“Vaqif Cavadovu tərbiyələndirmək lazımdır”

-vaqif-cavadovu-terbiyelendirmek-lazimdir
Oxunma sayı: 658

Berti Foqtsun yığmada işlədiyi müddətdə Cavadova şans verməyəcəyini bildirməsi birmənalı qarşılanmır. Təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov bu haqda “Qafqazinfo”ya açıqlama verib. O, Cavadovun milliyə lazım olduğunu bildirib: “Vaqif Cavadov istedadlı futbolçudur. Belə futbolçular bizə lazımdır. Vaqif Rusiya çempionatında çıxış edir. Bizim isə legioner həyatı yaşayan futbolçularımız olduqca azdır. Biz nə Braziliyayıq, nə də İspaniyayıq ki, yığmada oyunçu bolluğu olsun. Düzdür, Vaqif millini icazəsiz tərk etməklə yaxşı hərəkət etməyib. Ancaq o, cavandır, cavanlıqda hər kəs səhv edə bilər. Bir səhvə görə onu tamamilə yığmadan kənarlaşdırmaq olmaz. Vaqifi silmək yox, tərbiyələndirmək lazımdır. Onu kollektiv tərbiyələndirməlidir. Federasiya rəhbərliyi Foqtsdan xahiş etməlidir ki, Vaqifi bağışlasın. Keçmiş SSRİ dövründə də belə hallar olurdu. Banişevski il yarım futboldan kənar qalmışdı. Sonradan “Neftçi” kollektivi xahiş etdi və baş məşqçi Əhməd Ələsgərov onu komandaya qaytardı. Bir il sonra o hətta yığmaya da dəvət aldı”.

Qeyd edək ki, Vaqif Cavadov 2012-ci il Avropa çempionatının oktyabrın 7-də Azərbaycan və Avstriya milliləri arasında keçirilmiş seçmə qrup matçından sonra heç bir səbəb olmadan komandamızın düşərgəsini tərk edib. AFFA İntizam Komitəsi futbolçunu 1 il müddətinə yığmadan kənarlaşdırıb. Berti Foqts isə baş məşqçi olacağı müddətdə Cavadovu bir daha yığmaya çağırmayacağını bildirib.

Ceyhun Əhmədov