ABŞ kəşfiyyatı Putinlə bağlı proqnozunu açiqladı

abs-kesfiyyati-putinle-bagli-proqnozunu-aciqladi
Oxunma sayı: 646

C.Klepper Konqresin kəşfiyyat komitəsinə təqdim etdiyi məruzəsində baş nazir Vladimir Putinin gələn ay prezident seçiləcəyi halda hansı siyasi kursu yeridəcəyinə dair proqnozları çatdırıb.

O deyib ki, Putin yenidən hakimiyyətə gəlsə, xarici siyasətdə ənənəvi siyasətini davam etdirəcək. Bu siyasət ABŞ-a etimadsızlıq üzərində qurulacaq. Rusiyanın İran və Suriya məsələsində mövqeyi dəyişməz qalacaq. Klepper Putinin nə xarici, nə daxili siyasətdə dəyişikliklər həyata keçirməyəcəyini deyib. O, Putinin prezident postunda hakim elitanın iqtisadi maraqlarını qoruyacağını, Rusiyadakı korrupsioner sistemin dəyişməyəcəyini bildirib. ABŞ kəşfiyyatının rəhbəri onu da deyib ki, Putinin başçılıq edəcəyi Rusiya ABŞ-ın keçmiş sovet respublikaları ilə münasibətlərinə aqressiv reaksiya verməkdə davam edəcək. Amma Klepper Rusiyanın NATO-nu təhdid edəcək hərbi gücə malik ola bilməyəcəyini, modern ordu qurmaq planlarının uzanacağını deyib.

Rusiyada isə vətəndaş cəmiyyəti, müxalifət Putinin yenidən hakimiyyətə qayıtmasına imkan verməmək üçün səfərbər olur. Fevralın 4-də Moskva və digər şəhərlərdə on minlərlə adamın ədalətli seçki tələbi ilə küçələrə çıxacağı gözlənilir. Dünən Moskvada, Kremllə üzbəüz binanın damında üzərində “Putin, get!” sözləri yazılmış böyük banner quraşdırılıb. Bu aksiyanı kimin keçirdiyi məlum deyil, ancaq banner Kremlin pəncərələrindən aydın görünüb.

Rusiyadakı etiraz hərəkatının ən populyar liderlərindən biri, gənc blogger Aleksey Navalnıy isə Moskvada iri bankirlərlə bir araya gəlib. “The Wall Street Journal ttp://blogs.wsj.com/emergingeurope/2012/01/31/russian-opposition-instigator-inspires-financial-crowd/ ” qəzetinin xəbərinə görə, görüşdə ümumilikdə 25 milyard dollarlıq aktivlərə malik bankirlər iştirak ediblər. Onlar Navalnının çıxışını böyük maraqla dinləyib: “Mənim vəzifəm prezident olmaq yox, oğrular və juliklər partiyasını dağıtmaqdır”.

Rusiyada iri kapital sahiblərinin narazı elektoratın populyar liderini dinləmək qərarı ciddi hadisə sayılır. Bu, ölkədə orta təbəqə ilə yanaşı varlıların da Putin hakimiyyətinə qarşı etiraz hərəkatına dəstək vermək meylləri kimi qəbul olunur. Rusiyada “ağ inqilab” da adlandırılan etiraz hərəkatının önündə əsasən ziyalılar gedir. Ötənilki parlament seçkilərindən sonra formalaşan Seçici Liqası adlı hərəkatda bir çox tanınmış ziyalılar, yazıçılar, rokçular, aktrisalar, jurnalistlər toplaşıb. Hərəkatın məqsədi 4 mart prezident seçkilərinin ədalətli keçirilməsinə nail olmaqdır.

Yanvarın 29-da Liqa Moskvada orijinal aksiya təşkil etmişdi. Minlərlə şəxs Moskvada - “Sadovı koltso”da öz şəxsi maşınları ilə etiraz aksiyasına qoşuldu. Onlar bu yolla fevralın 4-də keçiriləcək mitinqi şəhər sakinləri arasında reklam etməyə çalışdı. Şair Dmitri Bıkov hakimiyyətin prezidentliyə namizədi Putinə xəbərdarlıq edib ki, cəmiyyətdəki etirazçı ovqata barmaqarası baxmasın: “Rusların atları yəhərləməsi uzun çəkir, amma bunu edəndən sonra atı çox sürürlər. İndi cəmiyyət yəhərdədir. Buna optimal reaksiya dialoq ola bilərdi. Amma belə bir dialoqu görmürük”.

Mətbuat yazır ki, Rusiyada Putinin hakimiyyətə gəlişindən sonra səsləri zəif eşidilən ziyalı təbəqəsinin fəallığı böyük dəyişikliklərin siqnalıdır.

musavat.com