3G niyə bu qədər qorxuludur? – Araşdırma

3g-niye-bu-qeder-qorxuludur-arasdirma-
Oxunma sayı: 706


Azərbaycanda 2009-cu ildən 3G texnologiyasının tətbiqinə başlansa da, sadə vətəndaşlar bu texnologiya barədə demək olar ki, yetərli məlumata malik deyil. Ölkədə üçüncü nəsil şəbəkəsinin üç mobil operatordan birinə - Azerfona məxsus olduğunu nəzərə alsaq, deməli bu xidmətdən istifadənin Azerfon abunəçisi olan 1 600 000-dən çox insana nəsib olduğunu söyləmək olar.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin son açıqlamasında isə ölkədə mobil rabitə abunəçilərinin sayının 10 milyonu keçdiyi bildirilir.
Bu rəqəmlər bir daha sübut edir ki, Azərbaycanda 3G-nin nə olduğu mobil rabitə istifadəçilərinin təxminən 16%-nə məlumdur. Təbii ki, əgər 16%-in hamısı bu xidmətdən yararlana bilirsə?

3G nədir?

Bəzi insanlar 3G-nin yalnız görüntülü zəng olduğunu başa düşürlər. Amma əslində, bu insanların kompüter asılılığının telefonlar üzərinə keçməsi deməkdir. Məsələn: 3G-dəki G (generation) hərfinin ingilis dilindən dilimizə anlamı da “nəsil” deməkdir. Bu sistem yalnız sürətli internet şəraitində işlədiyindən internet sürətinin dəfələrlə artırılmasını və yaxşılaşdırılmasını tələb edir. 3G sistemlərində sürətlər artıq megabitlərlə ifadə edilir. Sürətdəki bu artım xüsusilə internetə daxilolmanı asanlaşdırır. Bu sistem mobil internet sürətinin azı 70 qat artması deməkdir. Bu isə həm də mobil telefondan modem kimi istifadə edilməsi imkanını əldə edilməsi deməkdir.
Bu yenilik cib telefonundan televiziyaya baxmaq imkanı yaratmaqla yanaşı səhiyyə xidmətlərində də inqilab sayıla biləcək yeniliklər gətirə bilər. Səhiyyə xidmətləri ən ucqar kəndlərə qədər gedib çata bilər. Bu texnologiyanın dəstəyi ilə birlikdə həkim xəstənin cib telefonundan onu rentgen edə, qeydə alınmış görüntüləri birbaşa təhlil edərək nəticələr haqqında o andaca xəstəyə məlumat verə bilər.

Bu texnologiya ilə hadisə yerindən canlı yayım aparmaq da mümkündür. 3G istifadəçiləri nağd pul olmadan alış-veriş edə, kommunal xərcləri ödəyə bilər. Cib telefonundan evə gəlmədən öncə yemək qızdırmaq üçün sobanı yandıra, kondisioneri işlədə bilərsiniz. Evinizə çatdıqda qarajın qapısını telefonla aça və bunun kimi digər komandaları həyata keçirmək olar. Bütün bunlar üçün ya sizin mobil telefonunuz 3G sistemini dəstəkləməli, ya da bu sistemi dəstəkləyən smartfon tipli “ağıllı” cib telefonuna malik olmalısınız. 3G media mənsublarının da işini asanlaşdırmağa qadirdir.

3G həm də iş dünyası üçün yeni bir nəfəslik deməkdir. Belə ki, firmaların və iş adamlarının işgüzar görüşlərini həyata keçirə bilməsi üçün eyni otaqda olmalarına lüzum qalmayacaq. 3G ilə tele-video konfransların yerini mobil-konfranslar da əvəzləyə biləcəkdir. Yəni, bir çox səfərlərə də ehtiyac olmayacaq. Mobil rabitə asanlaşacaq. İnternet xidmətlərinin mobil internetə yönəlməsi ilə birlikdə reklam tipli xidmətlər kimi yeni iş modelləri gündəmə gələcək. Mobil mühit getdikcə daha cəzbedici bir alış-veriş mühitinə çevriləcək. “Portmone” daşımadan hər cür alış-veriş aparmaq imkanları mövcud olacaq. Bu kimi, kommunal xərclərin ödənməsi və bənzəri bir çox bank əməliyyatlarını da cib telefonundan bir başa həyata keçirmək mümkün olacaq. Mobil ofis anlayışı meydana gələcək və genişlənəcək. Ofisdəki bütün sənədlərə yüksək sürətlə cib telefonundan diqqət yetirmək, lazım olan işləri görmək mümkün olacaq. Cibinizdən tıxaclar, marşrutlar və digər məlumatları da ala bilərik.

Ekspertlər nə deyir?

Milli İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən hər 3 mobil rabitə operatoru bu xidməti təklif etsə istifadəçilər daha sürətli internetlə təmin edilərlər: “Əgər ”Azercell" və “Bakcell” şirkətləri düzgün marketinq qursa, düzgün qiymətləri ucuz təklif etsə, qısa zamanda bu məşhurlaşacaq. Ancaq bu sahədə qiymətlər bahadır. Xidmətin keyfiyyətində problemlər var. “Azercell” və “Bakcell” bu xidməti göstərməyə başlasalar, Azərbaycanın mobil xidmətlər internet bazarında rəqabət mühiti yaranacaq. İndi mobil internetdən söhbət gedir. Maşında olarkən insanlar daha çevik internet almaq istəyir. 3G xidməti də buna xidmət edir".

O. Gündüz deyir ki, hər 3 mobil rabitə operatoru bu xidmətləri göstərəndən sonra, istifadəçilər sürətli internetlə təmin olunmaqla yanaşı, həm də mobil xidmətlər bazarında ucuzlaşma baş verəcək. Mobil internetin qiyməti aşağı düşdükcə isə xidmətdən geniş istifadə edənlərin sayı artacaq. 3G sisteminin üstün cəhətlərindən biri də odur ki, bu sistemlə internetə daxil olma sürəti bir neçə dəfə yüksələcək ki, nəticədə 3-4 mb-lıq bir informasiyanı 15-20 saniyəyə mobil telefona və ya kompüterə yükləmək mümkün olacaq. 3G sistemi telefonda görüntülü danışığa şərait yaratmaqla yanaşı, həm də mobil telefonda televiziyaya baxmaq imkanı yaradacaq.

İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, bazarda 3G xidməti göstərən şirkətlərin sayının artması mobil xidmətlər bazarında hiss olunacaq ucuzlaşma ilə müşayiət olunacaq və inhisarçılığın qarşısı alınacaq: “Bu xidmət şirkətlərə imkan verir ki, öz xidmətlərini genişləndirsinlər və əhaliyə daha keyfiyyətli xidmət göstərsinlər. Bu sahədə Avropa və Amerikada kifayət qədər inkişaf olsa da, Azərbaycanda, MDB-nin özündə hələ də müəyyən axsamalar var. Rusiya da bu sahədə bizdən bir addım irəlidədir. Mobil operator üçün 3G-nin əsas üstünlüyü ondan ibarətdir ki, əlavə gəlir əldə etmək imkanı qazanır, alıcı üçünsə birbaşa təmas yaradır”.
İqtisadçı onu da deyib ki, Azərbaycanda 3G-nin uğur qazanması birdən-birə mümkün olmayacaq. Bunun üçün ən azı bir neçə il vaxt lazımdır.

Dünyada 3G

Artıq dünyada üçüncü nəsil texnologiyası olan ölkələrin sayı 120-ni, bu xidməti tətbiq edən operatorların sayı isə 300-ü keçib. Hətta Anqola, Özbəkistan, Ermənistan, Nigeriya, Nikaraqua, Suriya kimi ölkələr də 3G-yə keçənlər sırasındadırlar.
3G xidməti dünyada ilk dəfə Yapon operatoru olan NTT DoCoMO tərəfindən qurulub. 1998-ci ildə Yaponiyada başlayan 3G 2003-cü ildən sonra Avropada yayılıb.
Artıq bir necə ildir qonşu Türkiyədə də 3G texnologiyası istifadəyə verilib. Sistem tam istismara verilərkən 35-45 dəqiqə ərzində nasazlıqlar yaşansa da, tez bir zamanda onlar da GSM operatorları tərəfindən aradan qaldırılıb. Ən xoşa gələn isə 3 türk GSM operatorunun bu məsələdə birləşərək birlikdə addım atmaları oldu. Bununla da onlar ağır yükün altından uğurla çıxıblar. Amma ən qəribəsi isə bu olub ki, 70 milyonluq Türkiyədə, işgüzar mühitin azad olduğu qonşu və qardaş ölkədə 3 rabitə nəhəngi bunun altından zorla çıxarkən 9 milyonluq Azərbaycanda bunu tək şirkət həyata keçirməyi düşünür. Türkcell, Vodafone ve Avea kimi şirkətlər milyonlarla abonentlə bunu 3-lükdə güclə bacardıqları halda, bizdə hər hansı şirkətin bunu ancaq tək həyata keçirmək istəyi əlbəttə ki, bir qədər təəccüb doğurur.
Onu da deyək ki, Azərbaycanda 3G texnologiyasının tətbiqi üçün lisenziyanın dəyəri 11 min dollar olsa da, başqa ölkələrdə həmin lisenziyaların qiyməti bizdəkindən 100-200 dəfə bahadır.

Dünya 4G-yə keçir...

Azərbaycanda 3G texnologiyası ilə bağlı söz-söhbətin ardı-arası kəsilməmiş, “TeliaSonera” şirkəti dünyada ilk dəfə olaraq 4G mobil rabitə xidmətlərini abonentlərin istifadəsinə verib. İlk olaraq Stokholm və Oslodakı abonentlər bu xidmətdən yararlana biliblər.
Qeyd edək ki, 4G ən sürətli mobil rabitə texnologiyası olmaqla hazırda sürətli hesab olunan 3G texnologiyasından on dəfəyə qədər daha sürətlidir. Bu yeni texnologiyanın əlavə imkanları abonentlərin yüksək sürətli və iri həcmli məlumat ötürülməsini tələb edən veb-konfrans, onlayn oyunlar və ya veb-TV kimi internet üzərindən göstərilən xidmətlərdən faydalanmasını asanlaşdıracaq.
Azərbaycan vətəndaşı özünün rabitə imkanlarının inkişafında maraqlıdır. Lakin narahatlıq doğuran fundamental siyasi və ictimai əsaslar kimi, iqtisadi azadlıqların, iqtisadi hüquqların da pozulmasıdır.

Nigar Məmmədli