“Ağlı olanın dini olar...”

agli-olanin-dini-olar
Oxunma sayı: 709

İmam Əlinin (ə) “Ağıllı düşmən cahil dostdan yaxşıdır” kəlamı bunu gözəl ifadə edir. Lakin ağıl dedikdə söhbət hamının özündə olduğunu iddia edən “ağıldan” yox, ağıllılar tərəfindən qəbul olunmuş ağıldan gedir. Ən ali ağıllı dedikdə, şübhəsiz ki, bütün varlıqları yaradan, onları lazım olan üzvlərlə təchiz edən, qida, artım, inkişaf və s. üçün tələb olunan vasitələri qərar verən Uca Allah başa düşülür. Belə ki, Ondan ağıllı olduğunu iddia edə biləcək bir şəxsin olması mümkün deyil. Əgər varsa da, ruhi xəstəxanalarda rast gəlinər. Doğumu və ölümü öz əlində olmayan insanın bu iddiadan çəkinməsi üçün öz yaradılışına nəzər yetirməsi kifayətdir. İnsanın həyat sürməsi üçün tələb olunan daxili üzvlərin hər hansı birini özünəməxsus funksiyası, forması və maddəsilə yaratmaq insan ağlının gücündə deyil.

Həmçinin, sənətkar tərəfindən düzəldilmiş və gündəlik həyatımızda dəfələrlə qarşılaşdığımız hər hansı bir əşyanın təsadüfən, təbii qanunlar əsasında və ya öz-özünə meydana gəldiyini iddia etmək də ağıllı insanların kəm baxışlarına tuş gələr, həmin şəxsin axmaq olduğunu deyənlər də tapılar. Hələ sənətkarın müəllif hüquqlarına təcavüzə görə iddia qaldıranlar da olar. Lakin özümüzü, bildiyimiz və bilmədiyimiz saysız məxluq və varlıqları xəlq edən, Yoxdan icad edən və Bağışlayan Allahın hüquqlarına kütləvi surətdə təcavüz edir və heç bir məsuliyyət hissi də keçirmirik.

Bəli, Uca Allahın üstün ağılına sübut üçün məncə yuxarıdakı dəlillərdən biri belə kifayət edər.

Bunu isbat etdikdən sonra gəlin ağıllı insan xüsusiyyətlərinə nəzər salaq. Üstün ağıla ilk nümunələr peyğəmbərlər və imamlardır. Çünki onlar məhz Ən Ali Ağıla Sahib Varlıq tərəfindən Öz elçiləri təyin ediliblər. Onların ağıllı olmasına dəlil üçün də ağıllı insanların xüsusiyyətlərindən birini - özünü təmsil etmək üçün ağıllı şəxsi seçməyi - göstərə bilərik. Demək həmin ağıllı elçilərin sözləri, əməlləri və qərarları bizim üçün də dəlil olur. İndi isə onların ağıllı insanların xüsusiyyətləri barədə söylədikləri bir neçə kəlamı təqdim etməklə qulluğunuzdan mürəxxəs olmaq istəyirəm.

- İnsanların onun şərindən uzaq olması, onun xeyirxah olmasına inanması və ona ümidvar olmaları;
- Minnət etmədən ehtiyaclılara Allaha xatir əl tutmaq;
- Çox danışmaqdan çəkinmək;
- Dünya malından qənaətlə istifadə etmək;
- Bütün ömrü boyu elm əldə etməkdən yorulmamaq;
- Allahın razılığı ilə rəftar etməyi insanların razılığı ilə rəftar etməkdən üstün tutmaq;
- Öz nəzərində insanların ona etdiyi yaxşılıq və ehsanları çox, özünün insanlara etdiyi ehsanları isə az bilmək;
- Öz nəzərində bütün insanları özündən yaxşı görmək;
İmam Sadiq (ə) buyurur: “Kimin ağlı olsa, dini olar. Dini olan isə Cənnətə daxil olar.” (“Kafi”, “Əql və cəhl” fəsli, c.1, səh.11, hədis 11)