Sözsüz…

-sozsuz
Oxunma sayı: 682

1. 1945-ci ildə SSRİ-də atom silahının hazırlanması işləri son və həlledici mərhələyə qədəm qoymuşdu. Həmin il avqustun 20-sində üç nəfərdən (Beriya və görkəmli fiziklər - Kurçatov və Kapitsa) ibarət Atom üzrə Xüsusi Komitə yaradılır. Böyük alim, Nobel mükafatı laureatı Pyotr Leonidoviç Kapitsa 3 oktyabr tarixli məktubu ilə Stalindən onu Komitənin işindən azad etməsini(!) xahiş edir. Cavab gəlmir. Kapitsa 25 noyabr tarixində Stalinə yenə, bu dəfə daha geniş məktub yazır. Nələr yazmır? Beriya savadsızdır(!), tənbəldir(!), istedadsızdır(!), onunla işləmək mümkün deyil. “Mən dəfələrlə Beriyaya İnstituta, yanıma gəl, sənə fizika öyrədim desəm də, o təkəbbüründən və tənbəlliyindən bunu etmir!”. Beriyanın nə qədər kinli və qəddar olduğunu Azərbaycan oxucusuna tanıtmaq artıqdır. Stalin özü də Kapitsadan az yığmamışdı. Təkcə 1938-ci ildə dahi fizik, Nobel mükafatı laureatı Landaunun həbsinə etiraz olaraq Kapitsanın Stalinə ünvanladığı məktubu qeyd etmək kifayətdir! 21 dekabr tarixində Stalin Kapitsanı öz xahişi ilə Komitədəki vəzifəsindən azad edir... və Beriyaya bərk-bərk tapşırır: “ONUNLA İŞİN OLMASIN! O BÖYÜK ALİMDİR!”. Kapitsa dövlət bağına köçür. Heç bir məxfilik gözləmədən dostları, həmkarları ilə yazışır. Beriya Stalindən təkidlə, “atom silahının əldə edilməsi ilə bağlı sirlərin yayılmasının qarşısını almaq məqsədilə” Kapitsanın cəmiyyətdən təcrid edilməsini, həbsini xahiş edir. Stalinin cavabı belə olur: “Nəzarəti gücləndirin! Həbs etmək olmaz!”.
1950-ci ildə Kapitsa Stalinin 70 illik yubiley tədbirlərinə qatılmır. Stalinə “onu həbs etmək lazımdır” deyirlər. “Həbs etmək olmaz, yüngül cəzalandırın”. Kapitsanın yaşadığı dövlət bağını Akademiyanın balansından çıxararaq Nazirlər Komitəsinin sərəncamına verirlər və Kapitsa bağsız qalır. Pyotr Leonidoviç Stalinə məktub yazır: “Hörmətli yoldaş Stalin! Mənim yubiley tədbirlərinizdə iştirak etməməyimi şəxsinizə qarşı hörmətsizlik kimi qəbul etməyin. Mən, sadəcə olaraq, cəmiyyətə çıxmıram. Hamı məndən qaçır”. Qeyd edək ki, Kapitsanın, doğrudan da, dözülməz, kobud və avtoritar xasiyyəti vardı. Stalin dərhal reaksiya verir. Dövlət bağı Akademiyanın balansına, akademik Kapitsa isə bağına qayıdır.
2. Görkəmli fizik, Nobel mükafatı laureatı, akademik Andrey Saxarov 1979-cu ildə Sovet Ordusunun Əfqanıstana təcavüzünə kəskin etiraz edir. Onu Qorki şəhərinə sürgünə göndərirlər, üç dəfə Sosialist Əməyi Qəhrəmanı adından, Dövlət və Lenin mükafatlarından məhrum edirlər. 1980-ci ildə SSRİ Elmlər Akademiyasında onun Akademiyanın həqiqi üzvlüyündən azad edilməsi məsələsi müzakirəyə çıxarılır. Mərkəzi Komitə rəsmisi gündəlikdəki məsələ barəsində məruzə edəndən sonra akademiklər, ürkək səslə də olsa, etiraz etməyə başlayırlar : “Axı dünya tarixində bir akademikin bu addan məhrum edilməsi presedenti yoxdur!”. Akademik Kapitsa gur səslə etiraz edir: “Var! Belə bir presedent var! 1933-cü ildə (Hitler hakimiyyətə gələndən dərhal sonra- G.H.) Prussiya Elmlər Akademiyası Albert Eynşteyni öz sıralarından xaric etmişdi!”. İclas 10 dəqiqəyə yekunlaşır və... Saxarov akademik olaraq qalır!
3. Mətbuatdan, memuarlardan oxuduğum bu iki nümunədən fərqli olaraq, üçüncü hadisəni mənə çox sevdiyim Rafiq Əliyev bir ay öncə danışıb. 1959-cu ildə İmam Mustafayev “anti-sovet”, əslində isə, milli fəaliyyətinə görə Azərbaycan MK-nın birinci katibi vəzifəsindən azad edilir. 30 il sonra(!) 1989-cu ildə onu Kommunist Partiyasının sıralarından xaric edirlər. Birinci katib Kamran Bağırov Akademiyanın Rəyasət Heyətinə gələrək hazır qərar layihəsini təqdim edir və sonda üzünü İmam Mustafayevə tutaraq “Vaxtilə Mirzə İbrahimovu da millətçilik yoluna siz təhrik etmisiniz!” deyir. Dərhal akademik İbrahim İbrahimov (aramızdan vaxtsız getmiş əziz dostumuz Anar Məmmədxanovun babası) əsasını hirslə yerə vura-vura Kamran Bağırova yaxınlaşır, qolundan tutub silkələməyə başlayır: “Siz harada olduğunuzun fərqindəsinizmi? Siz harada olduğunuz barədə özünüzə hesabat verirsinizmi?”. İclas bununla da bitir və Kamran Bağırov bir də heç vaxt, heç bir səbəblə Akademiyaya ayaq basmır...
...və Azərbaycanı dünyada tanıdan iki ən güclü alimimizdən biri olan (digəri Cəmil Həsənlidir) Rafiq Əliyevi ADNA-da özü yaratdığı kafedranın rəhbərliyindən uzaqlaşdırıblar. Deyə bilərik ki, yel qayadan nə aparar?! Düzdür! Deyə bilərik ki, bu gün Rafiq Əliyevin ADNA-ya ehtiyacı yoxdur, ancaq ADNA-nın və bütövlükdə, Azərbaycan elminin və təhsilinin Rafiq Əliyevə ehtiyacı var! Əlbəttə ki, bu belədir! Ancaq məni düşündürən başqa məqamdır: Niyə ziyalılar zorla dövlətdən narazı salınır? Kimdir ziyalıları aqressivləşdirmək istəyənlər? Kimdir ziyalıları zorla “inqilabçılıq” yoluna sürükləyənlər? Axı bu hadisə hakimiyyətə qarşı ən loyal adamları da silkələdi, narazı saldı. Bu kimə lazımdır? Bu hadisədən sonra ziyalıların hakimiyyətə qarşı rəğbətinin artacağını düşünmək sadəlöhvlük olardı. Qorxacaqlarmı? Bəlkə də. Ancaq qorxaqların ən təhlükəli adam olduğunu hamımız bilirik axı! Axı etirazını qorxudan içinə gömsən də belə, bu etiraz enerjisi itmir, yox olmur, daha dərinə kök atır, qorxuya qarışıb mahiyyətini dəyişir və daha təhlükəli, daha destruktiv enerjiyə çevrilir. Eynilə, fizikada, enerjinin itməməsi qanununda olduğu kimi. Bunu anlamaq üçün nə Kapitsa, nə Saxarov, nə də Rafiq Əliyev olmağa ehtiyac yoxdur. Bunu anlamaq üçün, sadəcə, reallıq hissini itirməməlisən! Dünyanın və bölgəmizin indiki təlatümlü vaxtında bu bizə lazımdırmı?