13 milyona təmir olunan muzey uçur - Fotolar

13-milyona-temir-olunan-muzey-ucur-fotolar
Oxunma sayı: 642

Muzeyin divarlarında iri çatlar yaranmışdı, yerə tökülən suvaq qırıntıları yığışdırılsa da, izləri tam silmək mümkün olmamışdı. Uçqunu görənlər muzeyin ətrafından hərəkət etməyə ehtiyyat edirdilər. Muzeyin qapısı önündə bizi qarşılayan xanım qurumun bağlı olduğunu dedi. O, muzeyin əməkdaşı olduğunu desə də uçqun barədə məlumatsız olduğunu söylədi.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binasında problemlərin meydana çıxması təəccüb doğurur. Çünki 2005-2008-ci illərdə muzeyin əsaslı təmir və yenidənqurma işləri üçün Nazirlər Kabineti büdcədən 13 milyon manat vəsait ayırıb. 2004-cü il dekabrın 30-da dövlət başçısı İlham Əliyevin muzeyə baş çəkərkən orada əsaslı təmir və yenidənqurma aparılması ilə bağlı göstəriş verib: “Biz elə təmir edəcəyik ki, bina 100 ildə rahat xidmət göstərə biləcək”-prezident o zaman demişdi. Amma fotolardlan görüdyü kimi 13 milyon manat sərf olunan bina heç 4 il davam gətirməyib.

Muzeyin direktoru, AMEA-nın müxbir üzvü, deputat Rafael Hüseynovun “Xalq qəzeti”nin 2009-cu il 19 may tarixli sayına verdiyi açıqlamasında 13 milyonun necə xərclənməsi barədə danışıb. O bildirib ki, bu məbləğdən 18 faizi əlavə dəyər vergisi olaraq çıxılıb, vəsaitin müəyyən hissəsi də layihələndirmə və texniki nəzarət üçün yönəldilib. Bu zaman Maliyyə Nazirliyi tərəfindən icraçı tikinti təşkilatlarına verilən məbləğ təxminən 10 milyon manat olub.

Direktor bu vəsaitin 5 istiqamət üzrə xərcləndiyini deyib:

1) muzeyin xarici kommunikasiya sistemlərinin, mühəndis qurğularının quraşdırılması, muzey binasında təməlin və divarların gücləndirilməsi işlərinin aparılması üçün (uçub dağılmaq təhlükəsi qarşısında olan binanı gücləndirmək məqsədi ilə perimetr üzrə eni və dərinliyi 3 metr olmaqla etibarlı təməl atılıb, binanın bütün divarları döyülüb tökülmüş, armaturlara toxunaraq 14 min kvadratmetr olmaqla keyfiyyətli şəkildə suvanıb);

2) yenidənqurma və xüsusi quraşdırma işləri muzeyin və muzey fondlarının havalandırma və temperatur təminatı sisteminin, mərkəzləşdirilmiş daimi isitmə və soyutma şəbəkəsinin yaradılması, yeni müasir tipli qazanxananın qurulmasından ötrü;

3) muzeyin binasında təmir-bərpa işləri üçün (binanın bütün naxış, bəzək və mürəkkəb yapma elementləri kəsilib götürülüb, hər element üçün düzəldilən qəliblər əsasında təzədən hazırlanmışdır. Binanın 4500 kvadratmetrə qədər sahəsi parketlə, o cümlədən mürəkkəb mozaik naxışlarla işlənərək döşənmib. Təmirdən əvvəl tam dağılmış vəziyyətdə olan keyfiyyətsiz parket örtüyü isə iki dəfə az sahəni əhatə edirdi. Binanın tam yararsız vəziyyətdə olan bütün qapı (500 kvadratmetrə yaxın) və pəncərələri (900 kvadratmetrə yaxın) bərk ağac materialından hazırlanmaqla təzədən düzəldilib. Binanın damı yenidən qurulub, 2700 kvadratmetrə yaxın sahəsi olan dama müasir metal-kirəmit örtük çəkilib. Binanın fasadı, o cümlədən şpilləri və ətrafı əsaslı şəkildə təmir edilib, muzeyin çevrəsinə, həyətinə, pilləkənlərə qranit və mərmər örtük çəkilib, mükəmməl drenaj və kanalizasiya sistemi qurulub. Bina üçün ayrıca transformator binası tikilmiş, generator quraşdırılıb;

4) mebel, avadanlıq və dəzgahların alınıb quraşdırılmasına, muzeyin tam kompüterləşdirilməsinə və texinki təchizatına;

5) 1, 2, 3, 4-cü mərtəbədəki ekspozisiya zalları və vestibülləri bədii tərtibatı işləri dekorativ vitrinlərin, səhnələrin, şəbəkələrin yaradılması, 2 mindən artıq rəsm əsərinin çərçivələnməsi, muzey saxlanclarının qurulması və s.

Muzey təmir olunandan sonra, yəni 2009-cu il aprelin 14-də prezident İlham Əliyev buranı ziyarət edərkən Rafael Hüseynov məruzə edib ki, muzeyin təməlindən damınadək yenilənərək ən müasir tələblərə cavab verir. O, uçmaq təhlükəsi olan binanın təməli və bütün divarları möhkəmləndirildiyini bildirib.

Muzeyin kütlələr üçün açılış günü hər ayın 14-nə təyin edilib. Buna səbəb 1945-ci il mayın 14-ü muzeyin qapısının açılması göstərilib.

Qeyd edək ki, muzeyə giriş ölkə vətəndaşları üçün 5 manat, vətəndaşlığı olmayan şəxslər üçün isə 10 manatdır. Tələbələrə giriş bir qədər ucuz - 2 manatdır.

Etibarlı qaynaqdan əldə etdiyimiz məlumata görə, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binasına ayrılmış vəsaitin ən azı 30 faizi korrupsiyaya uğrayıb. Mənbə buna misal kimi binanın 4 il keçməmiş dağılmağa başlamasını və direktor Rəfael Hüseynovunböyük var-dövlət əldə etməsini göstərib. Xəbərdə bildirilir ki, deputat paytaxtın Heydər Əliyev prospektində villa tikdirib, Bakı kəndlərində bir neçə malikanəyə sahiblənib. R.Hüseynov Kürdəmirdəki sanatoriyanı da ələ keçirərərk özəlləşdirib.

P.S Deputatın mövqeyini dərc etməyə çalışacağıq./bizimyol.info/