15,8 Milyon dollarlıq kredit

158-milyon-dollarliq-kredit
Oxunma sayı: 771

Bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin maliyyələşdirilməsinə dair kredit sazişinin imzalanma mərasimi keçirilib. “Qafqazinfo”nun məlumatına görə, sazişi Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cosef Ouen imzalayıblar.

Mərasimdə R. Aslanlı bildirib ki, layihənin məqsədi kapital bazarlarında səmərəli tənzimləyici çərçivə və infrastrukturun təmin edilməsi, maliyyələşmə və investisiya mexanizmləri kimi səhm və korporativ borc alətlərinin istifadəsinin genişləndirilməsi vasitəsi ilə iqtisadi artımı dəstəkləməkdən ibarətdir.

C. Ouen isə qeyd edib ki, layihə əsas dörd istiqamətə yönələcək: “Birinci istiqamət ucuz kapital resurslarının əldə edilməsi, ikinci istiqamət qanunverici və normativ bazanın təkmilləşdirilməsi, üçüncü istiqamət kapital bazarlarına yeni alətlərin təklif olunması və dördüncü istiqamət isə bazarın tənzimləyici orqanının, investorların potensialının gücləndirilməsi olacaq”.

Nazirlər Kabineti Aparatının şöbə müdiri Nail Fətəliyev bildirib ki, sözügedən layihə Dünya Bankının Azərbaycanda həyata keçirdiyi sayca 52-ci layihə olacaq: “Layihə qüvvəyə mindikdən sonra sabahdan Azərbaycanın kapital bazarı yüksək templə inkişaf edəcək, yeniləşmə başlayacaq”.

Qeyd edək ki, layihənin ümumi dəyəri 15. 8 milyon dollar təşkil edir və Dünya Bankı tərəfindən ayrılacaq 12 milyon dollar məbləğində kredit, İsveçrə İqtisadi Əməkdaşlıq Katibliyi (SECO) tərəfindən ayrılacaq 1, 6 milyon dollar məbləğində qrant vəsaiti hesabına həyata keçiriləcək. Layihədə Azərbaycan Hökumətinin payı 2, 2 milyon dollardır. Dünya Bankı tərəfindən təqdim olunan kredit Beynəlxalq Yenidənqurma və İnkişaf (İBRD) vasitəsilə maliyyələşəcək. Kredit 15 illik ödəniş müddəti ilə verilib.

Nigar Məmmədli