Ağdamlı ziyalılar prezidentə müraciət etdilər

agdamli-ziyalilar-prezidente-muraciet-etdiler
Oxunma sayı: 1106

“Media forum” saytının məlumatına görə, müraciətdə deyilir:

“Hörmətli cənab prezident!

Son zamanlar respublika mətbuatında çox geniş müzakirə mövzusuna çevrilmiş bir məsələ - görkəmli Azərbaycan alimi Rafiq Əliyevin şəxsiyyətinə yönəlmiş müzakirələr biz Ağdam ziyalılarının da böyük narahatlığına səbəb olub.

Hörmətli cənab prezident!

Bildiririk ki, Rafiq Əliyev Ağdamın yetirməsidir və bu müraciətdə adı çəkilən bir qrup qocaman müəllimlərin bir çoxu onun bir ziyalı kimi formalaşmasında zamanında zəhməti olanlardır.

Rafiq Əliyev bütünlüklə xalqımızın iftixarı olan bir ziyalı, dünya şöhrətli bir alimdir. Biz heç də onun işdən çıxarılmasına narahatlıqla toxunmaq istəmirik. Belə hal hər bir vəzifə sahibi üçün gözləniləndir, buna təbii baxmaq lazımdır. Bəs elə isə adi bir işdən çıxarılmanı niyə ölkə mediasında və ayrı-ayrı qurumlarda böyük bir müzakirə mövzusu ediblər?

Rafiq Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının professoru olmaqla yanaşı, həm də dünyanın bir çox tanınmış universitetlərinin fəxri professorudur. Bu sırada Corciya (ABŞ), Təbriz (İran), Siegen (Almaniya), Yaxın Doğu (Türkiyə), Şimali Kipr və başqa məhşur elm-təhsil ocaqları da var.

Bu yerdə çox da uzaq olmayan tariximizin bir məqamını xatırlatmaq istəyirik. Bir zamanlar vətənindən didərgin salınmış Azərbaycanın görkəmli ziyalısı Əhməd bəy Ağayev sonralar Türkiyədə böyük Atatürk Mustafa Kamalın baş müşaviri olmuş və dünyanın beş universitetinin fəxri professoru seçilmişdi. Bundan əlavə, bir vaxtlar oxşar taleyi yaşamış görkəmli ədəbiyyatşünas alim, professor Mikayıl Rəfilini də kafedra müdirliyindən və partiyadan xaric etmişdilər. Lakin bir gün sonra Mircəfər Bağırovun göstərişi ilə həmin qərar ləğv edilərək, onun ətrafında başlanan kampaniyaya son qoyulmuşdu.

Cənab prezident!

Professor Rafiq Əliyevə qarşı çıxanlar çox yaxşı bilirlər ki, əgər Rafiq Əliyev istəsə bu gün dünyanın ən məşhur universitetlərində kafedra müdiri seçilə bilər və bu yolda onun dünyanın bir çox aparıcı dillərini mükəmməl bilməsi də böyük rol oynayır. Bəs bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında vətənimizi, xalqımızı və dövlətimizi necə qələmə verər? Dünya şöhrətli alim Lütfi Zadəni Sizin xüsusi hörmət və izzətlə, böyük hörmətlə qəbul etməyiniz və onun professor Rafiq Əliyevi özünün elmi varisi elan etməsi də çox məsələlərə aydınlıq gətirməlidir.

Möhtərəm cənab prezident!

Bəziləri professor Rafiq Əliyevin bəzi ictimai-siyasi məsələlərə və problemlərə baxışlarını da qabardır. Gəlin Rafiq Əliyevin və digər vətənsevər ziyalıların Ziyalılar Forumunda müzakirəyə çıxardıqları bəzi məsələlərə diqqət edək. Onlar xalqımızın və elə Sizin də böyük dərdiniz olan Dağİıq Qarabağ problemi barədə müzakirələr aparıb, təkliflər səsləndiriblər. Axı bu problemi Siz hər gün düşünürsünüz. Bunlar dövlət başçısı olaraq Sizə mənəvi dəstək deyilmi?

Ziyalılar korrupsiyaya qarşı mübarizədən danışırlar. Bu ağrılı problem Sizi də düşündürməsəydi yəqin ki, sərəncamınızla bu bəlaya qarşı Prezident Administrasiyasında, Respublika Baş Prokurorluğunda, Milli Təhlükəsizlik Nazirliyində müvafiq komissiyalar yaradılardımı?!

Maraqlıdır ki, indi Rafiq Əliyevi bu məsələlərə toxunmaqda qınayanlar bir zamanlar bütövlükdə ziyalıları ölkə əhəmiyyətli problemlərə susmaqda qınayırdılar.

Cənab prezident!

Biz birmənalı olaraq düşünürük ki, respublika ziyalıları arasında narahatlıq doğuran məlum ixtilafın yaradılması hər şeydən əvvəl cəmiyyətimizin birliyinə vurulan zərbədir. Bu həm də ümumi sabitliyin qorunub daha da möhkəmlənməsinə ağır zərbədir, cəmiyyətdə narahatlıq doğuran haldır.

İndi ortada böyük bir narazılıq meydanı açmış bəzi insanlar, xüsusən də professorlarımız bilməli idilər ki, yaşının hər ili üçün bir fundamental əsərin, çoxsaylı elmi məqalələrin müəllifi, yüzlərlə elmi kadrlar yetişdirən dünya şöhrətli bir alimə göstərilən bu hörmətsizlik səssiz-küysüz də ötüşə bilərdi. Axı bu qədər hay-küyə nə ehtiyac var idi? Ziyalı da alim yoldaşına qarşı çıxarmı, onun haqqında lazımsız fikirlər deyərmi, könül bulandıran, qəlbə dəyən fikir söyləyərmi?

Cənab prezident!

Biz ziyalılar Sizin dəfələrlə rayonumuzda olmağınıza və Ağdamın, ağdamlıların ünvanına xoş sözlər söyləməyinizə, bu bölgəyə göstərdiyiniz xüsusi diqqət və qayğınıza güvənərək, Sizə müraciət edirik. Güman edirik ki, dünyanın qəbul etdiyi bir tanınmış alimə - professor Rafiq Əliyevə yönəlmiş bu kampaniyanın qarşısını böyük öndərimiz Heydər Əliyevə məxsus bir tutarla alacaqsınız.

Böyük hörmətlə:

Çimnaz Əliyeva, prezident təqaüdçüsü, əməkdar mədəniyyət işçisi;

Səlim Əzimov, əməkdar müəllim;

Bəbir Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin üzvü;

Qara Hüseynov, təqaüdçü müəllim;

Hacı Ədalət, Fred Asif Assosiasiyasının prezidenti;

Rafiq Rüstəmov, əməkdar mədəniyyət işçisi;

Xanış Məmmədov, təqaüdçü müəllim;

Allahverdi Dolxanov, professor;

Məmməd Məmmədov, ali dərəcəli həkim;

İldırım Səfərov, təqaüdçü müəllim;

Kamal Məhərrəmov, təqaüdçü müəllim;

Ramil Hüseynov, ehtiyatda olan polkovnik-leytenant;

Fərrux Rüstəmov, təqaüdçü müəllim;

Talıb Abbasquliyev, təqaüdçü müəllim və başqaları (cəmi 35 imza)”.