“Ağ” və “qara” fiqurlar

ag-ve-qara-fiqurlar
Oxunma sayı: 872

Hər bir insanın idrakaltı sferada düşündüyü, lakin heç vaxt dilinə gətirmədiyi bir fikir var. Bu, onun cəmiyyətdə hansı təbəqənin təmsilçisi olmasıdır… Bu günlərdə bankda işləyən bir rəfiqəm mənə bununla bağlı ilginc bir əhvalat danışdı. Onun çalışdığı bankın keçirdiyi tədbirlərdə, ekskursiyalarda və s. sürücülərin, çayçıların, xadimələrin və digər “qara” işlərdə çalışanların yuxarı təbəqə ilə bir yerdə oturdulması, yan-yana durması mümkünsüz bir işdir. Bu günlərdə bankın bir əməliyyatçısının toy günündə “qara” təbəqəyə “yuxarı” təbəqədən kənarda stol açılıb və onlara başqa işçilərlə birlikdə şənlənmək “protokol qaydalarına uyğun” yasaq olunub.

Əlbəttə, istənilən cəmiyyət üçün təbəqələşmə tendensiyası labüddür. Lakin Azərbaycan kimi dünyəvi dəyərlərin tam mənimsənmədiyi bir dövlətin kiçik bir bankında insanlar arasındakı bu qədər kəskin ayrı-seçkiliyin nədən qaynaqlanması maraq doğurur…
İnsanın içərisində gizlənən eqonun, şəxsi vaciblik hissinin bu şəkildə üzə çıxması qorxuncdur.

Əslində cəmiyyətin “ali”, “orta” və “aşağı” təbəqələrə bölünməsi, ümumiyyətlə reabilitasiya olunmayan məsələdir. Ali təbəqənin-sosyetenin “qara camaat”dan fərqləndirilməsi “yazılmamış qanunların” bir hissəsidir. “Elitar” mədəniyyət deyilən bir anlam var ki, “aşağı təbəqə”nin bunu mənimsəməsi üçün ona yuxarıdan aşağı baxılmaması və aşağılanmaması gərəkir-bu isə mümkünsüzdür.
Belə görünür ki, insanların bir-birindən fərqlənməsi metafizik aksiomadır.

***

Odetta Kün İngiltərə haqqında təəssüratlarında yazırdı: “Bir dəfə Londonda hərəsinin iki qapısı olan iki tikiliyə rast gəldim. Onlardan birinin üstündə bu sözlər yazılmışdı: “Centlmenlər-1pens; kişilər-pulsuz”. O birinin üstündə isə bu sözləri oxudum: “Ledilər-1 pens; qadınlar-pulsuz”. Bu yazılara baxa-baxa orada o qədər çox dayandım ki, axırda bir polis nəfəri mənə yaxınlaşıb dedi ki, bəlkə pul kisəmi evdə qoymuşam, lazımdırsa 1 pens borc verə bilər. Lakin mən dalbadal bu qədər sarsıntıya dözə bilməzdim və məni ilk baxışdan lediyə oxşatmış polis nəfərinə minnətdarlıq hissindənmi; belə təhqiredici yazıları olan bu tikililəri indiyədək yandırıb yerlə-yeksan etməmiş londonluların bu qədər təmkinli, səbrli olmasından riqqətə gəldiyimdənmi; ya da centlmenlə kişi, ledi ilə qadın arasında cəmi-cümlətanı 1 penslik fərq olduğunu kəşf eləyib, onu belə açıq şəkildə elan etməkdən çəkinməyən İngiltərə demokratiyasının böyüklüyündənmi-axır ki, bilmirəm, nədənsə doluxsunub ağladım.”

***

Hansı təbəqəyə aid olmağımızdan, cəmiyyətdəki statusumuzdan asılı olmayaraq, hamımız insanıq. “Qara” təbəqənin elə təfəkkür sahibləri var ki, kübarlar özləri belə onlara bu cəhətlərinə görə həsəd apara bilərlər. Bizdə kübarlıq-dəbdəbəli həyatın inikası kimi başa düşülür. Kiçik bir bankın xadimə-sürücüsündən başqa yerdə qalan işçilərinin hamısının ucdantutma elitar təbəqə hesab olunması sadəcə, gülüncdür. Yalnız şəxsi vaciblik hissindən, eqodan xilas olan adam başqalarını alçaltmağa qadir olmur…
Jozef Adissona görə, biz-insanıq və biz-insanları başqa varlıqlardan fərqləndirən yalnız bir cəhətimiz var ki, bu da gülmək istedadımızdır.

Belə naqisliklərə sadəcə gülmək lazımdır… Dünyanı şahmat taxtasına döndərib insanları bu şəkildə “ağ” və “qara” fiqurlara bölərək 1 penslə bir-birindən ayıran qanunlara gülmək…