2011-ci ildə ölkənin əsas sosial-iqtisadi göstəriciləri - Statistika

2011-ci-ilde-olkenin-esas-sosial-iqtisadi-gostericileri-statistika
Oxunma sayı: 793

Dövlət Statistika Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, əlavə dəyər məhsul istehsalı sahələrində 3,5 faiz azalıb, xidmət sahələrində isə 6,5 faiz artıb.

Əhalinin hər nəfərinə 5530,6 manatlıq (7003,4 ABŞ dolları) əlavə dəyər istehsal olunub.

Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,4 faiz artıb, neft sektorunda isə 9,3 faiz azalıb.

Sənaye sahəsində məhsul istehsalı 2010-cu illə müqayisədə 5,0 faiz azalıb, sənaye məhsulunun 77,9 faizi və ya 26,9 milyard manatı mədənçıxarma bölməsində, 17,0 faizi (müvafiq olaraq 5,9 milyard manatı) emal bölməsində, 4,5 faizi (1,6 milyard manatı) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi (188,5 milyon manatı) su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub. Sənaye məhsulu istehsalı neft sektorunda 8,5 faiz azalmış, qeyri-neft sektorunda isə 11,1 faiz artıb.

2011-ci il ərzində mədənçıxarma bölməsində 45,4 milyon ton neft, 25,7 milyard kub metr qaz hasil olunub.

Emal bölməsinin məhsullarından qida məhsullarının istehsalı 5,0 faiz, içki istehsalı 8,4 faiz, geyim istehsalı 56,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı 23,4 faiz, poliqrafiya məhsulu 12,8 faiz, neft məhsullarının istehsalı 0,9 faiz, kimya məhsullarının istehsalı 27,1 faiz, tikinti materialları istehsalı 4,4 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 1,9 dəfə, kompüter və digər elektron avadanlıqların istehsalı 22,8 faiz, mebel istehsalı 24,5 faiz artıb.
İl ərzində ölkənin elektrik stansiyalarında 20,1 milyard kVt-saat elektrik enerjisi istehsal olunub.

Sənaye müəssisələri tərəfindən 593 “Belarus” tipli traktor, 556 ədəd “Lifan” markalı minik avtomobili, 727 ədəd “MAZ” markalı yük avtomobili, 19,2 min ədəd televizor, 4,3 min ədəddən çox kondisioner istehsal edilib.

2011-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12,8 milyard manat vəsait yönəldilib, onun 61,2 faizi və ya 7,8 milyard manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 27,3 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait isə 17,5 faiz çox olub. Əsas kapitala yönəldilmiş vəsaitin 80,3 faizini daxili, 19,7 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil edib.
Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan yeni tikili və obyektlərin - 15 sənaye müəssisəsi, ümumi sahəsi 1,9 milyon kvadrat metr olan yaşayış evləri, 12,6 min şagird yerlik ümumtəhsil məktəbləri, 310 yerlik məktəbəqədər uşaq müəssisələri, 11 səhiyyə müəssisəsi (xəstəxana, ambulatoriya, poliklinika, diaqnostika və tibb mərkəzləri), 4 Olimpiya İdman kompleksi və digər idman obyektlərinin istifadəyə verilməsi təmin edilib.

Kənd təsərrüfatının ümumi məhsulu 2010-cu ilə nisbətən 5,8 faiz, o cümlədən bitkiçilik məhsulları 8,0 faiz, heyvandarlıq məhsulları isə 3,5 faiz artıb, cari qiymətlərlə 4525,2 milyon manatliq məhsul istehsal olunub.
2011-ci ildə ilkin mədaxil çəkisində 2458,5 min ton taxıl, 938,5 min ton kartof, 1214,8 min ton tərəvəz, 65,3 min ton pambıq, 765,8 min ton meyvə və giləmeyvə, 478,0 min ton bostan məhsulları, 137,0 min ton üzüm, 254,7 min ton şəkər çuğunduru, 3,6 min ton tütün, 534,1 ton yaşıl çay yarpağı toplanmış, kəsilmiş çəkidə 264,7 min ton ət, 1622,3 min ton süd, 1008,1 milyon ədəd yumurta və 16,2 min ton yun istehsal olunub. Kartof, çay, şəkər çuğunduru və yumurta istisna olmaqla qalan bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artıb.
2011-ci ilin sonuna 2670,5 min baş iribuynuzlu mal-qara, o cümlədən 1282,6 min baş inək və camış, 8510,1 min baş qoyun və keçi mövcud olub.

Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 203,5 milyon ton yük və 1,5 milyard nəfər sərnişin daşınıb və 2010-cu illə müqayisədə yük daşınması 3,6 faiz, sərnişin daşınması isə 7,5 faiz artıb. H.Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 34,5 milyon ton neft, o cümlədən 2,1 milyon ton tranzit Türkmənistan nefti ötürülüb.
Ölkədəki avtomobillərin sayı il ərzində 59,8 min ədəd artaraq 1042,3 min ədədə çatıb və hazırda hər 100 ailədən 42-də şəxsi minik avtomobili var.

Rabitə və informasiya texnologiyaları sahəsi qeyri-neft sahələri arasında ən sürətlə inkişaf edən sahələrdən biridir. Sahənin əməkçiləri əhaliyə, müəssisə və təşkilatlara 1 mlrd. 245 milyon manatlıq, yaxud 2010-cu illə müqayisədə 11,8 faiz çox xidmət göstəriblər. Xidmətlərin 72,7 faizi bilavasitə əhaliyə göstərilib və 15,4 faiz artıb. Hazırda əhalinin hər 100 nəfərinə 101 mobil telefonu düşür. Ölkə əhalisinin hər iki nəfərindən biri internetdən istifadə edib, internetdən istifadə tarifləri aşağı salınıb.

2011-ci ildə pərakəndə ticarət və iaşə müəssisələri üzrə əmtəə və xidmətlərin satışı 2010-cu ilin səviyyəsini 9,9 faiz üstələyərək 21,8 milyard manata bərabər olub, əmtəə dövriyyəsi 10.6 faiz, pullu xidmətlərin həcmi 7.8 faiz artıb. Pərakəndə ticarət və iaşə şəbəkələrində hər bir ölkə sakini hər ay orta hesabla 151,4 manatlıq və ya 2010-cu ildəkindən 23,8 manat çox pul vəsaiti xərcləyib.
Xidmət sektorunun sabit və dinamik inkişafı nəticəsində il ərzində hər ölkə sakini hər ay orta hesabla 49,1 manatlıq və ya əvvəlki illə müqayisədə 5,0 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

2011-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 150-yə yaxın ölkəsində tərəfdaşları ilə ticarət əməliyyatları aparıb. Xarici ticarət dövriyyəsinin həcmi 33,2 milyard ABŞ dolları təşkil edib, ixracın idxalı 2,9 dəfə üstələməsi nəticəsində 16,1 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. 2010-cu illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9,2 faiz, o cümlədən idxal 46,4 faiz artıb, ixrac isə 3,8 faiz azalıb.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri 2011-ci ildə 7,9 faiz bahalaşıb.

Əhalinin banklardakı əmanətlərinin həcmi il ərzində 33,5 faiz artaraq 2011-ci ilin sonuna 3,8 milyard manat təşkil edib.
Maliyyə-kredit təşkilatları tərəfindən dekabr ayının sonuna kimi verilmiş kreditlərin məbləği 9,9 milyard manata çatmaqla 2010-cu ilin müvafiq dövrünə nisbətən 18,8 faiz artıb.
Əhalinin gəlirləri 19,6 faiz artaraq 30,6 milyard manata, hər nəfərə düşən məbləği isə 18,1 faiz çoxalaraq 3383,8 manata çatıb.

Muzdla işləyənlərin orta aylıq əmək haqqı ilbəil artır. Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də iqtisadi və sosial sahələrdə çalışanların əmək haqları davamlı olaraq artıb. Yanvar-noyabr aylarında orta aylıq əmək haqqı 8,3 faiz artaraq 356,6 manat olub.

Ölkə əhalisinin sosial vəziyyətinin getdikcə yaxşılaşması yoxsulluğun azaldılmasına öz təsirini göstərib və ilkin məlumatlara görə bir il ərzində yoxsulluq səviyyəsi 1,5 faiz bəndi azalaraq 7,6 faizə enib. Qeyd edək ki, yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7 faiz, 2004-cü ildə 40,2 faiz, 2005-ci ildə 29,3 faiz, 2006-cı ildə 20,8 faiz, 2007-ci ildə 15,8 faiz, 2008-ci ildə 13,2 faiz, 2009-cu ildə 10,9 faiz, 2010-cu ildə isə 9,1 faiz təşkil edib. Beləliklə, son səkkiz ildə yoxsul əhalinin sayı 5,2 dəfə azalıb.
2011-ci ildə ölkədə 94 minə yaxın yeni iş yerləri açılıb, onlardan 72,7 mini daimi iş yeri olub. Bu və digər amillər işsizlik səviyyəsinin 0,5 faiz bəndi qədər azalaraq 5,4 faizə enməsinə təsir göstərib.


Nigar Məmmədli