Sözümüzün “Mustafa”sı

-sozumuzun-mustafasi
Oxunma sayı: 641

O, eynən Nazim Hikmət kimi, Maksim Qorki kimi, lap elə Turalın özü kimi insanların sosial bərabərliyini arzulayan və bununçün canından keçməyə hazır olan saf bir gəncdir. Bu ideallar həyat gerçəkliyi ilə toqquşanda dəhşətli ümidsizlik doğurur: Turalın qəhrəmanı islamın əfəndisindən fərqli olaraq öz missiyasını həyata keçirə bilmir və təbii olaraq ümidsizliyə yuvarlanıb ucqar bir kəndə çəkilir.
“Mustafa” adı ilə də, kitabın üz qabığı ilə də Əlif Şəfəqin “İskəndər”ini xatırladır. Ancaq bu, sözün bütün mənalarında zahiri oxşarlıqdır. Əvvəla, Əlif Şəfəqin İskəndəri məşhur fatehin adından götürülüb, ikincisi Fırat sahillərindəki bir köydən və bu köyün bədbəxt sakinlərinin İstanbul-London həyatından bəhs edən “İskəndər”, Azərbaycanın təmiz, romantik gəncliyinin iç duyğularını və dramatik situasiyalarla zəngin olan yaşamını ehtiva etməyə yönəlmiş “Mustafa”dan köklü şəkildə fərqlənir. Əsərlərin strukturu da başqa-başqadır. Bir də ki, mən Turalın “Mustafa” adlı roman yazdığını eşidəndə Azərbaycanda “İskəndər”in izi-tozu da yox idi.
“Mustafa” gənc bir yazarın ilk əsəri kimi məni sevindirdi. Mən həm də Turalın ədəbiyyata gəlişinə sevindim. Bəlkə də çoxlarına qəribə görünəcək, doğrudan da Turalın şeir, hekayə, roman yazması, ən azı ədəbiyyatdan yazması məni həmişə sevindirib. Bu, Turalı yaxından tanımağımla bağlıdır. Təəssüf ki, bəzi insanlar kifayət qədər intellektual bazası olan bu istedadlı gəncin aqressiv yazılarından çıxış edərək, onu adamayovuşmaz, həyata yalnız ağ və qara eynəklərdən baxan, Azərbaycan klassiklərini sevməyən, qalmaqallarla gündəmdə qalmağa çalışan adi bir jurnalist sayırlar. Əmin ola bilərsiniz ki, bu belə deyildir! Sadəcə Tural yeni dövrün, yeni estetikanın adamıdır. O, ən yaxın dostunu, qardaşını belə kəskin şəkildə tənqid edə bilər. Mümkündür ki, bu tənqiddə yanlışlar olsun. Məncə, əsas bu deyil, əsas qələm sahibinin səmimiyyətidir. Mən Qan Turalının yazılarının heç birində qeyri-səmimilik, boğazdanyuxarılıq görməmişəm. Halbuki bəzi fikirlərinə görə aramızda diametral əkslik mövcud olub.
Yadımdadır, bir dəfə Qan Turalı bəndəniz haqqında da kəskin bir fikir işlətmişdi. Səhv etmirəmsə belə idi: “Şərif Ağayar cümlə qura bilmir.” Həmin yazı işıq üzü görən günü təsadüfən onunla rastlaşdım, çay süfrəsi arxasında oturası olduq. Söz ordan-burdan hərlənib yazının üstünə gəldi. Tural öz mövqeyini israrla müdafiə etdi və hansısa hekayəmdən bəzi mübahisəli cümlələri misal gətirdi, onun səmimiliyini görüb susmalı oldum.
Tural kimi hazırlıqlı, istedadlı, bacarıqlı, tükənməz enerji ilə çalışan, zəhmətə qatlaşmağı sevən, həmişə oxuyan, öyrənən insanları hər kəs öz yanında görmək istəyir. Mən isə onu ədəbiyyatın, sözün yanında görmək istəyirəm. Seçim əlbəttə ki, Turalın özünündür. Ancaq ümid edirəm ki, ilkin işartılar onun sözə sadiq qalacağının göstəricisidir.