“Adam kimi yaşamaq lazımdır” - Reportaj, Fotolar

adam-kimi-yasamaq-lazimdir-reportaj-fotolar
Oxunma sayı: 1159

Milli Qəhrəman Pəhlivan Fərzəliyevin həyat yoldaşı Sona xanımın redaksiyamıza telefon zəngi məmurlardan, bir az da mediadan incik sözləri məni artıq 20 ildir Nizami rayonu ərazisində yerləşən 122 saylı uşaq bağçasında məskunlaşan Fərzəliyevlər ailəsinin kiçik olsa da səmimi ocaqlarına tələsdirirdi. Fərzəliyevlər ailəsi öz dərdlərini 20 ildir deməkdən usandığı vaxtda problemlərinə məmurların və həmkarlarımın etinasız münasibətinə görə könülsüz danışmağa başlasa da, mən Fərzəliyevlər ailəsinin qayğısını olduğu kimi sizə təqdim edəcəyəm. Elə ilk sualım da bu oldu “Probleminiz nədir, nədən narazısınız?”.

“Prezidentin fərmanında heç bir fərq, yerlibazlıq yoxdur”

Qeyd etdiyim kimi həmkarlarımdan incik düşən Pəhlivan Fərzəliyevin həyat yoldaşı Sona xanım sualı oğlu Xaliq Fərzəliyevin cavablandırmasını istədi. 20 ildir uşaq bağçasında məskunlaşmağa məcbur qalan ailənin yeganə istəyi heç olmasa bir otaqlı evlə təmin olunmaqdır: “Azərbaycanın Milli Qəhrəmanının ailəsi XXI əsrdə uşaq bağçasında yaşayırsa, bu özü böyük problemdir. Ən böyük problem təbii ki, Qarabağdır. Qarabağ alınar, inşallah burda verilən evə də ehtiyac qalmaz. Məişət problemimizi orada özümüz həll edə bilərik. Amma hazırda Qarabağ problemi həll olunmayıbsa, deməli biz məcburi köçkün kimi, Milli Qəhrəmanın ailəsi kimi məskunlaşmışıq. Hər bir problem də burda həll olunmalıdır”.

Bu günə kimi bütün nazirliklərə, aidiyyatı olan, heç aidiyyatı olmayan orqanlara da müraciət etdiklərini deyən Xaliq Fərzəliyev dedi ki, o, Milli Təhlükəsizlik Nazirliyinə kimi müraciət edib və onlara bildirib ki, bunu araşdırısınlar, əgər həqiqətən Pəhləvan Fərzəliyev Milli Qəhrəman deyilsə, prezidentin fərmanını cırıb tullasınlar: “Əgər Milli Qəhrəmandırsa, o biri Milli Qəhrəmanlar kimi, bir çox sağ olan generallarla onların arasında fərq qoyulmasın. Çünki prezidentin fərmanında heç bir fərq, yerlibazlıq yoxdur. Orda yazılıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəxslərə Milli Qəhrəman adı verilsin. Mən o generallarla atam arasında heç bir fərq görmürəm. Yəni Fəzəliyevin ailəsinin şəraiti ən azından onlarınkı qədər olmalıdır. Çünki Milli Qəhrəman elə Milli Qəhrəmandır. Canından keçən sağlardan bəlkə də artıqdır, çünki onlar ikinci mərtəbəyə də ucalıblar, şəhiddirlər. Hələ sağları bilmək olmaz. Amma bunlar 1992-ci ildən Allahın rəhmətini qazanıblar. Birinci növbədə elə onların ailələrinə baxmalıdırlar. Mənim 30-a yaxın yaşım var, öz ailəmi saxlamağı bacarıram. Söhbət ondan gedir ki, elə məişət problemi var ki, onu həll eləmək hər hansı ailənin imkanı daxilində deyil. Evimiz, şəraitimiz var idi, əgər bugünkü gündə yoxdursa, dövlət bunu təmin etməlidir. Sabirabadda hər yeri su basanda, insanların evi uçmuşdu, onları evlə təmin etdikləri kimi mənim evim də orda qalıb. Ya evimi qaytarsınlar gedim ora, ya da müharibə elan olunsun, atamız, o biri kişilər kimi gedək ölək, ailəmiz rahat yaşasın. Müharibə olmayacaqsa, elə yaşadığımız yerdə adam kimi yaşamaq lazımdır. Qazaxıstana gedəndə orda məndən soruşurlar ki, sən qəhrəmanın oğlusan, harda yaşayırsınız? Mən açıq deyirəm ki, uşaq bağçasında. Onlar məəttəl qalırlar ki, qəhrəmanın ailəsi bağçada yaşayır, Azərbaycan haqqında da başqa cür təsəvvür yaranır. Hələ müstəqilliyinizdən şübhə edirik ki, siz müstəqil dövlət kimi yaşaya bilmirsiniz. Əgər müstəqil dövlətiksə, öz işimizi həll etməyi bacarmalıyıq. Rusiya, Türkiyə, Amerika müdaxilə etmir ki, Pəhləvan Fərzəliyevə bir otaqlı mənzil verin, ya verməyin. Bu qlobal məsələ deyil də, özümüz həll edə bilərik”.

“Hacıbala Abutalıbovun səlahiyyəti nədir?”

Axırıncı dəfə Türkiyə səfirliyinə müraciət etdiyini deyən müsahibim Türkiyə vətəndaşlığı qəbul edib ailəsi ilə birgə orda yaşamaq istədiyini söylədi: “Türkiyə səfirinə müraciət etdim ki, sizdə şəhid ailələrinə yaxşı baxırlar, mənim anamı, bacımı, qardaşımı siz saxlayasınız, şəhid ailəsi kimi hörmət edəsiniz. Türkiyə vətəndaşı olmaq istəyirdim. Amma özümə sığışdırmıram ki, Azərbaycanın müstəqilliyi uğrunda mənim atam canından qanında keçsin, sən gedib Türkiyə vətəndaşı olasan. Yeri gələndə bizim millət türkiyəlilərdən də qədimdir. Müraciət elədim, sonra fikrimi dəyişdim ki, ola bilər ki, bir neçə məmur bəlkə dardüşüncəlidir. Özümə sığışdırmadım. İkinci ərizəni cırıb tulladım ki, pis də yaşasam öz vətənimdə yaşayım”.

Bütün orqanlara yazılan məktublara cavab gəldiyini bildirən Fərzəliyev Türkiyə səfirliyindən heç bir reaksiya verilmədiyini bildirib: “Yəqin ki, məsləhət görməyiblər. Heç səfir Hulusi Kılıça da çatmayıb. “Qaçqınkom”a müraciət etdiyimiz məktubları tərəziyə qoydum kiloqramı keçdi. Şəhər İcra hakimiyyətinə yazırsan bildirirlər ki, mənim səlahiyyətim xaricindədir. Hacıbala Abutalıbov şəhərin meridir, bəs səlahiyyəti nədir? Bu mənə çatmır. Yaxud Milli Məclisin deputatı Bahar Muradovaya yazırsan, cavab verir ki, mənim səlahiyyətim xaricindədir”.

Fərzəliyevin sözlərinə görə, Bahar Muradova məktubları İcra Hakimiyyətinə, ya müavininə göndərib: “Onun məktubları JEK-ə kimi gəlib çıxıb, yəni o səviyyəyə özünü qoyub”.

Fərzəliyevlər ailəsinə sonuncu dəfə cavab məktubu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gəlib.

Son bir aydır ki, kiməsə müraciət etməyin yersiz olduğunu deyən müsahibim prezidentə göndərilən ərizənin ona çatmadığından əmin olduğunu deyib: “Bilirəm məmurlar özünü şirin satmaq üçün məktubun prezidentə çatmasına imkan verməyəcəklər. Çatsa əminəm ki, məsələ yerindəcə həll olunacaq”.

“Atam sağ olsaydı, o biri generalların həyat yoldaşı kimi anam da yaxşı yaşaya bilərdi”

Bu yerdə Sona xanım da dilləndi: “Heydər Əliyev adına fondun rəhbəri Mehriban xanım Əliyevaya da məktub yazmışıq. Məktub Nizami Rayon icra hakimiyyətinə göndərilir ki, iş həll olunsun. İcradan bizə yazırlar ki, gedin növbənizi gözləyin. 20 ildir gözləyirik”.

Xaliq Fərzəliyev deyir ki, 211 qəhrəmanı döyüşə göndərəndə növbə ilə göndərməmişdilər. Qazaxıstanda yaşayanda Pəhlivan Fərzəliyevin şöbə rəisi işlədiyini söyləyən müsahibim bildirdi ki, müharibə başlayanda heç kim demədi, dur gəl döyüşə: “Düzdü, döyüşə gedəndə atam fikirləşməmişdi mənim ailəmə ev, pul verərsiniz. Sağ olsaydı, özü saxlaya bilərdi. Hazırda sənin mənim, dövlətin, millətin uğrunda gedibsə, heç olmasa 1 otaqlı evdə yaşamaq bizim də haqqımızdır. 125 deputat Milli Məclisdə qəbul edibsə ki, şəhid ailələri bağ evi ilə, nəqliyyat vasitəsilə təmin olunmalıdır. Onlar lazım deyil, heç olmasa 1 otaqla təmin olunaq. Anamın artıq 50 yaşı var, indi də ev verilməyəcəksə, nə vaxt veriləcək? Bu gün evlə təmin olunmursa, 20 ildən sonra o ev heç lazım deyil. 28 yaşından evsiz yaşayıbsa, daha bundan sonra o ev də lazım olmayacaq. Atam sağ olsaydı, o biri generalların həyat yoldaşı kimi anam da yaxşı yaşaya bilərdi. Artıq düşünürəm ki, ərizə yazıb veriləcək evdən də imtina edim. O ev anam üçün lazımdır. Mənim özümün 30 yaşım var, bir ev tapıb yaşayacağam”.

“Şəhid oğluyam deyəndə elə bilirlər ki, sən dilənçisən”

Bir çox qəzet və televiziyanın gəlib çəkiliş apardığını, lakin deyilənlərin heç 10 faizinin belə işıqlandırılmadığını deyən Fərzəliyev o jurnalistlərin məmur hədəsindən qorxduğunu söylədi: “Mən onları yalançı adlandırmıram, çünki can şirin şeydir, onlar hansısa məmurun hədəsindən qorxurlar. Mən itirdiyimi itirmişəm, qorxum qalmayıb, müraciətimi edirəm. Məmurlar bir milli qəhrəmamın ailəsinin problemini həll edə bilmirlərsə, deməli dar düşüncəlidirlər. Sən haralısan, mən haralıyam söhbəti gedir. Atam hələ sərbəst güləş üzrə bir neçə dəfə çempion olub. O hələ 1973-75-cil ildən Azərbaycanın bayrağını qaldıra-qaldıra gedib. Heç olmasa öləndən sonra hörmət etsinlər. Avropa Çempionların bu gün 1-2 milyon pul verirlər.

Bizdə olan bəzi cır məmurlar o həddə çatdırıblar ki, onların qəbul otağına gedəndə şəhid oğluyam deyəndə adam utanır. Şəhid oğluyam deyəndə elə bilirlər ki, sən dilənçisən”.

1992-ci ildən bəri bircə müsbət nəticənin qardaşı Mobil Fərzəliyevin polis bölməsində serjant kimi işə düzəlməsi olduğunu dedi: “Bir də keçmiş Bakı şəhər baş mühafizə idarəsinin rəisi Mədət Quliyevin qəbulunda birinci dəfə idi gördüm ki, insanı insan kimi qarşıladılar. Sağ olsunlar 600 manat məbləğində o biri Milli Qəhrəmanların ailəsi kimi prezident təqaüdü alırıq. Ancaq 600 manat ev almaq üçün bəs eləmir axı. Mən başqa şey istəmirəm, super market, ya nəsə istəmirəm. Bircə anam üçün ev verilsin. Anam da atamın qanın dövlətə millətə halal elədiyini dilinə gətirsin. Heç mənim də dilim gəlmir ki, deyim atamın qanı bu millət üçün halal olsun”.

“Hansısa şəhid ailəsi evsizdirsə, Aygün Kazımovaya niyə ev verilməlidir?”

Sona Fərzəliyeva isə bildirdi ki, elə milli qəhrəman ailələri var ki, onlara ev də verilib, üstəgəl dükan da verilib. Elələri də var ki, elə onun kimi bu vəziyyətdə qalıb.
1999-cu ildə şəhər icra başçısı olan Rafael Allahverdiyevə müraciət etdiklərini və müraciətin nəticəsi kimi Fərzəliyevlər ailəsinə kiçik köşk yeri verildiyini deyən Xaliq Fərzəliyev Hacıbala Abutalıbovun yeni Bakı yaratmaq adı ilə köşkün əllərindən alındığını söylədi. Fərzəliyevin sözlərinə görə, Abutalubov onlara Zərifə Əliyeva adına park salınacağını deyib: “Amma Zərifə Əliyeva adına park salınmadı. Onun yerinə 9 mərtəbəli ticarət mərkəzi tikildi. Harda boş yer görür park tikir. Əgər parkın içində insanlar ac gəzəcəksə, o park kimə lazımdır?”. Aygün Kazımovaya ev verilir, o deyir ki, evim çoxdur mən qarderob edəcəyəm. Hansısa şəhid ailəsi evsizdirsə, Kazımovaya niyə ev verilməlidir? Düzdür o da xalq artistidir, xalq üçün çalışır. Amma şəhidlə Aygün Kazımova, Faiq Ağayev arasında fərq var. Vallah bizim ailəmiz acgöz deyil ki, deyək nə ver, nə ver 5 manat pul ver. Mən çöldə yaşayım, amma anam rahat evdə yaşamalıdır axı. Onun artıq 50 yaşı var. Atamı tanıyan tanıyır, dövlət də öz qiymətini verib, amma məişət problemi də həll olunmalıdır. Hamının olduğu kimi Pəhlivan Fərzəliyevin də övladı ailə həyatı qurmalıdır”.

Kiçik oğlunu evləndirmək istədiyini söyləyən Sona xanım dedi ki, şəraitsizlik ucbatından deyirəm bala hələ gözlə görək.

“Ayıbdır”

Xaliq Fərzəliyev söylədi ki, Milli Qəhrəmanlar arasında fərq olmamalıdır: “Fikirləşirsən ki, görəsən mənim atam bu ada layiq deyildi? Bəs niyə verdilər bu adı? 20 min adamın içindən seçilib qəhrəman adı verilibsə, deməli fərq var. Axı döyüşə gedəndə atam 42-ci deyildi? Atam birinci gedirdi. Atam kimi elə o biri şəhidlər də. Məişət probleminə gələndə salırlar 42-ci, 35-ci nə bilim nə... Gündə Bakıda nə qədərə binalar tikilir. Onlardan birini şəhid ailəsinə vermək mənə elə gəlir ki, dövlətə ağırlıq gətirməz. Şəhid ailəsinin uşaq bağçasında yaşaması sadəcə olaraq ayıbdır. 1 il olar, 2 il olar 20 ildir yaşamaq ayıbdır. Biləcəridən çıxıb kiməsə desək bizə gülər. Dövlətimiz gücü olomasa heç istəmərəm. Şou aləmində olan insanların əksəriyyətinə ev verilib. Heç olmasa onların səviyyəsinə salıb bizə də versinlər. Son vaxtlar artıq müraciət də etmək istəmirəm. Bizim məmurlarda bir şey var ki, deyirlər başladı demaqoqluq eləməyə. Elə demaqoq da yunan sözüdür “haqqını tələb etmək deməkdir”. Mən də haqqımı tələb edirəm.

Xəzər televiziyadan gəlib çəkdilər, amma insanın hissləri ilə oynamaq düzgün deyil axı. Söhbət ondan gedir ki, siz bizi dolayırdınız, ya zarafat edirdiniz? Zarafat edirdiniz başqası ilə edərdiniz. Şəhid ailəsinin hissləri ilə oynayırsınız. Şəhid ailəsindən biri vətən uğrunda canından keçməyi bacarırsa, o biri də bacarar, hisslərlə oynamağa kim haqq verib?”.

Sona xanım isə dedi ki, onun yaşadıqlarını heç bir məmurun həyat yoldaşı yaşamayıb. O, oğlunun əksinə bildirdi ki, bir də müharibə olsa bir də övladlarını heç vaxt müharibəyə getməyə qoymaz: “42-ci sıra gələndə bəlkə də mən artıq həyatda olmayacam”.

Pəhlivan Fərzəliyevin ad günündə Xəzər televiziyası gəlib ailənin problemlərini çəksə də həmin süjeti efirə verməyib: “Həmin gün Faiq Ağayev bıçaqlanmışdı. Bütün gün hərləyib, fırlayıb efirə onu verdilər. Nə qədər gözlədik, heç bir dəqiqəlik belə süjet efirə getmədi”...

Nərgiz Ehlamqızı