21 Azər hərəkatı və Güney Azərbaycan

21-azer-herekati-ve-guney-azerbaycan
Oxunma sayı: 8530

12 dekabr tarixinin xalqımız üçün tarixi və ideoliji əhəmiyyəti böyükdür. Bu gün Güney Azərbaycan Milli Hökumətinin təşkil edilməsi və elə bir ildən sonra həmin gün süquta uğramasıdır.
İkinci dünya müharibəsinin başlaması qan-qada ilə bərabər, bir sıra xalqların azadlıq arzusunu gerçəkləşdirməsinə gətirib çıxardı. Belə ki, Böyük Britaniya ilə yanaşı, Sovetlər Birliyi hərbi hissələri İran ərazisinə daxil oldu. Bu isə Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasını şərtləndirirdi. Demokratik proses ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə başladı. Qısa zamanda Pişəvərinin başçılıq etdiyi xalq fədailəri Güney Azərbaycanın bütün yaşayış məntələlərini azad etdilər.

12 dekabr 1945-ci ildə, Təbriz şəhərində böyük çətinlik və xalqın əzmi ilə Azərbaycan Milli Hökuməti quruldu. Daha cox “21 Azər” Hərəkatı kimi tarixə düşən bu günün əhəmiyyəti çox böyükdür. Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan bu hökumət İran şahının 25 ildə görmədiklərini bir ildə Güney Azərbaycan üçün etdi.
Güney Azərbaycanda ötən əsrdə 21 Azər inqilabına qədər Xiyabaninin, Səttar xanın rəhbərlik etdiyi böyük xalq hərəkatları olub. Hər üç hərakatın sonu qan ilə nəticələnib, yəni soydaşlarımızın haqqları xain və 3-cü tərəfin müdaxiləsi ilə əllərindən alınb. Ümumiyyətlə, 21 Azər hərəkatının tarixi missiyasi təkcə Azərbaycan üçün yox, eləcə də Şərq aləmi üçün örnək ola biləcək hadisədir. Bu 21 Azər ona görə adlanır ki, İran təqvimi ilə bu hərəkat 21 Azər ayında, 12 dekabrda baş verib.

Milli Hökümət xalqın dəstəy ilə mühüm işlər görüb. Belə ki, 19 yanvar 1946 Azərbaycan İncəsənət və Rəssamlıq Məktəbinin, 23 mart 1946-ci ildə Dövlət Teatrının , 4 iyul 1946-ci ildə Azərbaycan Radioverilişləri Agentliyinin, 6 iyun 1946-ci ildə Təbriz Dövlət Universitetinin, eləcə də xeyli sayda orta ümimtəhsil məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlərlə Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Milli Hökümət reallaşdırdı.

1946-cı il sentyabr ayından – yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə dərslər ana dilində – Azərbaycan türkcəsində aparılmalı idi və bu işin uğurlu şəkildə həyata keçirilməsi Milli hökümətin mədəni islahatları içərisində önəmli yerlərdən birini tuturdu.

21 Azər hərakatı İran Pəhləvi şah rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq və Azərbaycan milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı. Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi hətta 1945-ci ilin noyabrından qabaq başlamışdı. Lakin öz rəsmi xarakterini 1946-cı ilin yanvarın 6-da “Dil haqqında Milli Hökümətin Qərarı” ilə aldı. Bu sənəd elan etdi ki, “bu gündən etibarən Azərbaycanda rəsmi dil türk dilidir”. Bu vaxtadək türk dili artıq bir çox məktəblərdə tədris olunurdu və ana dili dərsliklərin sürətli nəşrinə başlanılmışdı. Qərarın qəbul edilməsi isə bu prosesin tez bir zamanda uğurlu nəticələr verməsinə səbəb oldu.

Güney Azərbaycan Milli Höküməti dövründə aparılan mədəni islahatların mühüm bir qanadını ana dilli mətbu orqanların nəşr edilməsi idi. 1945-1946-cı illərdə Güney Azərbaycanda müxtəlif mətbuat orqanları – “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuş, bu mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı təcəssümünü tapmışdı.

Milli Hökümət sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər vardı.

1950-ci ildə Güney Azərbaycana səfər edən amerikalı hüquqşünas Uilyam Duqlas yerli camaatın Milli Hökümətin və onun rəhbəri Seyid Cəfər Pişəvərinin xidmətləri kimi xatırlatdığı dəyişiklik və islahatların siyahısını tərtib etmişdi.

1. Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;
2. Hökümət iri bankları milliləşdirdi;
3. Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;
4. Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı;
5. Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;
6. Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;
7. Güney Azərbaycan Milli Ordusu yaradıldı.
Azərbaycan Milli Hökümətinin fəaliyyət göstərdiyi bir il ərzində həyata keçirmiş olduğu ən mühüm islahatları əsas etibarilə üç kateqoriyaya bölmək mümkündür.
1) Siyasi islahatlar;
2) Mədəni islahatlar;
3) Sosial-iqtisadi islahatlar.

Güney Azərbaycan Milli Hökuməti bizə Azərbaycan Xalq Cümhuriyyəti qədər əzizdir. AXC necə süquta uğradıldısa, AMH də eləcə süquta uğradıldı. ABŞ və Böyük Britaniyanın İran şahına dəstəyi və SSRİ-nin Pişəvərini aldatması ilə Milli Hökumət 12 dekabr 1946-cı ildə beşikdəcə boğuldu.

Güney Azərbaycan işğalının ardından minlərcə Azərbaycan türkü qətl edildi və sürgünə göndərildi.

Milli Hökumət devrildikdən sonra Azərbaycan inqilabçılarının bir hissəsi Sovet Azərbaycanına gəlib. Onlar Azərbaycanın 34 rayon və şəhərində yerləşdirilib. İrandan gələn mühacirlərin yerləşdirilməsi ilə məşğul olan Pişəvəri 1947-ci il iyulun 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında müəmmalı şəkildə maşın qəzasına düşür və xəstəxanada da müəammalı şəkildə vəfat edir. Silahdaşları Pişəvərinin Stalinin başçılıq etdiyi kommunist rejimi tərəfindən xəstəxanada zəhərli iynə vurularaq öldürüldüyünü deyir. Çünki avtomobil qəzasə zamanı o yüngül xəsarət alıbmış və özünü normal hiss edirmiş.

Seyid Cəfər Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır.
Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunur, maarif naziri Məhəmməd Biriya sovet siyasi-ejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılır. Milli Hökümətin digər qurucları da həbs və sürgünlərə göndərilir, ağır mühacirət həyatı yaşamağa məcbur olurlar.

Bu gün Güney Azərbaycandakı soydaşlarımız öz haqları, hüquqları uğrunda yenə ayaqdadırlar.

Qeyd: Yazının hazırlanmasında Güney Azərbaycan Milli Hökuməti ilə bağlı internet materiallarından istifadə edilib.

samirasadli.wordpress.com
Samir Əsədli