Bahalığın sındırdığı adamlar

bahaligin-sindirdigi-adamlar
Oxunma sayı: 3624

Rövşən Naziroğlu

Devalvasiya sözünü doğru-dürüst tələffüz eləyə biməyən xalqımızın yarıdan çoxu o yekəlikdə termini bahalıq kəlməsilə əvəzləsə də müsibətin yönünü dəyişdirə bilmədi. Bahalıq vəba kimi ev-ev gəzib üzlərdəki təbəssümü siyirdi sümüyü çıxmış əllərilə. Boğazına ip salanların, özünü yandıranların sayı gün-gündən artdı.

Kəndimizdə bir dəli var. Televizorda intihar xəbərlərini eşidib and içir ki, o da özünü yandıracaq. Deyir, mən özümü yandıra bilim deyə kibritin qiymətini qaldırmayıblar. Sonra cibindən çıxardığı kibriti əlində oynadıb İran nağıllarındakı əfsanəvi adaşı kimi nərə çəkir dükan qabağında dəli Rüstəm.

Uşaqlarının əlindən tutub məktəbə gətirən valideynlər səssizcə pərt keçir dükanın önündən. Vitrindən sanki “gəl, məni ye” deyən şirniyyatlara tərəf dartınır uşaqlar. Sonra dərsə gedən balacaların yanağına göz yaşları, imkansız ata-analarınsa ürəyinə qan süzülür. Kövrəlir dəli Rüstəm. Burnunu silir pencəyinin yaxasına. Gözləri nəm çəksə də ağlamır. Çəkdiyi ahın tamam-kamal çıxmasına macal verməyib viran qalmış yurd yerini xatırladan ağzını açıb başlayır gülməyə. Adama elə gəlir ki, dəli Rüstəm ağzını gülmək üçün deyil, insanların havadan asılı qalmış ağrısını udmaq üçün açıb.

Abdulla müəllimin gəldiyini görəndə gülməyini yarıda kəsib cibindən çıxardığı kibriti atıb-tutur ovcunda. Məktəbdə tarixdən dərs deyir Abdulla müəllim. Şorqoğalı boyda iki çörək alıb çıxır dükandan. Elə bil qoca müəllimin utanacağından ehtiyat eləyir isti çörəklərdən çıxan buxar. Və bir anda sellofan torbanın üzünə pərdə çəkir. Abdulla müəllim zəmanəni yamanlayır. Dəli Rüstəm fələyin çarxına söyür. Rüstəmin bir az sakitləşməyini qənimət bilən Abdulla müəllim başlayır danışmağa: “Şəhərdə yaşayan əmim oğlu zəng eləmişdi dünən. Borc pul istəyirdi. Zalım oğlunu kənddə də vəziyyətin xarab olduğuna inandıra bilmədim. Deyir, həyət-bacadan dolanıb ancaq çaya, qəndə, una pul vermək üçün əlinizi salırsınız cibinizə.” Sözünü bitirib sağollaşmadan ayrılır dükanın qabağından. Özü deməsə də illərdir, saxladığı iti acından ölməməsi üçün zəncirdən açıb küçəyə buraxmağından hamı xəbərdardı.

Çörək almağa gələn balaca qıza nağıl danışır Rüstəm: “Sona xalanın yeddi toyuğu vardı. Bir gün həzrəti-həqq toyuqların dördünü tülkülərə ruzi qərar verdi. Sabahı gün toyuqların ikisi öz əcəlləri ilə başlarını qoydu yerə. Sağ qalan toyuğa balta-bıçaq göstərsələr də, inad edib yumurtlamadı. İndi Sona xala nə yedirtsin balalarına?”

Nağılın sona yetdiyini anlayan qız çiyinlərini çəkib gülə-gülə yol alır evlərinə tərəf.

Soyuqdan üşüyən əllərini ovuşdura-ovuşdura həmsöhbət axtarır Rüstəm.

Dükana isə gələn yoxdu...