Ağlama, Rövşən...

aglama-rovsen
Oxunma sayı: 665


Olimpiada elə-belə mübarizə növü deyil. Bunun fəlsəfi mahiyyəti var. Bu yarış haqda verilən informasiyada olimpiya oyunlarının yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul edilməsinin vacibliyi vurğulanır. O da qeyd olunur ki, olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir.

“Dumanlı Albion”da mübarizə davam edir. Son məğlubiyyətlər-erməniyə, Cənubi Azərbaycan təmsilçisinə uduzmağımız ürəyimi parçaladı. Məğlubiyyət-məğlubiyyətdir. Dəxli yoxdu, idmanda oldu, siyasətdə, müharibədə, ya incəsənətdə. Hər məğlubiyyət, hər zəfər bir siayasətdir zatən... Hə, yunan-roma güləşi üzrə mübarizə aparan təmsilçimiz Rövşən Bayramov iranlı Reyhanpura finalda məğlub oldu. Mükafatlandırma zamanı isə ağladı. Əməlli-başlı ağladı Rövşən. Belə ağlamaq adətən qeyri-ixtiyari olur. “Kişi ağlamaz” deyənlər onu anlasınlar, lütfən. Necə ki, mən anlayıram. İdmanda uduzmaq bir növ gücsüzlüyün isbatı kimi təqdim olunur. Analoji tatamidə xeyli rəqib görmüşəm. Uduzmaq qorxusu adama çox vaxt güc verir: uduzub rüsvay olmamaq üçün şirə, pələngə dönürsən... Şəxsən mənim üçün həmişə uduzmaq biabırçılıq hesab olunub. İdmançı yarışa böyük inamla qatılmalıdı. Mən bizim bu dəfəki olimpiadaçıların yerinə olsaydım, potensialım imkan verməsəydi, heç vaxt mübarizəyə qoşulmazdım... Hər halda hər bir idmançı öz potensialına, nəyə qadir olduğuna yaxşı bələddir-bu, artıq aksiomadır. Nigeriyalı boksçunun əzəmətli görünüşünü görən an bizim Lenanın məğlubiyyətini hiss etdim. Rövşənin rəqibi elə də inamlı təsir bağışlamırdı. Baxmayaraq ki, inamla oynadı. Nə isə.

Gələlim, Rövşənin göz yaşlarına... Niyə ağladı Rövşən Bayramov? Niyə ağlamalıydı? Bu qədər məşq, təcrübə hara getdi bəs? Bəs məsuliyyət? Hələ çəkilən xərcləri demirəm. İdmançımız niyə şir ürəkli ola bilmədi? İnanmıram ki, məşqçi pis olsun. Gücün, enerjinin, məsuliyyətin məşqçiyə aidiyyatı yoxdu. Rövşən Azərbaycan idmanının bu gününə ağladı elə bil. Gülünc günə düşməyimizə ağladı. Ermənilərin sevincinə ağladı. Millətin əynindən, boğazından kəsilən pullarla lazımsız olimpiya komplekslərinin tikilməsinə ağladı. Utandığından, xəcalət çəkdiyindən ağladı. Hərçənd ö özü öz göz yaşlarının səbəbini bunda görə bilməz-bu cür düşünmək üçün daşıdığın məsuliyyəti dərk etmən lazımdı öncə. “Buna da şükür, gümüş medal qazandı”,- deməyin, lütfən. O, gümüş medal qazanmadı, qızıl medalı əldən verdi-bu cür dərk etməliyik. Hərbi mübarizə elə ilk öncə belə sivil mübarizələrdən başlayır. Rinqdə, tatamidə və s. erməni bizimkiləri qatlayıb dizinin altına qoyursa, cəbhədə necə olacaq bəs? Nə ad verirsiniz, verin. “Uman yerdən küsərlər” deyiblər. Göz yaşlarını silmək üçün dəsmal tutan əl bayrağımızı tutmalıydı.Hansısa Reyhanpurun himni altında göz yaşı axıtmaq... nə bilim vallah...

***

Ümid digər idmançılarımıza qalıb. İnşallah ki, onlar da başıaşağı geri dönməzlər.

P. S. Mən hələ də bilmirəm ki, bu qədər məğlubiyyətin fonunda Londonda Azərbaycan idmançılarının şərəfinə təşkil olunan ziyafət nə demək idi? Üstəgəl yuxarı eşelonun ziyafətə qatılmasına necə qiymət verək, bunu bilmirəm. Nəyi qutlayırdılar? Erməniyə uduzmağımızı?