300 milyon manat hara getdi? – İctimai Palata

300-milyon-manat-hara-getdi-ictimai-palata
Oxunma sayı: 693

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda bildirilir ki, Kür daşqınlarından 2 ilə yaxın vaxt keçir, lakin fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində dövlət büdcəsindən 300 milyon manatdan artıq vəsait ayrılmasına baxmayaraq, təyinatı üzrə şəffaf, səmərəli xərclənməyib.

Qeyri-hökumət təşkilatları və jurnalistlərin apardığı araşdırmalara görə, daşqın bölgəsində yeni evlərin tikintisində, kompensasiyaların verilməsində ayrı-seçkilik və korrupsiya hallarına yol verilib: “Ayrılan vəsaitin xərclənməsi ilə bağlı indiyə qədər aidiyyəti qurumlar və hökumət tərəfindən hər hansı hesabat ictimaiyyətə təqdim olunmayıb. Bu istiqamətdə ardıcıl fəaliyyət göstərən, Kür daşqınları ilə bağlı görülən işlərin və mövcud problemlərin monitorinqini aparan bir sıra QHT-lərin və media qurumlarının cəmləşdiyi ”Kür" Vətəndaş Cəmiyyəti Qərargahının fəaliyyətinə hakimiyyət orqanları tərəfindən maneçilik törədilir".

İP bəyan edib ki, Kür-Araz daşqınlarının təsirinə məruz qalmış bir sıra rayonlarda son zamanlar insanların müəyyən qədər fəallaşıb öz haqlarını tələb etməsindən narahat olan hakimiyyət insanlarda xof və qorxu yaratmağa çalışır. Həmin bölgələrdə hakimiyyət polis rejimi yaradaraq insanları qorxu içində saxlamaq istəyir: “Amma mövcud iqtidar başa düşməlidir ki, qorxu və xof altında insanları uzun müddət saxlamaq mümkün deyil və bunun acı nəticələri yaxın ərəb ölkələrində öz bariz və nümunəvi nəticəsini göstərib”.
İctimai Palata Sabirabad və Saatlıda insanların sərbəst toplaşmaq hüquqlarının məhdudlaşdırılmasından, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı üzvlərinin daşqınların təsirinə məruz qalan sakinlərlə görüş-müzakirələrin keçirilməsinə imkan verilməməsindən, eyni zamanda ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın və səmərəliliyin təmin olunmamasından dərin narahatlığını bildirib. Aidiyyəti qurumlardan təxirəsalınmaz tədbirlər görməyi tələb edib.