Bağça müəllimələrinin analiz cavabına sevinmək

bagca-muellimelerinin-analiz-cavabina-sevinmek
Oxunma sayı: 3256

Nərmin Dadaşova

Dünən qələmdaşım Dünya xanımın uşaq bağçaları haqqında yazdığı “Uşaq bağçaları nəzarətsiz qalanda” başlıqlı yazısını bir içim su kimi başıma çəkdim. Qızlarım günlərinin çox hissəsini bağçada keçirdiklərindən bu mövzu mənim üçün olduqca həssas məsələdir. 

Ananın evdar qadın olub-olmamasından asılı olmayaraq, uşaqların bəlli yaşdan sonra məhz evdə yox, bağçada tərbiyə almasının tərəfdarıyam. Çünki bu müqəddəs ocaqlar bizim uşaqlarımızın ilk sosiallaşdığı, özlərinə dost qazandıqları yerdir. 

Mənə görə uşağın ən yaxşı öyrətməni məhz başqa bir uşaqdır. Di gəl, elə bir vəziyyət yaranıb ki, Dünya Sakitin də qeyd etdiyi kimi, uşaq bağçası deyəndə ilk olaraq bir-birimizə verdiyimiz sual  “qəbul üçün nə qədər pul ödəmisən” fəlakətidir. Bəli, bu gün Bakı şəhərində fəaliyyət göstərən bağçaların qəbul şərtləri arasında birinci yerdə müəyyən bir məbləğ dayanır. O məbləğ ki, uşaq bağçasının yerinə, şəraitinə və müdirinin insafına görə dəyişir. Bu pulu verməkdən imtina etdinsə göyə də dırmaşsan aldığın cavab eyni olacaq: “yerimiz yoxdur”.

Mən, dünyanın ən yekəxana anası, qızları bağçaya qoyana qədər çox bəşəri çıxışlar edirdim.“Ay mənim balalarım rüşvət nədir bilməz, heç kimə bir qəpik rüşvət vermərəm filan” deyirdim. Çox təəssüf ki, özüm onların evdən çölə atdıqları ilk addımlarındaca prinsiplərimin üstündən qalın bir xətt çəkəsi oldum.

Bəli, bəli, elə mən də, sizin kimi, qızlarımın hər birinə görə ayrılıqda bağçaya “qəbul pulu” ödəmək məcburiyyətində qaldım. Sonra da, uzun müddət, büdcəmin belini qırmış məbləğ hər dəfə ağlıma gəldikcə, özümə “əşi, eybi yoxdur, əsas odur yaxşı bağçadır, qidası, şəraiti, tərbiyəçiləri ürəyimcədir” deyib təsəlli verdim. Manaf Ağayevin sözü olmasın, “this is a big problem”.  This is ona görə a big problemdirki, bağça nəyə görə də pis olmalıdır? 

Uşaqların əmanət olunduğu bir dövlət müəssisəsinin yaxşısı, pisi niyə olmalıdır ümumiyyətlə? Niyə Mehdiabadda yerləşən uşaq bağçasındakı körpə kompot içməməlidir, niyə onların binası tövləyə, bizim bağçamızın binası isə əyləncə mərkəzinə bənzəməlidir? Niyə balaca-balaca uşaqlar bu ayrıseçkilik, bu təbəqələşmə altında əzilə-əzilə böyüməlidir?

Bu gün, Nazirlər Kabineti “Məktəbə qədər təhsil sahəsində təhsil verənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib. Bundan sonra bağça müəllimləri işə götürülmədən öncə ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən, ağciyərlərin rentgenoqrafiyası, qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə), nəcisin analizi (helmitozlara və patogenibtidailərə yoluxma ilə bağlı), süzənək testi, bağırsaq infeksiyaları ilə bağlı bakteriya gəzdiriciliyinə görə müayinədən keçməli olacaqlar. Əgər həqiqətən də əməl olunacaqsa, əla təşəbbüsdür. Onların analiz cavablarının “təmiz” çıxması mənim üçün öz səhhətimdən daha vacibdir, inanın.

Ancaq başqa bir nüans da var, oxucu dost. Ağciyəri təmiz olan, ancaq təfəkküründə, beynində qara-qura ləkələr olanlardan, uşaqlara beş-on manat pul gözü ilə baxanlardan, vicdanını evdə qoyub gələnlərdən necə qoruyaq uşaqlarımızı? Bu iş yenə də özümüzə qalır. Öz uşağınız oldu ya yox, fərq etməz, hüququ tapdanan, döyülən, əzilən bütün uşaqlara gördüyün andaca sahiblən, lütfən. Çünki bu gün əzilən, travmalarla böyüyən körpə sabah böyüyüb mütləq “əzən” tərəf olacaq.