14619 nəfərin həyacanı

14619-neferin-heyacani
Oxunma sayı: 693

“Qafqazinfo”nun məlumatına görə, mətbuat konfransında M. Abbaszadə iyulun 16-da keçiriləcək 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı barədə məlumat verib. Bildirib ki, həmin gün eyni zamanda Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı aparılacaq. M. Abbaszadənin sözlərinə görə, imtahan respublikanın 4 şəhərində - Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada keçiriləcək: “Orta ümumtəhsil müəssisələrindən 1290 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 132 imtahan rəhbəri cəlb olunacaq. İmtahanın gedişini işıqlandırmaq üçün 50 KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib. 2011-ci ildə IV qrup üzrə 14619 abituriyent ərizə təqdim edib. IV ixtisas qrupu üzrə sənəd verənlərin 13525 nəfəri Azərbaycan bölməsinin, 1094 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7307 nəfərini oğlanlar, 7312 nəfərini isə qızlar təşkil edir. 8281 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 5882 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 70 abituriyent xarici ölkələrin vətəndaşıdır. 51 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 405 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1958 -ci ildən, ən gənc isə 1996-cı ildəndir”.

TQDK sədri onu da qeyd edib ki, Bakı şəhərində 10804 abituriyent, Naxçıvanda 1048 abituriyent, Gəncədə 1848, Lənkəranda isə 919 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.

Qeyd edək ki, bu ixtisas qrupuna tibb, kimya, biologiya, aqrar, psixologiya və idman ixtisasları daxildir. Abituriyentlər ana dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən imtahan verəcəklər.

Nigar Məmmədli