ABŞ mətbuatında Azərbaycan QHT-lərinin vəziyyəti haqda məqalə yazıldı

abs-metbuatinda-azerbaycan-qht-lerinin-veziyyeti-haqda-meqale-yazildi-
Oxunma sayı: 670

“Qafqazinfo”nun məlumatına görə, Şura sədri məqalədə Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin hüquqi təminatına toxunub. Yazıda qeyd edilib ki, Azərbaycan QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasıdır: “Sərbəst birləşmək azadlığını özündə əks etdirən konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir”.

Şura sədri məqalədə vurğulayıb ki, 1998-ci ildə "Qrant haqqında" qanunun qəbulu qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyini və bütövlükdə donor resipiyent münasibətlərini tənzimləmək baxımından müstəsna əhəmiyyətə malik olub: “Qanunun 1-ci maddəsi QHT-lərin birbaşa məşğul olduğu və maliyyələşmə üçün prioritet hesab edilən sahələri - “humanitar, sosial və ekoloji, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər istiqamətləri qanunvericilik səviyyəsində ayrıca təsbit edir”.

Məqalə müəllifi 2000-ci ildə qəbul edilən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunu şərh edərək bildirib ki, qanun qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə aydınlıq gətirir: “Bu qanun QHT-lərin yaradılmasından başlayaraq, onların hakimiyyət orqanları ilə münasibətlərinə qədər, meydana gələ biləcək bir çox məsələləri tənzimləməyə çalışır. Həmçinin, qanun qeyri-hökumət təşkilatlarının fəaliyyəti, yenidən təşkili və ləğv edilməsi qaydaları, onların idarə olunmasının əsas prinsiplərini nizamlayır”.

Şura sədri məqalədə qeyd edib ki, QHT-lərin bir institut olaraq Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmasını analiz edərkən bəlli olur ki, onların ölkənin ictimai-siyasi həyatında hərtərəfli iştirakı üçün kifayət qədər hüquqi baza mövcuddur: “Belə ki, yuxarıda qeyd olunan qanunlarla yanaşı, qeyri-hökumət təşkilatları seçki qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasında keçirilən prezident, Milli Məclis və bələdiyyə seçkilərini müşahidə edə bilərlər. Bundan başqa qeyri-hökumət təşkilatları Prezident və bələdiyyə seçkiləri haqqında qanunlara müvafiq olaraq seçki komissiyalarının formalaşmasında da iştirak edə bilərlər”.

Azay Quliyev məqalədə yekun nəticə olaraq göstərib ki, qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməsi üçün bütün qanuni prosedurlar nəzərdə tutulub: “Qanunlara edilən əlavə və dəyişikliklərlə zaman-zaman mövcud boşluqlar, qüsurlar da öz müsbət həllini tapır. Eyni zamanda cəmiyyətimiz inkişaf etdikcə yeni tələblər ortaya çıxır və bu da öz növbəsində ölkəmizdə qeyri-hökumət təşkilatlarının qanunvericilik bazasının təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan inanıram ki, QHT-lər üçün münbit hüquqi bazanın yaxşılaşması və ehtiyac duyduğumuz yeni qanunların qəbulu prosesi gələcəkdə də davam etdiriləcək və bu sahədə olan çatışmazlıqlar aradan qaldırılacaqdır”.