Badamdarda qəsəbə nümayəndəliyi hesabat verib

badamdarda-qesebe-numayendeliyi-hesabat-verib
Oxunma sayı: 1334

Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə Səbail rayon rəhbərliyi, rayonun hüquq-muhafizə orqanlarının, rayonun təsərrüfat xidmətlərinin rəhbərlərinin və qəsəbə sakinlərinin iştirakı ilə  Badamdar qəsəbə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. 

Səbail rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, yığıncaqda Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev hazırda 27 minə yaxın sakinin yaşadığı, 3500 məcburi köçkünün məskunlaşdığı qəsəbədə ötən il görülən işlər barədə məlumat verərək bildirib ki, 2017-cı ildə qəsəbədə geniş abadlıq, yolların təmiri  və  asfaltlaşdırılması işləri aparılıb. 

Qəsəbədəki 239 saylı orta məktəb əsaslı təmir olunub və sentyabr ayının 11-də ölkə başçısı İlham Əliyev məktəbin binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.  

RİH tərəfindən həyata keçirilən “Abad məhəllə” layihəsi çərçivəsində Abbasqulu Abbaszadə küçəsində yerləşən 4 çoxmərtəbəli yaşayış binasının əhatəsində olan həyətin əsaslı təmir olunması  ilə bağlı   yeni layihə hazırlanıb və burada işlər həyata keçirilməyə başlanılıb.  

Toplantıda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev  ölkə başçısı tərəfindən Səbail rayonu və onun qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb.