əhalisinin yarısı Azərbaycan türkü olan İran


Vətəndaş, fəaliyyət, cəmiyyət, dövlət və xoşbəxtlik. Orada vətəndaş dövlətdən qorxur, vətəndaşın fəaliyyət göstərdiyi cəmiyyətdə ona azadlıq yoxdur. Fərabi demirmi ki, dövlət vətəndaşları üçün elə şərait yaratmalıdır, onlar öz həqiqi qabiliyyətlərini göstərə bilsinlər? Çünki insanların xoşbəxtliyi ancaq dövlət çərçivəsində mümkündür. Əhalisinin yarısı Azərbaycan türkləri olan İran, görəsən, düşünmürmü ki, bəs bu insanlar niyə 200 ildir hələ də Azərbaycan türkcəsini unutmayıblar? 200 ildir doğma dillərində məktəb açılmasını gözləyə-gözləyə, hələ də ümidlərini itirməyiblər. Mən, doğrusu onlara həsəd aparıram. Təbrizdə insanlar Azərbaycan tükcəsində elə səlis, rahat danışırlar ki, elə bil, 200 ildir farsın əsarətində yaşamayıblar. Təbii ki, Təbrizin ab-havasını başqa şəhərlərlə müqayisə etmək yersizdir. Deyəcəksiniz, Azərbaycan türkləri bu tərəfdə də rusun əsarətində yaşadı 200 il. Burdakılar da unutmadılar, öz tarixlərini, adətlərini.

Güneylilər bizlərə həsrətlə baxırlar, onlar üçün şimaldakı Azərbaycan əlçatmazdır. Çünki onlar tarixi Azərbaycan torpaqlarında öz doğma dillərində danışa bilmirlər. Burdan güneyli soydaşlarımıza demək istəyirəm ki, siz bizə həsrətlə baxdığınız kimi, biz də ordakı torpaqlarımıza, sizlərə həsrətik. Unutmayın ki, sizlərlə qürur duyuruq. Biz də ümidimizi itirməmişik!