Ramiz Mehdiyev Minsk qrupu dövlətlərinə xəbərdarlıq etdi

-ramiz-mehdiyev-minsk-qrupu-dovletlerine-xeberdarliq-etdi
Oxunma sayı: 659

Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda "Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.

"Belə qeyri-hüquqi vəziyyətin yaranmasına baxmayaraq, biz beynəlxalq birliyin susqunluğunu müşahidə edirik. Dünya ictimaiyyətinin gözü qarşısında bu dövlətlər uzun illərdir ki, Ermənistanın təcavüzünə son qoyulması, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi üçün əllərini ağdan qaraya vurmayıblar", - Mehdiyev əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan xalqı çoxdandır ki, özü üçün pərdə arxasında ermənilərin işğalçılığının müdafiə olunduğunu aydınlaşdırıb.

"Minsk qrupu dövlətləri bilməlidirlər ki, Azərbaycan xalqının dözümünün hüdudları elə də geniş deyil, onun səbr kasası artıq dolub. Halbuki XX əsrin yaxın tarixindən bəllidir ki, beynəlxalq birlik təcavüz nəticəsində formalaşan oyuncaq dövlətləri heç zaman tanımayıb və ona qarşı mübarizə aparıb. Əks təqdirdə hansı dünya nizamından, hansı beynəlxalq təhlükəsizliyin və sülhün qorunması mexanizmlərindən söhbət gedə bilər?", - Mehdiyev vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.