ABŞ İranı müharibə ilə hədələdi

abs-irani-muharibe-ile-hedeledi-
Oxunma sayı: 699

Bəhreyndə yerləşən ABŞ-ın 5-ci Hərbi Dəniz Qüvvələri Donanmasından yayılan açıqlamda bildirilir ki, Iranın Hörmüz boğazını bağlamasına imkan verməyəcək: “Hər bir ölkənin beynəlxalq boğazda sərbəst hərəkəti məhdudlaşdırmaq cəhdləri yolverilməzdir”.
Xatırladaq ki, ötən gün Iranın vitse-prezidenti Rza Rəhimi Iranın neft ixracına sanksiya qoyulacağı təqdirdə Hörmüz boğazını bağlayacağı ilə bağlı bəyanat vermişdi. Hörmüz boğazı Iranı, Fars və Oman körfəzlərindən ayıran böyük əhəmiyyətli gəmi yoludur. Buradan dünyanın müxtəlif regionlarına dünyada ixrac olunan neftin 40, təbii qazın isə əhəmiyyətli hissəsi daşınır.
ABŞ müdafiə nazirliyinin sözçüsü Corc Litl da jurnalistlərə açıqlamasında Iran rəsmilərinin Hörmüz boğazı ilə bağlı son bəyanatlarına münasibət bildirib: “Biz Hörmüz boğazının bağlanmasına imkan verməyəcəyik. Hazırda iranlılar bölgədə adi hərbi təlimlər keçirirlər. Bizim bundan xəbərimiz var. Lakin biz boğazda gəmilərin sərbəst hərəkətinə xələl gətirən heç bir hərəkətə dözməyəcəyik. Hələ ki, Iranın qeyri-adi bir hərəkətə əl atması barədə məlumatımız yoxdur”.
Iranın Hörmüz boğazını bağlaması təhdidinə həmin boğazdan daha çox istifadə edən Səudiyyə Ərəbistanı da münasibət bildirib. Rəsmi Ər-Riyad bəyan edib ki, Iran Hörmüz boğazını bağlayacağı təqdirdə dünya bazarında yaranacaq neft qıtlığını Fars körfəzi ölkələri tam qarşılamağa hazırdır.
Bu arada Fransa hökuməti Tehrandan beynəlxalq qanunlara əməl etməsini istəyib. Xarici Işlər Nazirliyinin rəsmisi Bernard Valero bildirib ki, beynəlxalq qanunlara əsasən, Hörmüz boğazı vasitəsilə neft daşınması sərbəstdir. Çünki BMT-nin 1982-ci ildə qəbul olunmuş Dəniz hüququna dair Konvensiyanın əsasnaməsinə görə, Hörmüz boğazı beynəlxalq boğaz kimi qəbul edilib. Ona görə də Iranın qanunlara riayət etməsi vacibdir.

azadliq.info