AFFA FİFA-dan cavab gözləyir

affa-fifa-dan-cavab-gozleyir
Oxunma sayı: 634

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qurumun rəsmi saytında bildirilir ki, 13.10.2010-cu il tarixdə FİFA-nın Mübahisələrin Həlli Palatası “Xəzər Lənkəran” FK-nın futbolçu Romulo Silvano Silvaya 30 gün müddətində 114 000 (yüz on dörd min) ABŞ dolları ödəməsi barədə qərar qəbul edib.

Qərara əsasən, göstərilən məbləğ ödəniləcəyi vaxta qədər illik 5% cərimənin ödənilməsi də nəzərdə tutulub. 31.10.2011-ci il tarixdə FİFA-nın Nizam-İntizam Komitəsinin katibliyi borc ödənilmədiyi üçün kluba qarşı inzibati icraat işi başlamış və klubdan 21.11.2011-ci il tarixə qədər borcu ödəməyi tələb edib. “Xəzər Lənkəran” FK 29.11.2011-ci il tarixdə FİFA-nın Nizam-İntizam Komitəsinə müraciət edərək hazırda borcu ödəmək üçün lazımi vəsaitin olmamasını əsas gətirib və ödəmə müddətini uzatmağı xahiş edib. Bundan sonra FİFA-nın Nizam-İntizam Komitəsi 30.11.2011-ci il tarixdə klubun FİFA-nın hüquq orqanının qərarını icra etməməsi barədə məsələyə baxaraq aşağıdakıları qərara alıb:
1. “Xəzər Lənkəran” FK FİFA-nın hüquq orqanının qərarının yerinə yetirilməməsində günahkar hesab olunsun.
2. “Xəzər Lənkəran” FK FİFA-ya 30 gün müddətində 15 000 (on beş min) İsveçrə frankı cərimə ödəsin.
3. “Xəzər Lənkəran” FK-ya borcun ödənilməsi üçün 30 gün vaxt verilsin.
4. Bu müddət ərzində borc ödənilmədiyi təqdirdə futbolçunun tələbinə əsasən klubun əsas komandasından 6 xal çıxılsın. Xalların çıxılması FİFA-nın tələbinə əsasən yerli assosiasiya tərəfindən həyata keçirilsin.

Bu qərar çıxarıldıqdan sonra “Xəzər Lənkəran” FK 09.02.2012-ci il tarixdə futbolçunun əsas borcunu və FİFA-ya ödəniləcək cərimələri ödəyib. Borc gec ödənildiyi üçün 7573 (yeddi min beş yüz yetmiş üç) ABŞ dolları məbləğində hesablanan faiz məbləği ödənilməyib. Faiz məbləğinin ödənilməməsi barədə futbolçunun agenti FİFA-ya 12.03.2012-ci il tarixdə müraciət edib və klubdan 6 xalın çıxılmasını xahiş edib. Bu şikayət əsasında FİFA-nın Nizam-İntizam Komitəsi 29.03.2012-ci il tarixdə AFFA-ya müraciət edərək klubdan 6 (altı) xalın çıxılmasını və bu barədə FİFA-ya müvafiq sübutun göndərilməsini tələb edib. FİFA tərəfindən AFFA və kluba ünvanlanan sonuncu müraciətdən sonra “Xəzər Lənkəran” FK 30.03.2012-ci il tarixdə əsas borca hesablanmış faizi də ödəyib. Borc tam ödənildikdən sonra AFFA FİFA-ya müraciət ünvanlayaraq klubun xallarının çıxılması barədə sanksiyanın tətbiq olunmamasını xahiş edib. Hazırda AFFA bu müraciətinə FİFA-nın cavabını gözləyir.

Ceyhun Əhmədov