2 Aprelin 1 yaşı oldu

2-aprelin-1-yasi-oldu
Oxunma sayı: 687


Bir il əvvəl məhz bu gün İctimai Palata ilk böyük aksiyasını reallaşdırdı. “Ərəb baharı”nın sürətlə yayıldığı dövr olduğu üçün 2 aprel aksiyasına hakimiyyət də çox ciddi hazırlaşmışdı. Həmin gün 14 nəfər həbs edildi. Onların sırasında Müsavat və AXCP üzvləri çoxluq təşkil etsə də bitərəflər və hətta YAP üzvləri də var idi.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı başda olmaqla həbs olunan həmin şəxslərə müxtəlif müddətlərə həbs cəzası verildi. 2 aprel məhbusları dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları tərəfindən vicdan məhbusu olaraq tanınıblar. Bir müddət öncə 14 nəfərdən ikisi - Elşən Həsənov və Elnur İsrəfilov prezidentin əfv fərmanı ilə azadlığa çıxsalar da, digərləri hələ də məhbəsdə saxlanılırlar.

2 aprel aksiyasını və ötən bir ili dəyərləndirən İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirdi ki, dünya və Azərbaycan üçün ötən bir ilin ən böyük özəlliklərindən biri azadlıq uğrunda, demokratiya uğrunda mübarizənin yeni mərhələsinin başlanması oldu: “Azərbaycanda da 2011-ci il martın 11-də gənclər etiraz aksiyası keçirdilər. Biz də Müsavat olaraq onlara dəstək verdik. Martın 12-də Müsavat Partiyası öz aksiyasını təyin etdi və keçirdi. Kifayət qədər güclü start verildi ümumxalq hərəkatına, etiraz aksiyalarına. Müsavatın 12 mart mitinqindən sonra İctimai Palata aprelin 2-də mitinq keçirmək qərarı verdi. 2 aprel aksiyası Azərbaycanın tarixinə düşən hadisələrdən biri idi. Çünki minlərlə İctimai Palatanın üzvü və tərəfdarı, minlərlə hətta siyasi fəaliyyətlə məşğul olmayan vətəndaş həmin gün şəhərin mərkəzindəydilər və aksiyada iştirak etmək əzmindəydilər. Bu baxımdan 2 aprel mitinqi Azərbaycanın azadlıq, demokratiya uğrunda mübarizə tarixinə yazılmış bir hadisədir. Eyni zamanda o da qeyd olunmalıdır ki, hakimiyyət xalqın fəallaşmasından, ictimai aktivliyin artmasından ciddi şəkildə qorxuya düşdüyü üçün total repressiyalara başladı. Həmin gün yüzlərlə insan saxlandı və sonra onlardan önəmli bir hissəsi qeyri-qanuni şəkildə müxtəlif cəzalara məruz qoyuldu. Nəticədə Arif bəy, Tural bəy, Sahib bəy, Elnur bəy və digər dostlarımız uzunmüddətli həbs cəzalarına məruz qoyuldular. Mən hesab edirəm ki, 2 aprel mitinqi-hadisəsi müsbət işarə ilə tariximizdə qalacaq. Çünki həmin dostlarımızın həbsi, mübarizəsi əslində vətənə, millətə, azadlığa xidmətin bir nümunəsi kimi tarixə yazılacaq”.

Bütün beynəlxalq və yerli tələblərə, xahişlərə baxmayaraq, hakimiyyətin 2 aprel məhbuslarını azad etməməsinin səbəblərinə gəlincə, İsa Qəmbər vurğuladı ki, hakimiyyət xalqın fəallaşmasından qorxur və ona görə də vicdan məhbuslarını mümkün qədər çox həbsdə saxlamağa çalışır: “Hakimiyyət bilir ki, ölkədə əhalinin tam əksəriyyəti mövcud vəziyyətdən narazıdır, xalq ciddi dəyişikliklər istəyir. Hakimiyyət düşünür ki, əgər repressiyalarla, həbslərlə, təzyiqlərlə bunun qarşısı alınmasa, repressiya mühiti olmasa, qısa müddətdə bütün xalq ayağa qalxacaq və ölkədə köklü dəyişikliklərin baş verməsi qaçılmaz olacaq. Bu baxımdan hakimiyyət prosesləri ləngitmək, cəmiyyətin gözünü qorxutmaq, xof mühitini saxlamaq və gücləndirmək məqsədilə qeyri-qanuni əməllərə əl atır, vicdan məhbuslarını azad etmir. Amma məsələ burasındadır ki, heç bir avtoritar rejim azadlıqları boğmaqla, insanlara zülm etməklə, repressiyaları çoxaltmaqla öz ömrünü uzatmağa nail olmayıb. Əksinə, bu cür hadisələr rejimin ömrünün azalmasına xidmət edir və edəcək”.

Musavat.com