ABŞ məmurlara sanksiya tətbiq etdi

abs-memurlara-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 646

Bu barədə Ukraynanın “Fokus.ua” portalı mötəbər diplomatik qaynağa istinadən xəbər yayıb. Bildirilir ki, həmin vəzifəli şəxslərin ABŞ-a girişinə qadağa qoyulub. Bu günlərdə onlar viza almaq üçün Kiyevdəki ABŞ səfirliyinə müraciət ediblər və aldıqları cavabdan şoka düşüblər.
Səfirlikdən “Sizin Amerikaya gəlişiniz arzuolunmazdır” cavabı verilib. Qadağa tətbiq edilən şəxslərdən biri baş prokurorun müavini Renat Kuzmindir. Ukrayna Baş Prokurorluğu xəbəri nə təsdiq, nə təkzib edir. ABŞ səfirliyindən isə məlumatla bağlı şərh verməyiblər, bildirilib ki, bu cür məsələlər məxfi olduğundan səfirlik onlara şərh vermir. Bundan əvvəl Ukrayna hüquq mühafizə orqanlarının bəzi yüksək rütbəli şəxslərinin Avropa İttifaqı ölkələrinə viza ala bilmədiyi haqda xəbərlər yayılmışdı. Xəbərlərə görə, bütün bu qadağalar müxalifət lideri, keçmiş baş nazir Yuliya Timoşenkonun həbsinə görədir. ABŞ və Aİ bu həbsi siyasi motivli hesab edərək prezident Viktor Yanukoviçdən keçmiş baş naziri dərhal azadlığa buraxmağı tələb edir. Bildirilir ki, viza qadağası siyasi müxalifəti təqib edən ukraynalı məmurlarına qarşı Qərbin sanksiyalarının başlanğıcıdır. Bunun ardınca ayrı-ayrı şəxslərin bank hesablarının və mülklərinin dondurulması gələ bilər.
Qeyd edək ki, Qərbin Azərbaycanda da insan haqlarını tapdalayan bəzi məmurlara qarşı analoji sanksiyalar tətbiq etməyə hazırlaşdığı barədə ciddi məlumatlar var. ABŞ və Avropa İttifaqı ölkələrinin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov başda olmaqla muxtar respublika hakimiyyətinin dörd yüksək vəzifəli şəxsinə viza qadağası tətbiq etmək üzrə olduğu bildirilir. Viza qadağasına müxalifət fəallarına saxta dəlillərlə hökm çıxarmış hakimlər və onların istintaqını aparan prokurorlar da məruz qalacaq. ABŞ prezidentinin fərmanına əsasən, bu cür sanksiyaların tətbiq edilməsi üçün bütün səlahiyyətlər Dövlət Departamentinə verilir. Bir qayda olaraq ABŞ sanksiyaların tətbiqi barədə qərarı açıqlamır. Qadağalar ancaq adları siyahıya daxil edilən şəxslərin ABŞ-a viza üçün müraciət etmələri zamanı üzə çıxır. Bu baxımdan istisna deyil ki, Azərbaycanda da insan haqlarını tapdayan bir sıra məmurlara qarşı sanksiyalar artıq rəsmiləşdirilib. Qalır onların viza istəməsi...

musavat.com