Ağalar Məmmədovun saqqalsız obrazı

agalar-memmedovun-saqqalsiz-obrazi
Oxunma sayı: 912

Əgər diqqət edirsinizsə, Ağalar Məmmədovun İslama hücumu Qərb ateistlərinin məhsulu olan 101 mövzudan o yana keçmir . Bu mövzular əsasən Aləmlərə rəhmət olaraq göndərilən Hz. Muhamməd (s.a.s.)-in 9 yaşlı Hz. Aişə (r.a.) ilə evlənməsi, həmçinin həyatı boyu 9 xanımla ailə qurması, İslamın demokratiyanın əleyhinə olması iddiası, Peyğəmbər (s.a.s.) şairləri öldürtməsi iftirası və sairələrdən ibarətdir. Ən maraqlısı isə odur ki, son 200 ildə həmin mövzuların sayını heç cür 102-yə qaldırmağa müvəffəq olmayıblar.

Fazil Mustafanın “Fətva” məqaləsinə cavab yazan “filosof” yenə ənənəvi mövzulardan istifadə edir: dini baxış, elmi yanaşma, İslam dininin “ərəb dini” olması, Hz. Muhamməd (s.a.s.)-in bütpərəstlikdən çıxması və nəhayət saxta hədis iddiası. Onu da qeyd etməliyəm ki, Ağalar Məmmədovun bu bayağı mövzuları əlində bayraq edərək meydan sulamasının səbəbi biz müsəlmanların acizliyidir. Rafiq Tağının ölümü məsələsinə Azərbaycan cəmiyyətində məmə yeyəndən pəpə deyənə qədər hər kəs münasibət bildirdi. Hicablı-hicabsız, dindar-dinsiz ayrımı olmadan böyük əksəriyyət bu ölümü pislədi. Şəxsən mən cəmiyyətin belə bir mövqeyi ilə razılaşmasam da, ortada bu cür münasibət olduğu halda 53 nəfər çıxıb Rafiq Tağının adından istifadə edərək İslam dinini aşağılayan bəyanat yaydılar. Məmmədovun adı həmin siyahıda birincilər arasında olması azmış kimi, indi də Fazil Mustafanı vasitə edərək İslamı və onun peyğəmbəri olan Hz.Muhamməd (s.a.s.)-i kiçiltmək cəhdi göstərir.

Mən Azərbaycandan minlərlə kilometr uzaqda yaşadığım halda Ağalar Məmmədovu əlimin içi kimi tanıyarkən, Azərbaycanda yaşayan müsəlmanların onu tanımamaları çox təəccüblüdür. Jurnalistin illər öncə “Niyə saqqal saxlayırsınız?” sualına Məmmədov “Kütlədən fərqlənmək üçün” cavabı verdikdə cəmiyyət hamılıqla “kütlə” kimi susaraq “filosof”-a məğlub oldu. Məmmədov cəmiyyət üzərində o zəfərindən sonra məğlubedilməzlik titulunu bu günə qədər qorumağı bacarmışdır.

Bu sətirləri oxuyarkən elə düşünməyin ki, hədəfim Ağalar Məmmədovdur. Əsla və əsla bu belə deyildir. Ağalar Məmmədov hansı ideologiyadan olur olsun, nəyə qulluq edir etsin, o da cəmiyyətimizin bir üzvüdür və Azərbaycanın gözəl-səfalı torpağından su içir. Mənim mübarizəm şarlatanizmlədir. Bu dünən də belə olub, bu gün də belədir, İnşAllah ruhumu təslim edənə qədər də belə olacaqdır.

Babək Xurrəmidin haqqında, elmin və dinin fərqlilikləri barəsində dəfələrlə elə bu “Qafqazinfo” portalında yazmışam. Maraqlananlar olsa, həmin yazıları böyük məmnuniyyətlə təqdim edə də bilərəm. Bu baxımdan nə Babək, nə də elm və din haqqında yazmaq istəmirəm. Yazacaqlarım şarlatanizmin iddiaları barəsində olacaqdır.

Şarlatanizm İslam dininin 1400 il bundan əvvəl meydana gəldiyindən müasir təfəkkürlə uyğunlaşmadığını iddia edir. Digər yandan isə şarlatanizm eramızdan 3-4 min il əvvəl mövcud olmuş qədim yunan fəlsəfəsini özünə rəhbər tutur. Görəsən, biz müsəlmanlar niyə şarlatanizmdən soruşmuruq ki, zaman baxımdan bizdən 1400 il uzaqdadır, yoxsa eramızdan 3-4 min il əvvəl?

Şarlatanizm tanrısız əxlaq nəzəriyyəsini hər an önə çıxarır. Lakin təcrübə baxımdan nümunə olaraq bir ədəd belə dinsiz cəmiyyət göstər bilmir. Masonlarda belə tanrıya itaət fəlsəfəsi vardir. Görəsən, biz müsəlmanlar niyə şarlatanizmdən soruşmuruq ki, tanrısız əxlaq nəzəriyyəsindən danışırsınızsa, bizə tanrısız əxlaq təcrübəsini də göstərin.

Şarlatanizm elmin inkişafı ilə dinin cəmiyyətdə zəifləyəcəyini iddia edir və hər şeyə elmin gözü ilə yanaşılmasını istəyir. Görəsən, biz müsəlmanlar niyə şarlatanizmdən soruşmuruq ki, oğulun öz anası və yaxud bacısı ilə cinsi əlaqəyə girməsinə elmi baxımdan yanaşılmalıdır, yoxsa dini?

Şarlatanizm insanın təkamül vasitəsi ilə maddədən (bakteriyadan) əmələ gəldiyini və maddənin də mənəviyyatı olmadığını iddia edir. Görəsən, biz müsəlmanlar niyə şarlatanizmdən soruşmuruq ki, insanın danışdığı dil onun zooloji tərəfidir, yoxsa mənəvi?

Şarlatanizm İslam dinində insan haqlarının olmamasını iddia edir. Digər yandan isə İslamın insana dediyi “əşrəfi məxluq”, yəni məxluqatın ən şərəflisi fikrinə qarşı çıxaraq, insanın insan deyil, “kamil heyvan” olduğunu irəli sürür. Görəsən, biz müsəlmanlar niyə şarlatanizmdən soruşmuruq ki, insan əgər insan yox, “kamil heyvan”-dırsa, “kamil heyvan”-da insan haqqları haradan olmalıdır?

Şarlatanizm müasirliyin və inkişafın ateizmə aid olduğunu iddia edir. Ateizm isə insanın ruhunun olmasını rədd edər. Digər yandan isə kainatda mümkün olan və bilinən üç həqiqət dərəcəsini təşkil edən maddə, həyat və şəxsiyyətdən sadəcə maddə, ateizmə və onun iddia etdiyi ruhsuz insana yaxındır. Görəsən, biz müsəlmanlar niyə şarlatanizmdən soruşmuruq ki, ateizmin iddia etdiyi ruhsuz insan həyat və şəxsiyyət olmadan yalnız maddə ilə müasirliyə və inkişafa necə nail ola bilər?

Sonda, hər zaman olduğu kimi sözüm yenə sənədir, ey mənim müsəlman qardaşım. İki gənc balıq yaşlı balıqdan “Hər kəs sudan danışır. Bu su nə olan şeydir? Onu bizə göstərə bilərsənmi?”-deyə soruşur. Yaşlı balıq isə öz növbəsində: “Sudan başqa mənə bir şey göstərin, mən də sizə suyu göstərim” deyərək cavab verir. İndi ətrafda hər şey Allahı xatırlatdığı halda, biz hələ də Allahı görmürüksə, nə Məmmədovu, nə də digərlərini qınamaq lazımdır. Heç unutmayın ki, şarlatanizmi qapıdan qovmaq da zillətdir, şarlatanizmə məğlub olmaq da!

Qeyd: Əgər 2010-cu ilin yay aylarında dostum və qardaşım Qurban Yaquboğlu mənim Ağalar Məmmədov ilə mətbuat qarşısında debatımı təşkil etsə idi, indi bu at oynatmalar da əminəm ki, olmazdı.