“6 ildən sonra, sadəcə, qeydiyyatdan keçmişik”

6-ilden-sonra-sadece-qeydiyyatdan-kecmisik
Oxunma sayı: 693

Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası (AMDHP) Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Qeyd edək ki, AMDHP-nin qeydiyyata alınması ilə Azərbaycanda dövlət qeydiyyatından keçmiş partiyaların sayı 54-ə çatıb. Qeydiyyatın verdiyi üstünlükləri nəzərə alaraq partiyanın rəhbəri, millət vəkili Fərəc Quliyevdən də öncə bundan sonrakı fəaliyyət planları barədə soruşduq. O bildirdi ki, qeydiyyat yalnız hüquqi baxımdan bir qədər əl-qollarını "açacaq".

“Təşkilatın fəaliyyətində isə ciddi dəyişiklər gözlənilən deyil. Təşkilatımız yaranandan fəaliyyətimiz heç bir zaman dayanmayıb. Heç bir zaman gözləməmişik ki, nə zaman qeydiyyatdan keçəcəyik o zaman da fəaliyyət göstərək. Bizim indiyə qədər də çox ciddi şəkildə siyasi fəaliyyətimiz olub. Təşkilatımızın departamentləri - Güney Azərbaycan, Qarabağ, Bakı və ətraf kəndlər, Qərbi Azərbaycan, Borçalı, Dərbənd departamentləri daim fəaliyyətdə olub. Heç bir təşkilatlarda bu cür institutlaşma yoxdur. Biz Azərbaycanın bütün problemlərinə adekvat, institutlaşmış bir davranış ortaya qoymuşuq. "Davam" qəzeti buraxırıq. Onun içində əlavə qəzet projesi var- "Təbriz". Hansı ki, bunu bizdən başqa heç kim etmir. Qeydiyyat məsələsindən sonra hüquqi cəhətdən bəzi məsələləri əldə etmək imkanlarımız artdı. Rəsmi dövlət qeydiyyatı bizə imkan verəcək ki, qarşıdan gələn illərdə keçiriləcək prezident, parlament və bələdiyyə seçkilərində partiya olaraq iştirak edə bilək. Bundan əlavə, dairə seçki komissiyalarında və məntəqə seçki komissiyalarında nümayəndələrimizin olmasını təmin edə biləcəyik.

Yəni, indiyə kimi bizim fəaliyyətimiz ortada idi. Heç kimin fəaliyyətindən zəif olmayıb. Hesab edirəm ki, qeydiyyatdan keçməyimiz hüquqi cəhətdən bəzi məsələlərdə əl-qolumuzu açacaq. Başqa məsələlər öz yerində qalır".

Qeyd edək ki, Fərəc Quliyev millət vəkili seçildikdən sonra təşkilatının da qeydiyyatdan keçməsi birmınalı qarşılanmır. Hətta bəzi mətbu orqanları bunu hakimiyyətin AMDHP-yə növbəti dəfə yaşıl işıq yandırması kimi qələmə verirlər. Belə yanaşmanı qısqanclıq kimi dəyərləndirən F. Quliyev isə fikir müəlliflərinə narahat olmamağı tövsiyə edir. "Mən parlament seçkilərində qalib gələndən sonra həmin düşərgə yenə eyni qısqanclıqla məsələyə yanaşmışdı. Onda mən belə bir sual qoymuşdum ki, axı mən məhbəsə gedəndə siz parlamentə getdiniz? Necə olur ki, eyni düşərgədə çalışırdıq birimizi məhbəsə göndərdilər, birimizi parlamentə? O zaman seçim dönəmi idi: ya hamımız məhbəsə getməliydik, ya da parlamentə. Lakin bölgüdə məsələ fərqli oldu. İkinci bir tərəfdən, iki çağırışdı parlamentdə iştirak edib, üçüncü dəfə parlamentə getmək olmaz deyənlərdən bir daha soruşduq ki, biz öz tanınan haqqımızı istifadə etməkdə niyə tərəddüd etməliyik. Axı, siz vaxtilə ora gedib çox ciddi imtiyazlardan istifadə etmisiniz. Bu dönəmdə guya inqilab edən bu adamlar şərt qoyurdular ki, üç-dörd yerə yenidən seçkilər keçirilsin və biz parlamenti tanıyaq. Belə çıxır ki, parlament orda bir neçə nəfər olanda legitim olur, olmayanda qeyri-legitim sayılır. Bu legitimlik məsələsinə anormal bir yanaşmaları vardı ki, İctimai Palatanı onlar bir parlament kimi təqdim edirdilər, amma xalqın seçdiyi parlamenti tanımırdılar. Bu, anormal bir məsələdir. İP orda təmsil olunan fərdlərin etimad etdiyi bir yer olub. Onlar da 200-300 nəfərin adından danışa bilərlər, lap belə 1000 nəfərin adından. Xalqın adından prezident və parlamentin üzvləri danışa bilər. Onların anormal davranışları hər zaman ortada olub və bunlara əhəmiyyət verməmişəm. Amma yenə məntiqi sual çıxır: Əgər partiyanın qeydiyyatdan keçməsi yaşıl işıq yandırmaq, hökumətin köməkliyi idisə, onda adama deyərlər ki, biz, sadəcə, qurultayı keçirəndən altı il sonra qeydiyyatdan keçirik, bunu qəribə qarşılayırsınız, amma sizin özünüz qeydiyyatdan keçmisiniz. Üstəlik də sizə hakimiyyət tərəfindən qərərgah üçün binalar verilib. Bəs bu nə deməkdir? Bizim nə hakimiyyət tərəfindən verilən binamız var, nə başqa bir şey. Sadəcə olaraq altı ildən sonra haqqımız çatmış qeydiyyatdan keçmişik. Qeydiyyat məsələsi belədir ki, indi Azərbaycanda icmalar da, hətta sektalar da, QHT-lər də, siyasi partiyalar da qeydiyyatdan keçirlər. Yəni, bu, normal bir məsələdir. Məsələn, Asim Mollazadənin rəhbərlik etdiyi Demokratik İslahatlar Partiyası, Klassik Xalq Cəbhəsi bizdən sonra yaranıblar, amma bizdən tez qeydiyyatdan keçiblər. AXCP-nin özü də təşkilatı dağıdandan sonra da yeni bir format yaradıb, qeydiyyatdan keçiblər".

Millət vəkili hesab edir ki, qeydiyyat məsələsini bu cür hallandırmaqda bir məqsəd var. "Onlar bilirlər ki, yalançı bir imitasiya ilə müxalifətdə olublar. Elçibəy məktəbinin, məxsusən milliyətçi kəsimin elektoratını mənimsəməklə məşğul olublar. Bunlara qarşı cəmiyyətdə ciddi bir anti-patiya yaranıb. Tərəfdarlarını itiriblər. Fikirləşirlər ki, milliyyətçi partiya qeydiyyatdan keçəndən sonra Elçibəy məktəbinin yetirmələri, milliyətçi kəsim burda toplaşacaqlar. Bizim son fəaliyyətimizdən də xəbərləri var. Bunların narahatçılıqları bizim Türkiyəyə səfərimizdən və orda keçirdiyimiz görüşlərdən sonra həddən artıq artdı. Parlamentin bütün plenar iclaslarında ən aktual məsələləri qaldırmağım, Azərbaycan cəmiyyətində fəallaşmağımız bunları narahat etdi. Hesab edirlər ki, nəhəng bir təşkilatın hüquqi cəhətdən də əl-qolunun açılması bunların arenasını daraldacaq. Amma bunlar başa düşməlidirlər ki, onların gölməçələrində fırtına yaratmaqda maraqlı deyiləm. Bizim üçün Azərbaycanın problemləri və onlarla mübarizə aparmaq var. Onlar nahaq yerə narahat olurlar, biz onların səviyyəsinə enmək fikrində deyilik".