8 aprel mitinqinin nəticələri açıqlandı

8-aprel-mitinqinin-neticeleri-aciqlandi
Oxunma sayı: 657

“Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, 08 aprel 2012-ci ildə Bakı şəhərindəki mitinq İctimai Palata yarandıqdan sonra hakimiyyət orqanları ilə razılaşdırılmış şəkildə keçirilən ilk kütləvi aksiya oldu: “Məlumdur ki, Azərbaycan hakimiyyəti uzun müddətdir ki, qanunsuz olaraq və mütəmadi şəkildə Bakı şəhərində və ölkənin digər yerlərində vətəndaşların sərbəst toplaşmaq azadlığını kobud şəkildə məhdudlaşdırır və əsassız olaraq Bakı şəhərində və digər yaşayış məntəqələrində mitinq və yürüşlərin keçirilməsinə imkan vermir. Keçən il İP-nın Bakıda keçirilmiş mitinq və yürüşləri zamanı yüzlərlə şəxs saxlanılmış və həbs olunmuşdu. Onlardan nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınmış 14 nəfər hələ də həbsdə qalmaqdadır.

İP-nın 8 aprel mitinqi barədə müraciətində aksiyanın “Təbriz” kinoteatrı və ya “Nərimanov” kinoteatrı qarşısındakı meydanların birində keçirilməsi barədə xəbərdarlıq etmişdi. Lakin tamamilə əsassız olaraq BŞİH həmin ünvanlarda guya intensiv nəqliyyat hərəkətinin olduğunu iddia edərək mitinqin keçirilməsinə qadağa qoydu və 20 sahədə olan bir meydanı təklif etdi.

Bundan sonra İP Koordinasiya Şurası bu qadağanın sərbəst toplaşma azadlığını növbəti dəfə pozduğunu və təklif olunan yerin insanların toplanması üçün olduqca əlverişsiz olduğunu qeyd etsə də bu dəfə həmin yerdə aksiyanın keçirilməsinə razılıq verdi.

Lakin İP öz aksiyasını hakimiyyət orqanının təklif etdiyi ünvanda keçirməyə qərar verdikdən sonra da iqtidarın ənənəvi siyasətinin davamı olaraq qanunsuz sıxışdırma, inzibati və psixoloji təzyiqlər və repressiya tədbirləri geniş miqyasda tətbiq etdirilmişdir. Mitinq gününə iki gün qalmış bütün ölkə boyu müxalifət fəallarına qarşı təzyiqlər başlamışdır. Ümumilikdə 300-ə qədər adam polis şöbələrinə çağırılaraq hədələnmişdir. Mitinq barədə bildiriş vərəqələri yayan onlarla fəal saxlanılmış onlardan 7 nəfəri inzibati qaydada həbs edilmiş, bir nəfər cərimə edilmişdir. Respublikanın Bakıdan kənar yerlərdə avtobus və taksi sürücüləri Bakıya mitinqə gedənləri aparacağı halda cəzalandırılacaqları ilə hədələnmiş. Mitinq günü onlarla avtobus sərnişinlər düşürdülərək polis cərimə meydanlarına aparılmışdır. Mitinq günü gündüz saat 3- dən başlayaraq, mitinqin keçirildiyi 20-ci sahə istiqamətində işləyən avtobuslar marşrutdan çıxarılmış, istiqamətləri dəyişdirilərək digər istiqamətlərə yönləndirilmişdir. Metronun “28 may” və “Sahil” stansiyalarında və Azneft meydanında mülki geyimli şəxslər tərəfindən mitinqə getməsi ehtimal olunan şəxslərə psixoloji, 20-ci sahə həndəvərindəki ərazilərdə isə həm də fiziki təzyiqlər edilmişdir.

Bütün bu çirkin və qanunsuz maneələrə və 20-ci sahədəki ünvanın toplanış üçün olduqca əlverişsiz şərtlərinə baxmayaraq , 8 apreldə mitinqə 10 mindən çox adam toplanmışdır. Qeyd etmək lazımdır ki, İP -nın müraciətində də aksiyada 10 minə qədər şəxsin iştirakı edəcəyi göstərilmişdi. Hakimiyyət orqanlarının təzyiqi və yaratdığı maneələrə rəğmən aksiyaya bu qədər adamın toplanması, mitinqin yüksək mütəşəkkillik və coşqu ilə keçməsini qeyd edərək İP Koordinasiya Şurası hesab edir ki, 8 aprel aksiyası baş tutmuşdur və nəzərdə tutulan məqsədlərə nail olunmuşdur.

8 aprel mitinqi İP üzvləri və tərəfdaşlarının əksəriyyəti tərəfindən müsbət dəyərləndirilmiş, demokratik düşərgədə rəğbətlə qarşılanmışdır. Aksiyadan keçən müddət ərzində aparılmış rəy öyrənilməsi nəticələri göstərir ki, mitinq siyasi müxalifətin və Azərbaycan cəmiyyətinin demokratik müqavimət potensialının toparlanması və hərəkətə gəlməsi üçün ciddi stimul olmuşdur. Mitinqdə İctimai Palata üzvləri ilə yanaşı siyasi müxalifətin, vətəndaş cəmiyyəti təşkilatlarının, görkəmli ziyalıların, inanclı çevrənin, müstəqil gənclik hərəkatı nümayəndələrinin geniş şəkildə təmsil olunması 8 aprel mitinqini demokratiya uğrunda kütləvi xalq hərəkatının mühüm, mərhələ xarakterli hadisəsi kimi dəyərləndirilməsinə tam əsas verir.

8 aprel mitinqini İctimai Palatanın və bütün demokratik qüvvələrin uğuru kimi dəyərləndirən İP Koordinasiya Şurası kütləvi aksiyaların keçirilməsində hazırda qəbul olunmuş taktikanın davam etdirilməsini məqsədəuyğun sayır. Eyni zamanda bəyan edilir ki, hakimiyyətin “mitinq üçün 20 sahə” taktikası Azərbaycanda sərbəst toplanmaq azadlığı problemini nəinki həll etməyib, əksinə daha da kəskinləşdirmişdir. Hakimiyyət bu yanaşmasında inadını davam etdirəcəksə İctimai Palata da kütləvi aksiyalar siyasətində dəyişiklik etmək hüququnu özündə saxladığını bəyan edir”.