“93 - Tanrıların qürubu” - Romandan parça

93-tanrilarin-qurubu-romandan-parca-
Oxunma sayı: 1894

- İnana bilmirəm, Namizəd. İnana bilmirəm ki, aradan keçən 4-5 il ərzində mən Azərbaycanda tamamilə unudulub, adi bir xatirəyə, əfsanəyə çevrilmişəm. Halbuki, mən az qala sizin ölkənin vətəndaşı olacaqdım! Başa düşürsən? Mən indinin özündə də Bakıda olduğumu düşünürəm.

Pol mətbəxdə qəhvə hazırlaya-hazırlaya danışırdı. Mən isə artıq qonaq otağındakı masanın üstünü silib diktofonumu hazırlamış, kresloda öz yerimi rahatlamışdım.

- Pol, sizin əfsanəyə çevrilməyinizin səbəbi Londona qayıtmağınız deyil, - səsimi yüksəltdim. -Azərbaycanda da yaşasaydınız, bizim üçün maraq kəsb edəcəkdiniz. Yeganə əcnəbisiniz ki, dilimizi mükəmməl öyrənmisiniz, «Xalq» qəzeti kimi nüfuzlu bir qəzetdə müxbir olmusunuz və nəhayət, Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmisiniz!

Pol əlində iki fincanla otağa daxil oldu. Başını bulayıb, üzünə gülümsər ifadə qatdı:
- İlahi, sən bir işə bax! Burda qeyri-adi nə var axı? Mən sizin cəmiyyətə inteqrasiya olmaq istəyirdim və bunu elədim. İnsan yaşadığı, könül verdiyi ölkənin qəzetində işləyə, iqtidar partiyasına üzv qəbul oluna bilməz? Etiraf edirəm ki, bu gün Azərbaycana gəldiyim ilk illərdə qələmə aldığım gündəliklərimi vərəqləyəndə özümdən utanıram. Mən nə qədər bəsit, maraqsız bir insan imişəm! Lakin illər keçdikcə, ölkənizdə yaşadıqca, sizin xalqın ruhunu, fəlsəfəsini duymağa başladım, həqiqəti dərk etdim. Beləliklə də, «Xalq» qəzetində artıq fərqli şeylər yazdım.
Pol qəhvəmizin bitdiyini görüb ayağa qalxdı:
- Bir dənə də içərsən?
- Saat çox gec oldu. Bəlkə yıxılıb yataq, sabah söhbət edərik?
- Mənim yuxum gəlmir, - dedi Pol və mətbəxə getdi.
- Əslində mənim də gəlmir. Amma sabah işimiz çoxdur. Sənin gündəliklərinin, «Xalq» qəzetindəki yazılarının surətlərini çıxarmalıyıq. Yeri gəlmişkən, bu işləri biz harda görəcəyik, Pol?
Pol otağa qayıdıb, fincanımı mənə uzatdı. Sonra sevimli kreslosuna yayxanıb dedi:
- Sözün düzü, mənim yazılarımda maraqlı nə ola bilər, bunu bilmirəm. Amma sən və baş redaktorun Əzəmət bəy bunları mütləq istəyirsinizsə, əlbəttə ki, surətlərini sizə verə bilərəm. Kserokopiya eləmək üçün, gərək Upton Park tərəfə gedək. Orada bir kitabxana var. Surətlərini orada çoxaldarıq. Bakıda və Londonda çəkdirdiyim foto şəkilləri isə sənə elektron formatda verərəm.
Pol ayaqlarını uzatdı, qəhvədən bir qurtum alıb fikrə getdi.
- Nə düşünürsən, Pol? – soruşdum.
Pol gözlərini pəncərədən ayırıb mənə təəccüblə, sanki ilk dəfə görürmüş kimi baxdı. Bəlkə də mənim ona gah «sən», gah da «siz» deyə müraciət etməyimi başa düşə bilmirdi.
- Darıxıram Namizəd, çox darıxıram. Salyan, Kürdəmir, Əli-Bayramlı, Yevlax, Mingəçevir üçün darıxıram. Amma nəsə məni saxlayır, qayıdıb gəlmək istəmirəm. Sanki gözə görünməyən bir qüvvə, mənə «oralara bir də qayıtma» deyir!
Məni gülmək tutdu, amma özümü saxladım.
- Sadaladığın şəhərlər arasında heç Bakının adını çəkmədin.
Pol diqqətlə üzümə baxırdı.
- Olmaya bakılısan, Namizəd?
- Bəli, bakılıyam. Nədir ki?
- Verdiyin sualdan, səs tonundan başa düşdüm. Əslində Bakını çox da sevmədiyimi boynuma alıram.
- Nə üçün, Pol?
- Necə yəni, nə üçün? Sevmirəm. Qurtardı, getdi!
- Amma axı bunun bir səbəbi olmalıdır.
Pol köks ötürdü, bir müddət fikrə getdi və siqaretindən dərin bir qullab alıb tüstüsünü havaya buraxa-buraxa dedi:
- Düzünü bilmək istəyirsənsə, siz bakılıların öz üstünlüklərinizdən dəm vurmağınız, əyalətdən danışanda ağız büzməyiniz, rayondan gələnlərə yuxarıdan aşağı baxmağınız məni heç açmır. Sənə bir söz deyim, amma məndən incimə, xahiş edirəm! Azərbaycanın ən çuşka təbəqəsi elə bakılıların özləridir.
Baxmayaraq ki, bu söz mənə çox toxundu, hirsli olduğumu büruzə verməməyə çalışaraq soruşdum:
- Niyə bu fikirdəsiniz?
- Çünki siz bakılılar, rayonlulara qarşı çox haqsızlıq edirsiniz. Bu şəhəri sovet dövründə tikib yaradanlar, universitetlərdə oxuyub ali təhsil alanlar və bu gün də təbii olaraq ölkəni idarə edənlər, rayonlular olmayıbmı? Bakılıların ömür billah işi-gücü düşbərə bükmək, quş uçurtmaq, avtobus sürmək və tinlərdə dayanıb, gəlib-keçənlərə sataşmaq olmayıbmı?
- Haqlı olduğunuz məqamlar da var, amma bakılıların hamısı quş uçurtmur axı?! Demək istəyirsiniz ki, bu şəhərdən savadlı, intellektual adam çıxmayıb?
Pol qəşş edərək gülməyə başladı:
- Olmaya sən rusdilli bakılıları nəzərdə tutursan? Bakının 60-cı illəri üçün sinov gedən manqurtları deyirsən? Edik Babayev və Anatoli Əliyev kimi personajların, «Qaya» qrupunun, Mirvari kafesinin, mini yubkalı Tamaraların, zavmaq Tofiqlərin həsrətində olan gicbəsərləri? Cavan Zeynallı, Ağabəy Sultanov kimi mənasız adamları? Sən Allah, bəsdi görək! Ağızlarının suyunu axıda-axıda Bakının köhnə günlərini yad edənlər, keçmişə qayıtmaq istəyən retrospektiv düşüncəli meşşanlar, quşbazlardan daha təhlükəlidir. Mən o rusdilliləri yaxşı tanıyıram. Onların nə savada, nə də intellektualizmə dəxli yoxdur.
Bu sözlərdən sonra qanım it qanına döndü. Polu anlaya bilmirdim. Mənə bu günə qədər eşitmədiyim, oxumadığım sözlər deyirdi. Açığı, arqumentləri də sağlam idi. Bu səbəbdən ona etiraz edə bilmirdim.
- Pol, necə olub ki, siz Bakıda müsbət heç bir şey görə bilməmisiniz? Bu mümkün deyil axı!
- Mənim könlüm Qarabağda, Naxçıvanda, Kürdəmirdə, Lənkərandadır. Əsl Azərbaycan bax, buralardır. Qubanın Qəçreşi kimi dünyada mənzərəli, sərin, gözəl təbiətli başqa yer varmı? Bəli, Bakı çox mənasız şəhərdir. Bakı haqqında oxunan mahnılar isə, şəhərin özündən də mənasızdır. Məsələn, bəzi mahnılarda Bakının işıqları haqda oxunur, amma şəhər özü zülmət içindədir. Mavi xəzərdən dəm vurulur, qapqara dənizdən isə nəcis iyi gəlir! Bakının küləyindən söhbət açılır və adi bir təbiət hadisəsi bizə qeyri-adi, Bakını və bakılıları ucaldan bir amil kimi gözümüzə soxulur. Guya bu külək elə füsunkar, əvəzolunmaz küləkdir ki, onunla hamımız fəxr eləməliyik! Küləyi milli dəyərə çevirən yeganə xalqsınız dünyada. Bakı küləyi, Sarı gəlin mahnısı, ya da dolma kimi tabuya çevrilib.

«Yaşıl Bakı» söz birləşməsini eşidəndə isə, elə bil başımdan qaynar su tökürlər. Abşeronun qupquru, şoran torpaqlarını, qotur toyuq kimi yoluq ağaclarını cənnət bağlarına oxşatmaq hansı dinə, vicdana, imana sığır? Danışanda da adamın baş-beynini ağ şanı, qara şanı, əncir, düşbərə söhbətləri ilə xarab eləyirlər.
«Xalq» qəzetində korrektor işləyən bakılı dostum Miri Babullaoğlu məni Novxanıdakı bağına dəvət eləmişdi. O müsibəti mən hələ də unuda bilmirəm. Bakılılar əməlli-başlı mazoxist imiş ki! Bağa getmək adıyla ağcaqanadlı, tozlu-torpaqlı daxmalara yığışırlar, bu elədiklərini də istirahət adlandırırlar! Balıqqulaqları, qəmbər daşları ayaqlarını əzə-əzə, yaralaya-yaralaya dənizə çimməyə gedirlər. Sahil də ki, nə sahil! Dünyanın hər yerində sahildə qum olur. Bakının çimərliklərində isə butulka qapaqları, qarpız qabıqları, şüşə qırıntıları adamın dalına girir. Bakı əhli və şəhərinizin qonaqları da bu zibilliyin ortasına uzanıb, özünü günəşə, gilavara verir, cuşa gəlib meyxana oxuyur!
- Olanımız budur, Pol. Bakı Antalya deyil axı.
- Mən demirəm ki, olanınız bu deyil! Sadəcə olaraq «olanınızı» bu qədər ucaltmağın, vəsf etməyin mənası yoxdur. Yaxşıdır, hələ Vyana, Oslo kimi paytaxtınız, Rivyera sahilləri kimi mənzərəli yerləriniz yoxdur. Jurnalist dostum Şahvələd Çobanoğlu demişkən: «Yovşan necə alma gətirsin? Sal qaya necə qamış bitirsin?»
Matım qurumuşdu. Polun sözlərində həqiqət vardı. Məni yandıran, ciyərimi parçalayan da məhz bu idi – dediklərinin həqiqət olması. Soruşdum:
- Bütün bunları Bakıda yazmağımı istərdinizmi? Yoxsa məsləhət deyil?
- Əşi, mənim üçün nə fərqi var? Yazırsan, yaz!
- Yaxşı, Pol. Bir az da Azərbaycana gəldiyiniz ilk illər barədə danışmağınızı istərdim. Amma yuxunuz gəlirsə, bu söhbəti sabaha da saxlaya bilərik.
- Xeyr, yuxum gəlmir. Nə qədər istəyirsən, söhbət edə bilərik. Onsuz da sabah evdən günortadan sonra da çıxsaq olar. O ki qaldı Azərbaycana gəlməyimin tarixçəsinə, o günlər indiyə qədər beynimdə canlı xatirə kimi dolanır. 1992-ci ilin fevral ayının on yeddisi idi. İlk dəfə məhz həmin gün Bakıya ayaq basdım. Sənin yadında olmaz, həmin günlər Azərbaycanın çox çətin günləri idi, küçəyə çıxmaq olmurdu.
Pol dərin bir ah çəkdi, sonra da üzünə qəribə bir təbəssüm yayıb, sözünə davam elədi:
- Guya ki, Bakıya bir həftəlik gəlmişdim, amma iki həftə qalmalı oldum. İki həftə oldu bir ay, bir ay oldu bir il... Bundan sonra da illər illəri əvəzlədi. Hadisələrin axını o qədər təbii idi ki, heç özüm də ölkənizdə məni hansı qüvvənin saxladığını başa düşə bilmirdim. Hər dəfə təyyarə biletimi almaq istəyəndə, nəsə bir «əmma» çıxırdı. «The Herald» qəzeti isə müntəzəm olaraq ölkədəki siyasi durum haqqında məndən məlumat aldığına görə, Londona qayıtmağım barədə israr etmirdi. Heydər Əliyevin iqtidara gəlməsindən sonra «The Herald» yazılarımı daha da intensivləşdirməyimi xahiş elədi. Bilmirəm niyə, amma baş redaktorumuz Matthias Brown, rəhmətlik Heydər Əliyevin şəxsiyyətinə böyük sevgi ilə yanaşırdı. Sonra illər keçdikcə, bu maraq da sönməyə başladı. Heydər Əliyev ölkədə siyasi sabitlik yaratdı və 1995-ci ildən sonra «The Herald» artıq Azərbaycanla maraqlanmadığını bildirdi.
Məni isə Azərbaycan maraqlandırmağa davam edirdi. Odur ki, əməkdaşlıq etdiyim bu qəzet geri dönməyimi istəyəndə mən onlara Bakıda qalmaq arzusunda olduğumu dedim. Londonda buna çox təəccübləndilər. Onlara Azərbaycansız yaşaya bilmədiyimi izah edə bilməzdim, başa düşürsən, Namizəd? Çünki məni heç kim anlamazdı. Hətta sevdiyim qız da Bakıda qalmaq istəyimə heyrətlənib, məni dilə tutmaq üçün Bakıya gəldi. Amma məni yola gətirə bilmədi. Londona qayıdıb, özünə başqa birisini tapdı. Bu minvalla 1997-ci ilə qədər, «The Herald»ın rəhbərliyi ilə savaşa-savaşa Bakıda qaldım. Göndərdiyim materialların əksəriyyəti çap olunmurdu. Amma bu məni məyus eləmirdi, özümə arxayın idim, seçimimi düzgün etdiyimə qəti əmin idim. Sonra həyatımı 180 dərəcə dəyişdirən hadisə baş verdi. «The Herald» məni vəzifədən azad edib, aldığım maaşı da kəsdi. Azərbaycanda atəşkəsin imzalanması, sabitliyin yaranması, iqtisadiyyatın günü-gündən sürətlə inkişaf etməsi, ölkənizin müdrik və uzaqgörən bir rəhbər tərəfindən idarə olunması, onun məqsədyönlü siyasəti məni sevindirsə də, əksinə qəzetimizin rəhbərliyini çox məyus etmişdi. Çünki onlara müharibəsiz, iqtidar-müxalifət qarşıdurmasının olmadığı bir ölkə maraqlı deyildi, odur ki, belə bir ölkədə müxbir də saxlamaq istəmirdilər. Vəziyyətimi təsəvvür edirsən, Namizəd? Azərbaycanda yaşayan ingilis olasan, amma pulun olmasın? Sonra deyirsiniz ki, pul bir səndədir, bir də ingilisdə. Zırt! Düşündüm ki, bundan sonra mən kimə lazımam? Pulum var idi deyə, hər yerdə qapılar üzümə açıq idi. İndi isə vəziyyət dəyişmişdi. Sizdə necə deyirlər, «bağda ərik var idi!» məsəli. Lakin yaxşı ki, qorxduğum başıma gəlmədi. Bir gün bir dostumun, o biri gün başqa tanışımın evində qonaq qalırdım. Sizin səxavətli, qonaqpərvər millətiniz məni yedirtdi, içirtdi, cibimə pul qoydu. İnsanlarınıza «pulsuz ingilis» faktının özü çox qəribə gəldiyindən, hər kəs mənə əl tutmaq üçün yarışırdı. Sonra da sevincimdən yerə-göyə sığmadığım bir hadisə baş verdi – özümə iş tapdım.
Pol sözlərinə fasilə verib, siqaret yandırdı. Azərbaycan filmlərindəki kimi, yeri gəldi-gəlmədi, tez-tez siqaret çəkməyi mənə Əzəmət Dilipakı xatırladırdı. Burnundan tüstü buraxıb, onun havada necə əridiyinə baxdı. Fikrə getmişdi. İkinci qullabı da alıb, hekayətinə davam elədi:

- «Xalq» qəzetində foto müxbiri işləyən Sərvər adında bir dostum var idi. Onunla hələ 1994-cü ildə, Naftalanın müalicəvi nefti haqqında reportaj hazırlamağa gedəndə dostlaşmışdıq. Sərvərin çəkdiyi fotoları, öz materiallarımla birlikdə Londona göndərmişdim və onlar qəzetimizdə çap olunmuşdu. «The Herald» Sərvərə külli miqdarda, o vaxtı heç nazirlərin də görmədiyi məbləğdə qonorar ödədi. Sərvərin dediyinə görə, o ilk dəfə idi ki, işinin belə yüksək qiymətləndirildiyinə şahid olurdu. Nə isə, sözüm onda deyil. İşimi itirdiyimi, pulsuz-parasız qaldığımı öyrənən Sərvər, ona yaxşılıq etmiş adama kömək əlini uzatmaq üçün, çətin günün dostu olduğunu sübut elədi. Məni iş yerinə aparıb, «Xalq» qəzetinin baş redaktoru, Əbülfət Tapdıqovla tanış etdi. O anda fikirləşdim ki, ingilis jurnalisti Azərbaycan qəzetində nə yaza bilər axı? Özü də o illərdə Azərbaycan dilini bugünkü qədər mükəmməl bilmirdim, çoxlu səhvlərə yol verirdim. Amma Əbülfət bəy mənimlə yarım saat söhbət etdikdən sonra əsl onların axtardığı adam olduğumu dedi. Sözün düzü təəccüblənmişdim. Mənim yazdığım erməni-budaq cümlələri onların necə xoşuna gələ bilərdi? Əbülfət müəllim isə mənə dedi ki, bir ingilis jurnalistinin nəzər nöqtəsi onları çox maraqlandırır. «Yaza-yaza püxtələşəcəksən, dilimizin dərinliklərinə nüfuz edəcəksən», dedi. «Narahat olma, nə qədər səhv buraxsan da, biz lazımi düzəlişləri edəcəyik. Təki sən qəzetimiz üçün, həftədə iki-üç məqalə yaz. Bizə xarici bir həmkarımızın Azərbaycanın reallığı, ölkədə gedən iqtisadi inkişaf, Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti, Azərbaycanın üzdəniraq, dağıdıcı, ultra-radikal müxalifətinin destruktiv fəaliyyəti haqqında yazılar yazmağı çox lazımdır. Sizin sayənizdə, Azərbaycanda ən çox oxunan qəzetə çevriləcəyik!»

Razılıq verdim. Əslində başqa əlacım da qalmamışdı. Mənə iki yüz dollara yaxın maaş kəsdilər, dedilər ki, hələ «çax-çux»un da olacaq. Çax-çuxun nə olduğunu o vaxtlar başa düşmürdüm.
Pol gülməyə başladı. Gözlərini ovuşdurub davam elədi:
- Təsəvvür edirsən, Namizəd, düz bir həftə sonra Nərimanov rayon İcra Hakimiyyətinin məqsədyönlü fəaliyyəti haqqında reportaj hazırlayarkən, İcra Başçısı cibimə iki yüz dollar pul basdı. Əvvəl, əlini cibimə nə üçün soxduğunu başa düşmədim. Elə bildim ki, mənə sataşır, nə bilim mavidir, ona görə əlləyir məni. Sonra dedi ki, «şirinlikdir». İşə qayıdıb bunu müxbirlərdən birinə danışanda, o qəşş eləyib güldü: «Bu haqda, bir də heç kəsə, hətta ən yaxın həmkarlarına belə danışma!» dedi. «Bu sənin kommersiya sirrindir. Çax-çuxundur. Biz jurnalistlərə hamı hörmət edir». Açığı, Azərbaycan xalqının belə hörmətcil və səxavətli olması məni sevindirmişdi, Namizəd. Təsəvvür elə ki, bunları Londonda danışsam, mənə nəinki inanmazlar, sadəcə olaraq başa düşməzlər. Mənə rüşvətxor deyərlər, ələ salarlar, amma anlamazlar ki, bu rüşvət deyil, məhz çax-çuxdur, hörmətdir!

Bu minvalla «Xalq» qəzetində üç il işləyəndən sonra növbəti sevincli günümü yaşamaq nəsib oldu! Fəaliyyətimlə tanış olan YAP rəhbərliyi, 2001-ci ildə məni partiyaya üzv qəbul elədi. O gün, həyatımın ən unudulmaz günlərdən biri kimi yaddaşıma hopub. Mən partiya biletimi mərhum prezidentin əlindən almış xoşbəxt bəndələrdənəm! Bunun nə demək olduğunu anlayırsan, Namizəd? O bileti indiyə qədər qoruyub saxlayıram! Axı mən hələ də o partiyanın üzvüyəm...