ABŞ-ın yeni səfirindən Azərbaycana sülh çağırışı

abs-in-yeni-sefirinden-azerbaycana-sulh-cagirisi
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, əsasən senatorlar Barbara Bokser və Robert Menedesə ünvanlanan suallarda Azərbaycana qarşı sərt mövqe nümayiş etdirmək tələb olunub. Sayt iddia edir ki, senatorlara Azərbaycan hakimiyyətinin Ermənistan və Dağlıq Qarabağa (qondarma) müntəzəm hücumları, həmçinin Naxçıvanda yerləşən Cuqa erməni kilsəsinin dağıdılması ilə bağlı intensiv sorğu-suallardan sonra ABŞ Senatının xarici əlaqələr komissiyası Riçard Morninqstarın Azərbaycana səfir vəzifəsinə namizədliyini təsdiqləyib.

Ermənistanın ABŞ-da fəaliyyət göstərən təşkilatı “Ay Dat”ın hökumət işləri bağlı direktoru Keyt Naapetyan hər iki senatora təşəkkürünü bildirib. O, səfir Morninqstarın “regionda Qarabağ xalqının öz müqəddəratını təmin etmək hüququna hörmət edəcək siyasətin balanslaşdırılmasını” təmin edəcəyinə ümid etdiyini bildirib.

Senator Bokser səfirin təsdiqindən sonra verdiyi bəyanatda bildirib ki, səfir Morninqstar öz vəzifəsindən istifadə edərək Azərbaycan hökumətinin artan aqressiyalarına və Ermənistan, eyni zamanda Qarabağa qarşı təzyiqlərə reaksiya və cavab verməlidir.

Sorğu-suallar zamanı Morninqstar bildirib ki, namizədliyinin təsdiqlənməsi zamanı ATƏT Minsk qrupunun həmsədri Robert Bradke ilə işləyəcək və bu məsələ ilə bağlı Azərbaycanın ali hökumət dairələri ilə birgə məşğul olacaq, yəni Azərbaycanı atəşkəs rejiminə hörmət etməyə çağıracaq.

Morninqstar prezident İlham Əliyevin Azərbaycanın ən başlıca düşməninin Ermənistan olması ilə bağlı səsləndirdiyi məlum bəyanatına da münasibət bildirib: “Mən məsuliyyətsiz bəyanatların qəbuledilməz və bizim səylərimizi boşa çıxarması ilə bağlı faktları təqdim edəcəm... Mən Azərbaycan hökumətini bəyanatlarında təmkinlilik göstərməyə və öz xalqını müharibəyə deyil, sülhə hazırlamağa çağıracağam”.

“Cuqada dağıdılmış kilsəyə gəlincə”, Morninqstar söz verib ki, Azərbaycana bu məsələ ilə bağlı Amerikanın narahatlığını çatdıracaq və hökuməti erməni mədəni ərazilərinə hörmət etməyə çağıracaq.


Səidə