Yelqanadlı professorlar

-yelqanadli-professorlar
Oxunma sayı: 724

Onları hamı tanıyır. Buna görə də təqdimata geniş yer ayırmayacayıq. İlk qəhrəmanımız akademik Ziyad Səmədzadədir. Ömrünün səkkizinci onilliyini xırdalayan Ziyad müəllim Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. O, həm də Milli Məclisin deputatı, İqtisadi siyasət komitəsinin sədridir. Akademik Səmədzadə həm də təcrübəli pedaqoqdur. Bu qədər işin arasında vaxt tapıb, Bakı Biznes və Təfəkkür universitetlərində də çalışır. Maraqlısı isə odur ki, Ziyad Səmədzadə Gəncə Dövlət Aqrar Universitetində Dissertasiya Şurasının sədridir. Təzəlikcə bilmişəm ki, Ziyad müəllim həm də bizim həmkarımızdır. Hazırda o, “İqtisadiyyat” qəzetinin baş redaktoru, bir neçə elmi jurnalın redaksiya şurasının üzvüdür. İşlədiyim qəzetin iqtisadiyyat şöbəsində boş yer olan kimi Ziyad müəllimə əməkdaşlıq təklif edəcəyik. İnanıram ki, işinin çox olmasına baxmayaraq, o, bizim təklifimizi qəbul edəcək.

Deputat Asəf Rzayev məhsuldarlıqda Ziyad Səmədzadədən geri qalmır. Asəf müəllim Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin üzvü olmaqla yanaşı, həm də Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə Komissiyasında təmsil olunur. Ziyad Səmədzadə kimi Asəf Rzayevi də elm fədaisi saymaq olar. Hörmətli deputat 40 min seçicinin qarşısında cavabdehlik daşımasında rəğmən, Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda laboratoriya rəhbəri, Bakı Dövlət Universitetində psixologiya kafedrasının müdiri vəzifələrində də çalışır.

Professor Mirdamət Sadıqovun bacarığına isə heyran qalmamaq mümkün deyil . Gəncə Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışan Mirdamət müəllim həm də Azərbaycan Dövlət İqtisadiyyat Universitetində müəllim işləyir. Maraqlısı odur ki, digər əyalət universitetlərinin rektorları da bu cür qeyri-adi qabiliyyət sahibidirlər. Məsələn, Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərov həm də Bakı Dövlət Universitetinin optimallaşma və idarəetmə kafedrasının müdiridir. İsa Həbibbəylinin isə ayağının biri Bakıda, o biri Naxçıvandadır. Milli Elmlər Akademiyasının həqiqi üzvü olan İsa müəllim, həm də Milli Məclisin deputatıdır. Həftənin ən azı iki gününü Bakıda keçirməsinə baxmayaraq, o, həm də Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışır. Bu istiqamətdə araşdırma apararkən həmkarlarımdan biri mənə dedi ki, İsa Həbibbəyli həm də Bakıdakı özəl universitetlərdən birində dərs deyir. Həmin universitetin adını çətinliklə öyrənsəm də, yazıb hörmətli akademiki gözə gətirmək istəmədim.

P.S.Səhv etmirəmsə, “Ağ atlı oğlan” nağılında gənc qəhrəman qahmar çıxdığı yoxsul kəndlilərə bir quş lələyi verib, belə deyir: “Çətinə düşəndə bu lələyi yandırın, dərhal köməyinizə gələcəm”. Deyəsən, bizim bəzi professorlarımızın da nağıl qəhrəmanları kimi yeldən qanadları var...