ABŞ-dan Azərbaycanda dini vəziyyətlə bağlı - Hesabat

abs-dan-azerbaycanda-dini-veziyyetle-bagli-hesabat
Oxunma sayı: 644

“Qafqazinfo”nun musavat.com-a istinadən verdiyi xəbərə görə, “ 2011-ci ilə dair hesabatda Azərbaycana həsr olunmuş bölmədə deyilir ki, ölkə konstitusiyası dini etiqad azadlığını nəzərdə tutsa da, digər qanunlar və hakimiyyətin siyasəti praktikada bunu məhdudlaşdırır.

Qeyd olunur ki, dini qrupların əksəriyyəti dövlətin müdaxiləsi olmadan fəaliyyət göstərir, lakin hakimiyyət bəzi ibadət yerlərində monitorinqlər keçirir, dini materialları müsadirə edir, həmçinin müsəlman və xristian konfessiyalarının bəzi üzvlərini təqib edir, saxlayır. Hökumət həmin qrupların bəzisini “qeyri-ənənəvi” hesab edir. Eləcə də dini qrupların qeydiyyatı məsələsində məhdudiyyət olduğu, ötən ildə bu məhdudiyyətlərin artdığı bildirilir. Hesabatda dini azadlıq hüququnun müdafiəsi üzrə yaxşılaşma baş vermədiyi qeyd olunur. Hesabatda qeyd olunur ki, icmaların qeydiyyat prosesi hökumətin arzuolunmayan dini qruplara qarşı əsas alətidir: “Bu ona gətirib çıxarır ki, belə qruplar gizli iş şəraitinə keçir, onların məhkəmələrə şikayətləri isə təmin olunmamış qalır” - deyə sənəddə vurğulanır.

2011-ci ilin iyulunda Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” Qanuna 19 düzəlişi qəbul edildiyi və düzəlişlərin hakimiyyətin dini təşkilatlar üzərində nəzarətini möhkəmləndirdiyi qeyd olunur.

Sənəddə yazılır ki, dini etiqad azadlığı haqqında qanun xaricilərə dini təbliğatı qadağan edir, İslam dini ayin və mərasimləri isə Azərbaycanda və ya xaricdə təhsil almış (hökumətin təqdiri ilə) şəxs tərəfindən həyata keçirilə bilər. Həmçinin qeyd olunur ki, “Təhsil haqqında” Qanunda ibtidai və orta məktəblərdə qızların hicab taxmasına qadağa olmasa da, təhsil nazirinin bunu qadağan edən əmri var: “2011-ci il mayın 6-da nazirin əmri ilə əlaqədar Təhsil Nazirliyinin qarşısında dindarların kütləvi etiraz aksiyası keçirilib. Aksiya polis gücü ilə dağıdılıb, onlarla adam saxlanılıb. Vaxtaşırı dini ayin və bayramlar zamanı hakimiyyətlə dindarlar arasında qarşıdurma yaranır. Məsələn, dekabrda Gəncədə polis şiələrdən Aşura gününün qeyd olunmamasını tələb edib”. Həmçinin hesabatda namaz qıldıqlarına görə ordunun üç zabitinin vəzifəsinin kiçildilməsi halları baş verdiyi, hökumətin məscidləri, ibadət yerlərini bağlamaq yolu ilə “qeyri-ənənəvi” müsəlman icmalarının fəaliyyətini məhdudlaşdırdığı vurğulanır. Sənəddə vurğulanır ki, ötən ilin sonuna olan məlumata əsasən hökumət ümumilikdə 570 dini icmanı qeydiyyata alıb. Bunun 550-si İslam, 20-si qeyri-islam təşkilatı olub. Ümumilikdə cəmiyyət xaricdən olan müsəlman missionerlərə (sələfilər, İran şiələri) mənfi yanaşır, belə ki, onlar siyasi İslamın yayıcıları kimi qəbul edilir. Qeyd edək ki, ümumi olaraq hesabatda Azərbaycanda dini vəziyyətin nə yaxşıya, nə də pisə doğru dəyişmədiyi qeyd olunur.