“Şimali Azərbaycan Respublikası”

-simali-azerbaycan-respublikasi
Oxunma sayı: 2131

Maraqlıdır ki, bu təklif 2008-ci ildə keçirilən prezident seçkiləri zamanı səsləndiriləndə bu qədər geniş rezonans və əks-reaksiya doğurmamışdı. Həmin dövrdə İran İslam Respublikası adlanan dövlətin Azərbaycan Respublikasına qarşı indiki qədər aqressiv və açıq düşmənçilik mövqeyi sərgiləmədiyini nəzərə alsaq, hazırda «Şimali Azərbaycan Respublikası» təklifinə qarşı reflektiv reaksiyaları qıcıqlandıran bəzi məqamlarla bağlı müəyyən ehtimallar üzərində dayana bilərəm. Amma bu qəbildən olan ehtimallara yer ayırmaqla, disskussiyaların səmtini siyasi ittihamlara yol açacaq istiqamətə yönəltmək istəmirəm. Buna görə də irəli sürülən təklifdən və bu təklifi əsaslandıran səbəblərdən söhbət açacağam.
2008-ci ildə keçirilən prezident seçkilərində prezidentliyə namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi olduğum üçün beynəlxalq təşkilatların nümayəndələri, xarici kütləvi informasiya vasitələrinin təmsilçiləri və Avropa parlamentarilərilə çoxsaylı görüşlər keçirmişəm. Bu görüşlərdə əsasən prezidentliyə namizədin seçki platforması ətrafında fikir mübadiləsi aparılırdı. Diskussiyalar zamanı ən çox diqqət çəkən məsələlərdən biri də Qüdrət Həsənquliyevin seçki platformasında yer alan Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası adlandırılması təklifi idi. Məhz bu təkliflə bağlı vaxtilə müxtəlif maraqları təmsil edən siyasilərin suallarını cavablandırdığım, eyni zamanda məsələnin əhəmiyyətini yetərincə dərk etdiyim üçün bu gün də aparılan müzakirələrdən kənarda qalmaq niyyətində deyiləm.

Amma daha öncə də vurğuladığım kimi bu müzakirələr ittiham müstəvisinə keçməməli, etik normalar, əxlaq kriteriyaları çərçivəsində aparılmalıdır.

BAXCP sədri Qüdrət Həsənquliyevin son dəfə parlamentdə səsləndirdiyi təklifə ən kəskin münasibət sərgiləyənlərdən biri də tarix elmləri doktoru, professor Cəmil Həsənlidir. Hörmətli Cəmil müəllimin «Azadlıq» qəzetinin 9 fevral 2012-ci il tarixli sayında dərc olunmuş «»Azərbaycan Respublikası»na kim etiraz etmişdi?» başlıqlı məqaləsilə tanış olduqdan sonra öz fikirlərimi məhz bu yazının üzərində ifadə etməyi məqbul saydım. Şübhəsiz ki, Cəmil Həsənlinin məqaləsinə tarixi müstəvidə münasibət bildirmək niyyətindən çox uzağam. Tarixlə tarixçilər məşğul olmalıdır. Amma tarixçilər siyasi təşəbbüslərə tarixi nöqteyi-nəzərdən, tarixi proseslərə isə siyasi maraqları çərçivəsindən yanaşanda o zaman onların öz ixtisasları üzrə nə qədər peşəkar olub-olmadıqlarının heç bir önəmi qalmır…

Cəmil Həsənlinin məqaləsində bildirir ki, «siyasi kluarlarda, mətbuat və kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının adının dəyişdirilməsi və onun «Şimali Azərbaycan Respublikası» adlandırılması haqqında mənasız müzakirələr aparılır».
Hörmətli professorun məqaləsinin ilk cümləsindən sadə bir sual doğur: Görəsən Cəmil Həsənlini bu «mənasız müzakirələr»ə qoşulmağa və bir səhifəlik yazı yazmağa vadar edən nədir?
Cəmil müəllim yazır ki, millətləşmə və dövlətləşmə əsri arxada qalıb və dərhal yeni dövlətlərin yarana biləcəyi ehtimalını irəli sürür. Lakin bu yanaşmanın Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası adlandırılması təklifinə nə aidiyyatı olduğunu bir türlü izah etmir. Hörmətli professorun məqaləsinin davamında Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə istinad edildiyini nəzərə alsaq, o zaman millətləşmə və dövlətləşmə ilə bağlı məsələnin Azərbaycanla bağlantısının olduğu kimi ifadə edilməsinə ehtiyac duyulurdu. Əbülfəz bəy «Bütövləşmə, Millətləşmə və Dövlətləşmə» tezisini irəli sürəndə bütövləşmədən, yəni bir araya gəlmədən, birləşmədən millətləşmənin və dövlətləşmənin mümkünsüzlüyünü önə çəkmişdi. Bu baxımdan, Azərbaycanın güneyi və qüzeyi bütövləşmədən millətləşmə və dövlətləşmə prosesinin başa çatdığını iddia etmək tamamilə yanlış bir yanaşmadır. Mövzudan yayınmamaq üçün, millətləşmə və dövlətləşməyə aparan yolda eyni xalqın ayrı-ayrı coğrafiyalarda yaşayan topluluqlarının mədəni, sosial və siyasi inteqrasiya prosesinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyi barədə geniş müzakirə açmaq istəmirəm. Bu başqa bir yazının mövzusudur.

…Şübhəsiz ki, 1918-ci ildə Azərbaycan İstiqlal Bəyannaməsini imzalayan şəxslər elan etdikləri dövlətin Şimali Azərbaycan torpaqlarında yarandığını bilirdilər.

Onlar eyni zamanda xarici qüvvələrin təzyiqilə Ermənistana güzəştə getdikləri torpaqların da Azərbaycana məxsus olduğu barədə məlumatlı idilər… Amma tarixi şərait, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna və tanınmasına beynəlxalq zəmanətin verilə biləcəyi ehtimalı hətta torpaq itkisinin belə göz önünə alınmasına zəmin yaratdı. Hə intellekt, nə savad, nə də milli ideyaya sədaqət yaranmış tarixi reallıqların qarşısının alınması üçün yetərli olmadı…
Hörmətli tarixçi-professorun məqaləsində yer alan daha bir ziddiyyətli məqamı oxucuların diqqətinə təqdim edirəm:

Cəmil Həsənli məqaləsinin əvvəlində qeyd edir ki, «Azərbaycan Xalq Cümhuriyyətinin rəsmiləri Rusiya ilə İran arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinin doğurduğu hüquqi və siyasi nəticələrini gözəl bilirdilər». Məqalənin sonunda isə yazır: «1918-1920-ci illərdə də İran və Rusiya ərazisində qurulmuş müxtəlif hökumətlər tez-tez Türkmənçay müqaviləsini əsas gətirərək Azərbaycanı təhdid edirdilər. Xəzər dənizində gəmilərin Azərbaycan Respublikasının bayrağı altında üzməsinə etiraz edirdilər. Həmin vaxt Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu dövlətlərə nota verdi ki, Türkmənçay müqaviləsi Rusiya ilə İran arasında imzalanmışdır və Azərbaycan hökuməti özünü bu müqavilədən asılı hesab etmir və bu müqavilənin Azərbaycan Respublikası üçün heç bir hüquqi əhəmiyyəti yoxdur».

Göründüyü kimi, hörmətli Cəmil Həsənli özünü növbəti dəfə təkzib edir. Məsələyə Cəmil müəllimin məntiqilə yanaşsaq, o zaman ortalığa belə bir sual sıxır: Əgər Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan Xalq Cümhuriyyəti üçün heç bir hüquqi əhəmiyyəti yox idisə, o zaman Cümhuriyyət qurucularının adıçəkilən müqavilələrin hüquqi və siyasi nəticələri barədə bilgilərinin önə çəkilməsi hansı zərurətdən doğur və hansı arqumentin əsaslandırılmasına xidmət edir? Aydın deyil!

Ümumiyyətlə bu məsələdə Gülüstan və Türkmənçay müqavilələrinə istinad edilməsi məntiqsizdir, Cəmil Həsənlinin təbirincə desək, mənasızdır. Çünki bu müqavilələrin heç birində coğrafi bölgü olaraq Cənubi və Şimali Azərbaycan ifadələri yer almayıb. Gülüstan və Türkmənçay müqavilələri tarixi Azərbaycan torpaqlarında mövcud olan kiçik dövlətlərin – xanlıqların Rusiya və İran tərəfindən işğalının-ilhaqının rəsmiləşdirilməsinə xidmət edən və hüquqi statusunu 1917-ci ildə tamamilə itirmiş sənədlərdir. Çünki çar Rusiyasının süqutundan sonra İranla RSFSR-in, daha sonra isə İranla SSRİ-nin quru və su sərhədləri bu ölkələr arasında imzalanmış ikitərəfli müqavilələrə əsasən tənzimlənib.
Əslində söhbətin nə Gülüstan və Türkmənçay müqavilələrindən, nə İranın fars-molla rejiminin gündən-günə aqressivləşməkdə olan bəyanatlarına verilən qarşılıqdan getmədiyi hər kəsə bəllidir.

Hazırda Azərbaycanın güneyində, öz tarixi ata-baba yurdlarında 40 milyona yaxın soydaşımız yaşayır və onların əhəmiyyətli hissəsi öz milli hüquq və azadlıqları uğrunda mücadilənin çox önəmli bir mərhələsinə qədəm qoyublar. Artıq xeyli müddətdir ki, Cənubi Azərbaycanda milli oyanış dövrü başlayıb və bu prosesdə soydaşlarımızın qarşısına çıxan maneələri aşmaqda onlara dəstək vermək borcumuzdur. Bu bir həqiqətdir ki, 9 milyonluq bir toplum 40 milyonun haqqına sahib çıxa bilməz! Azərbaycan Respublikası tarixi Azərbaycan torpaqlarının şimalında yerləşir və bu baxımdan da ölkənin adının dəyişdirilməsi nə tarixi, nə də hüquqi baxımdan heç bir mübahisə yaratmır. Maraqlıdır, Cəmil Həsənli də daxil olmaqla bütün tarixçilərimiz öz araşdırmalarında Cənubi və Şimali Azərbaycan coğrafi bölgülərindən istifadə edirlər. Bu bölgü ədəbi, mədəni və digər istiqamətlərdə aparılan elmi araşdırmalarda da təbiq olunur. Əgər Cəmil müəllimin dediyi kimi dövlətin adının dəyişdirilməsi əşyaya ad verilməsilə bərabər tutulursa, o zaman buyursunlar bu bölgünü tarixdə də, ədəbiyyatda da aradan qaldırsınlar… Əslində İranın
siyasətinə xidmət edən məhz bu yanaşmadır… İranın fars-molla rejimi Güney Azərbaycan anlayışını unutdurmaq, tarixdən, ədəbiyyatdan, düşüncələrdən belə silmək istəyir.
Sizi əmin edirəm, əgər bu rejim Güney Azərbaycanda həyata keçirdiyi assimilyasiya siyasətini sonadək gerçəkləşdirə bilsəydi, «Azərbaycan» sözünü yaddaşlardan silmək üçün Azərbaycan Respublikasına qarşı indikindən daha sərt, daha amansız bir mövqe sərgiləyəcəkdi.
Qüdrət Həsənquliyevin Şimali Azərbaycan Respublikası ilə bağlı təklifi tarixi zərurətdən doğub. Güney Azərbaycan türklərinin öz müqəddəratlarını təyin etmələri üçün yaranmış tarixi şərait bizdən öz eqomuzu, xırda hisslərimizi, siyasi maraqlarımızı bir kənara qoymağı və millətimizin gələcəyinə bütöv şəkildə baxmağı tələb edir.