“Badamlı” yeni zavod tikir - Fotolar

badamli-yeni-zavod-tikir
Oxunma sayı: 4401

“Badamlı” Təbii Mineral Süfrə sularının qablaşdırılması və satışı ilə məşğul olan “Gəmiqaya Mineral Sular” MMC Şahbuz rayonu Badamlı qəsəbəsində yeni istehsal sahəsi tikir.

“Qafqazinfo” xəbər verir ki, şirkət rəsmisinin sözlərinə görə, son illərdə cəmiyyətdəki maariflənmənin nəticəsi olaraq daxili bazarda alıcılar mineral sulara o cümlədən Badamlı sularına digər sulardan daha çox üstünlük verirlər. Bu hal təbii olaraq mineral sulara olan tələbatın qat-qat artmasına səbəb olub:

“Gəmiqaya Mineral Sular” MMC-nin artan tələbatı qarşılamaq üçün yeni və daha böyük istehsal sahəsinin quraşdırılması qərarlaşdırılıb. Yeni zavod 1 hektara yaxın sahəni əhatə edəcək.

Hazırda fəaliyyət göstərən qablaşdırma sahəsində olduğu kimi yeni zavodda da Fransanın Sidel markalı qablaşdırma avadanlıqlarından istifadə ediləcək.Lakin istehsal gücü əhəmiyyətli dərəcədə təqribən 3 qat artırılacaq bununla yanaşı işçi sayı da artacaq.

 Xarici bazarda da tendensiya müsbət yöndə dəyişir. Son illərdə ölkəmizin artan turizm potensialı bizim işlərə də öz müsbət töhfəsini verir. Belə ki, bir çox halda ölkəmizə gələn turistlər “Badamlı” sularını içib çox bəyənirlər. Bu turistlərin arasında bəzən iş adamları da olur. Onlar bizə “Badamlı” sularını öz ölkələrində satmaq üçün müraciət edirlər. Hazırda Rusiya, Çin, BƏƏ, İraq kimi ölkələrə Badamlı sularını ixrac edirik. İxracımız ildən ilə daha da artır. Bütün bu amilləri nəzərə alaraq bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılan yeni istehsal sahəmizin işimizi daha da sürətləndirəcəyinə inanırıq”.

Qeyd edək ki, “Badamlı” suları Azərbaycanın ilk su brendidir. 1947-ci ildən bu yana Sovet İttifaqı ölkələrində içilən ən məşhur sulardan biri idi. 2009-cu ildə isə köhnə istehsal sahələri yeni texnologiyaya əsaslanan zavodla əvəz edilib. Yeni daha böyük istehsal sahəsinin isə 2019-cu ilin sonu 2020-ci ilin əvvələrində açılması planlaşdırılır.