“Bağışlayıram, amma çölə çıxsa, kişi kimi pulumu qaytarsın”

bagislayiram-amma-cole-cixsa-kisi-kimi-pulumu-qaytarsin
Oxunma sayı: 3058

Bakı Ağır Cinayətlər Məhkəməsində ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin qardaşı, dələduzluqda təqsirləndirilən Mirəddin Ağayevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə zərərçəkənlər ifadə verib.

Gülər Əhmədli deyib ki, Mirsahib Babayevə 8 min manat veriblər: “Pulu atam vermişdi, Mirsahib məni “Asan Xidmət”də işə düzəldəcəkdi. Demişdi ki, işi Mirəddin Ağayev vasitəsilə həll edir. Artıq bizə dəyən ziyan tam ödənilib, şikayətimiz yoxdur”.

Gözəlxanım Səmədova isə həbsdə olan oğlunun əfvlə azadlığa çıxması üçün 20 min manat verib: “Mən Adili tanıyırdım, pulu ona verdim. Sonra Mirəddinlə görüşdük, o mənə dedi ki, “Əfv Komissiyasında həkiməm, uşağını çıxaracağam, əmin ol”. Amma iş alınmadı, Adil dedi ki, pulun 10 min manatını Mirəddinə verib. O da dedi, qaytaracağam, bir hissəsini ödəsə də, qalanı qaldı. Mən bir qadın kimi Mirəddini bağışlayıram, amma çölə çıxsa, kişi kimi pulumu qaytarsın”.

Zaur Abbasov da başqa bir adam vasitəsilə işə düzəlmək üçün verdiyi 1200 manatın geri qaytarıldığını deyib.

Təqsirləndirilən Mirəddin Ağayev isə bir çox adamların onun adından sui-istifadə etdiyini bildirib: “Bura gələnlər özləri də deyirlər ki, mənə pul verməyiblər. Kimlərdə mənim adımdan istifadə edərək dələduzluq edib. Amma onlar kənarda qalıb. Mən bəzi adamlar üçün iş görmək istəmişəm, alınmayıb. İndi də cəzasını çəkirəm. Danışmıram, susuram, görürəm ki, haqsızlıq olunur. Mən pul aldığım insanlara zərəri ödəməyə çalışıram”.

Proses yanvarın 18-də davam etdiriləcək.

İttihama görə, M.Ağayev vətəndaş Qəzənfər Qəzənfərovdan 2 min manat alıb qaytarmadığı üçün həbs edilib. İstintaq zamanı müəyyən edilib ki, o, 4 nəfərdən 86 min manat alaraq dələduzluq edib. 
Murad Əhməd