“Abdulla Abdullayev erməni siyasəti aparır” - Cavab

abdulla-abdullayev-ermeni-siyaseti-aparir-cavab
Oxunma sayı: 644

“Texnikabank” ASC Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyinin sədri Abdulla Abdullayevin Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova ünvanladığı müraciətinə münasibət bildirib. Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir: “Həqiqətən Abdulla Abdullayevin dolayısı və ya birbaşa rəhbərlik etdiyi bir neçə şirkətin bank qarşısında kredit öhdəliyi mövcuddur. Mövcud kredit öhdəliklərinin dəfələrlə qaytarılma müddətinin uzadılmasına, restruktruzasiya edilməsinə baxmayaraq Abdulla Abdullayevin rəhbərlik etdiyi şirkətlər bank qarşısında olan öhdəliklərini müxtəlif bəhanələrlə icra etməmişdir.

Bank qanunvericiliyə müvafiq olaraq hüquq mühafizə orqanları qarşısında həmin şirkətlərin öhdəliklərinin yerinə yetirilməməsi səbəblərinin araşdırılması üçün iddia qaldırmışdır. Müəyyən edilmişdir ki, kredit resursları həmin şirkətlər tərəfindən təyinatına uyğun xərclənməmiş və israfçılığa yol verilərək mənimsənilmişdir. Abdulla Abdullayev və onun rəhbərlik etdiyi şirkətlər müxtəlif bəhanələrlə bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsindən yayınmaqla hüquq mühafizə orqanlarına və onun işçilərinə qarşı şər-böhtan atır, banka isə guya Abdulla Abdullayevin əmlakının ələ keçirilməsi kimi ədalətsiz iddialar irəli sürür.

A.M.A.Y. şirkətinin rəhbərliyi və onun ətrafına toplaşan bir sıra insan kredit resurslarını təyinatına uyğun istifadə etməməklə əməllərində cinayət tərkibi olmasını, müvafiq qaydada cinayət törətdiklərini dərk edir və Abdulla Abdullayev indi də Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyi adından çıxış edərək, ictimaiyyət arasında çaşqınlıq yaratmaqla öhdəliklərinin yerinə yetirilməsini təmin etmir və hüquq mühafizə orqanlarına şər-böhtan yağdıraraq, məhkəmə orqanlarına bu cür təsir etməklə, eyni zamanda özünə demokratik imic yaradaraq öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmağa cəhd edir.

Biz bir daha bəyan edirik ki, Texnikabank Abdulla Abdullayev və onun rəhbərlik etdiyi şirkətlərə məxsus heç bir əmlakın ələ keçirilməsinə iddiaçı deyil. Bank Abdulla Abdullayev və onun rəhbərlik etdiyi şirkətlərdən banka məxsus kredit resurslarının qaytarılmasını tələb edir və qanunvericiliyin bütün tələblərindən istifadə edərək mənimsənilmiş resursların qaytarılmasına nail olacaqdır.

Abdulla Abdullayev banklardan və digər dövlət təşkilatlarından götürdüyü kredit resurslarını mənimsəmək, vətəndaşları aldatmaqla vəsaitlərini mənimsəyərək, özünün dediyi kimi erməni xisləti siyasətini yaradaraq dolayısı yolla elə erməni siyasəti apardığını açıqlamışdır. Biz hesab edirik və Abdulla Abdullayevə tövsiyə edirik ki, şər-böhtan atmaqdan, şantaj xarakterli hərəkətlərə yol verməkdən və bununla da kredit resurslarını təmin etməkdən yayınmaqdansa, likvid aktivlərini bazarda dəyərləndirərək satışını təmin etsin və mövcud öhdəliklərini yerinə yetirsin.

“Texnikabank” ASC olaraq hesab edirik ki, ölkədə bank sektorunun dayanıqlılığını təmin etmək məqsədi ilə verilən hər bir kredit məbləğinin vaxtında geri qaytarılması üçün hüquqi müstəvidə və Azərbaycan Respublikası qanunvericiliyini ali tutaraq müvafiq tədbirlər görülməsi hər bir bankın borcudur və Abdulla Abdullayevin Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyi adından istifadə edərək özünü müdafiə etmək cəhdi son dərəcə təhlükəli olmaqla biznes aləmində yolverilməz və utancverici hərəkətlərdir”.

Xatırladaq ki, AMAY rəhbəri Abdulla Abdullayev dünən baş prokuror Zakir Qaralova müraciət etmişdi.