Bahalıq və Novruz

bahaliq-ve-novruz
Oxunma sayı: 2399

Xuraman Hüseynzadə

Gücümüz çatan qədər bəzədik süfrəmizi. Evimizdə bayram ab-havası yaratmağa çalışdıq. Bayram bitdi artıq. Geridə nə qaldı bəs?

Bu il Novruz devalvasiyanın müşayiəti ilə gəldi. Buna görə də əvvəlkilərdən xeyli fərqləndi. Televiziyalardakı, tədbirlərdəki çal-çağırla neçə insanın ovqatı tərs-mütənasib idi.Bayram nemətlərinə həsrət qalan nə qədər süfrə vardı bu Novruzda.

Bayram bazarlıqları təxminən 300 qram, yarım kilo qoz-fındıqdan, bir-iki kilo almadan, narıngidən və s. ibarət oldu. Səməni, boyanmış yumurta hər süfrədə görünmədi. Şəkərbura, paxlava bişirməyi yadırğayan qadınlar bu il bir az da çoxaldı. Papaq atan uşaqlar gözə az dəydi. Həssas uşaqlar öz süfrələrindəki qıtlığı görüb empati qurdular və elin bu adətini yaşatmağı ayıb bildilər. Oğurluq hallarının çoxalması və kasıblıq insanlara evlərinin qapısını açıq qoymağa imkan vermədi. Pay-püşlə bayramlaşmağa gedənlərin sayı azaldı. Bayram bitər-bitməz bomboş olan süfrələr vardı-sanki bu evə Novruzun, baharın nəfəsi dəyməmişdi...

Televiziyaların çal-çağırına, öz süfrələrinin zənginliyinə aldanıb xalqın da bayramı bu cür qarşıladığını düşünənlər bilsin ki, əhalinin çoxu bu Novruzda maddi çətinliklə imtahana çəkildi. Mağazalardakı nisyə dəftərləri, borc-xərclə edilən bazarlıqlar insanların bayram ovqatını daha yaxşı anladır. Fonoqramla oxuyan müğənnilərin pulsuz konsertlərini təşkil eləmək xalqın güzəranının yaxşı olduğunu isbat eləmir. Necə deyərlər, palaza bürünüb el ilə sürünmək xatirinə xalq o bayramları qeyd eləyir...

Builki Novruzdan geridə qalan qoz-fındıq qabıqları, konfet kağızları yox, borclar oldu...

Bahalığı bahardan daha yaxşı hiss elədik.

Maddi çətinliyimizə baxmadan, mənəvi narahatlığımızın fərqinə varmadan gəldi bahar.

Qışın soyuğu tərk etdi təbiəti. Torpaq oyandı. Ağaclar çiçək açdı. Günəş gülümsədi...

Nə deyək? “Xoş gəldin” demək borcumuzdu. Təki xoş gəlsin!

Kaş gələn ilki Novruzda bahalıq bizdən uzaq olsun!

Süfrəmiz nemətlərlə dolsun.

Üzümüz gülsün.

Qəlbimiz sevinsin.

Xalqın adətini olduğu kimi yaşada bilək...