Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan kriminal xəbərləri təqdim edirik.
İyunun 18-i saat 02:15 radələrində Mərdəkan qəsəbəsi «Tropikanka» çimərliyində Bakı şəhər sakini Çingiz Allahverdiyev mübahisə zəminində tapançadan atəş açaraq Goranboy rayon sakini Miremil İbrahimlinin ayaqlarından və başından xəsarət yetirdiyinə görə Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır. Yaralı 3 saylı xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
“Qafqazinfo”ya daxil olan məlumatlara görə, qətlə yetirilən şəxs uşu-sando üzrə Azərbycan çempionudur.
İyunun 17-də Salyan yolu 6-da yerləşən avtomobil təmiri emalatxanasında Zülfü Salmanov Elşad İbrahimxəlilova məxsus təmirə dayanmış «VAZ-2106» markalı avtomobildən akkumulyator oğurlayarkən Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb və ondan 1 ədəd bıçaq aşkar olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, Z.Salmanov mayın 30-da Y.Mürsəlov küçəsində Sakit Həsənova məxsus «İJ-2717-230» markalı avtomobildən də açar seçmə yolu ilə maqnitafon oğurlayıb.
İyunun 17-də H.Əliyev prospektində Bakı şəhər sakini Səfər Sadıqov idarə etdiyi «VAZ-2107» markalı avtomobillə Bakı şəhər sakini Qasım Quliyevi vurmuş və sonuncu 3 saylı xəsətəxanada dünyasını dəyişmişdir.
DİN BCAİ, Bakı şəhər BPİ CAİ və Səbail RPİ CAŞ-ın əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Biləsuvar rayon sakini Mütail Alışov iyunun 17-də yaxalanmışdır. Məlum olmuşdur ki, o, iyunun 15-i saat 00:30 radələrində Cənub Dərə küçəsində Bakı şəhər sakini Ələstun Mehdiyevin idarə etdiyi «Mersedes» markalı avtomobilə sərnişin qismində əyləşmiş, ona bıçaqla hədə-qorxu gələrək üstündə olan əşyaları tələb etmişdir. Ə.Mehdiyev bu zaman avtomobildən düşüb qaçmışdır. M.Alışov avtomobilin sandıqçasından şəxsi sənədələri və içərisində 5 ABŞ dollar olan pul kisəsini aparmışdır.
Daha sonra isə o, həmin gün saat 04 radələrində Neftçilər prospektində Mehdi Novruzovun idarə etdiyi «Opel Vektra» markalı avtomobilə əyləşərək Bayıl qəsəbəsinə getməyini bildirmiş, qəsəbədə sürücünü bıçaqla hədələyərək 28 manatını almışdır.
Xətai RPİ CAŞ və 35-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Rasim Əliyev iyunun 17-də tutulmuşdur.
İyunun 16-na keçən gecə Bakı şəhər sakini Pərviz Əhmədova məxsus Ə.Cavad küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə 35 manat və iş dəftəri oğurlanmışdır. Səbail RPİ 9-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Xəlilov və Zaur Əsədov iyunun 17-də yaxalanmışdır.
Aprelin 7-də Y.Əliyev küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Fərhad Qədimovu döyərək 152 manatını, mobil teolefonunu və bankomat kartını alıb getmişdir. Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Şərur rayon sakini Rəşad Ağayev, Ağdaş rayon sakini Rüstəm Abdullayev və Zaqatala rayon sakini Sitarə Bədəlova iyunun 17-də yaxalanmışlar.