ADP Azərbaycan xalqını təbrik etdi

adp-azerbaycan-xalqini-tebrik-etdi
Oxunma sayı: 807

Partiyanın Mətbuat Xidmətindən “Qafqazifo”ya daxil olan bəyanatda deyilir:
“18 oktyabr o taylı, bu taylı Azərbaycan xalqının tarixində ən möhtəşəm tarixi günlərdən biridir. Xalqımızın fəal dəstəyi və iştirakı ilə 20 il əvvəl, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Parlamenti müstəqillik haqqında Konstitusiya aktını qəbul etməklə dünyanın siyasi tarixinə daha bir dövlətin – Azərbaycan Respublikasının daxil olduğunu rəsmən bəyan etdi.
Beləliklə Azərbaycan xalqı 20-ci yüz ildə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. 20 ildir ki, Azərbaycan dövlətinin bayrağı BMT-nin əsas binasının qarşısındakı meydanda, digər dünya dövlətlərinin bayraqları ilə yanaşı dalğalanır və dövlətimiz beynəlxalq aləmdə öz yerini tutmağa çalışır. Beləliklə də biz, Azərbaycan xalqının indiki nəsli olaraq babalarımızın böyük arzu və ümidlə qarşımıza qoyduqları müstəqil dövlət yaratmaq missiyasını şərəflə yerinə yetirməyi bacardıq və artıq ikinci on illikdir ki, bu dövləti yaşadırıq.
Əziz xalqımız!
Qardaşlar və bacılar!
Sizi bu böyük tarixi gün münasibəti ilə təbrik edirik. Bu tarixi gündə müstəqillik uğrunda şəhid olanların mübarək ruhlarına Uca Allahdan rəhmət diləyir, bu yolda zəhməti keçən hər bir vətəndaşımızın və ümumilikdə xalqımızın qarşısında baş əyirik.
Əziz vətəndaşlarımız!
Təəssüflə qeyd edirik ki, müstəqilliyimizin 20-ci ilini də müqəddəs Qarabağ torpaqlarında suverenliyimizin bərpa olunmadığı, qardaş və bacılarımızın öz Vətənlərində köçkün halında yaşadığı şəraitdə qeyd etməyə məcburuq. Eyni zamanda bu illər ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının, qanunların aliliyinin və demokratiyanın bərqərar olmasına, beləliklə də hər bir vətəndaşımızın azad və xoşbəxt həyatına nail ola bilməməyimiz bizi üzür.
Biz bilirik ki, Azərbaycanın mövcud idarəçilik sisteminin istiqlal təfəkküründən uzaq olması, xalqına və millətinə laqeyd yanaşması, ölkənin demokratik inkişafı deyil, hakimiyyətinin ömrünü daha çox uzatmaq strategiyası ilə fəaliyyət göstərməsi, ölkəmizdə əsas azadlıqların boğulması, seçkilərin saxtalaşdırılması, iqtisadi monopoliyanın, korrupsiyanın, polis rejiminin mövcudluğu və s. problemlər hər bir vətəndaşımızı incidir, sizi müstəqilliyə layiq olan dəyəri verməməyə sövq edir və dövlətimizin həm iqtisadi, həm də hüquqi baxımdan inkişafı uğrunda mübarizə aparmaqdan çəkindirir. Amma biz dünya xalqlarının təcrübəsindən onu da bilirik ki, dövlətin yaradılması ilə xalqların işi bitmir, əksinə müstəqillik əldə edən millətlərin nümayəndələri daha ayıq olmalı, daha ciddi mübarizə aparmalı və öz dövlətinin əsil sahibi olduğunu heç bir zaman unutmamalıdır.
Əziz Azərbaycan xalqı!
Bir daha sizi bu möhtəşəm bayram münasibəti ilə təbrik edir, sizə xoşbəxtlik, hamımıza xalqımızın ümumi mənafeləri uğrunda mübarizədə daha böyük dönməzlik və qətiyyət arzu edirik.
Azərbaycan Demokrat Partiyasının İdarə Heyəti
Bakı, 17 oktyabr 2011-ci il”