Ahmet Altanın iqtidar və Kafka haqqında düşüncələri

ahmet-altanin-iqtidar-ve-kafka-haqqinda-dusunceleri
Oxunma sayı: 861

Kafkanın yazdığı romanları oxucu kimi yaşayırıq.
Kafkanın romanının qəhrəmanı Cənab K bir səhər oyananda evinə gələn iki adam onun “ittiham olunduğunu” deyir, amma nədə ittiham olunduğunu demir.

Cənab K-nın ittiham olunması iki adamın onun “günahkar” olduğunu deməsi ilə başlayır. K-nın hansı günahla günahlandırıldığı məlum deyil, amma daha da vacibi: bilinmir ki, onu kim günahlandırıb.

Bir vaxtlar Avropanın bütün kimyaçılarının onlara ayrılan məhəllədə bir-birinə yapışmış, yastı-yapalaq evlərdə, kükürd dumanları arasında misdən qızıl hazırlamağa çalışdığı, cinayət hadisələri ilə, öldürülmüş qadınlarla, başı kəsilmiş tacirlərlə, ədabazlarla dolu bir keçmişə sahiblik edən, dar küçələrlə sivri qülləli evlərlə dolu olan, qışları mavi göy üzü ilə haşiyəli bir şəhərdə çex atanın və alman yəhudisi olan bir ananın izdivacından doğulan Kafka, nə tam çex, nə tam alman, nə də yəhudi ola bildi, bütün həyatı boyunca, doğulduğu şəhər kimi qarmaqarışıq, dar dolanbaclarla və labirintlərlə dolu ömür yaşadı.

Kafka da, demək olar ki, bütün yazarlar kimi inanılması mümkünsüz bir vicdan əzabı çəkirdi: gündəlikləri “qorxunc baş ağrıları” və “lazımı qədər yaza bilməmək” güley-güzarı ilə doludur. Heç bir yazıçının gündəliyində bu qədər çox “baş ağrısı”ndan gileyləndiyini – “yazmaq üçün işdən icazə aldım, amma yenə də üç gün heç nə yaza bilmədim” – və bu kimi şikayətlərin bu qədər tez-tez baş verdiyini, təkrarlandığını oxumamışam.

Dağılmaq üzrə olan imperatorluğun demək olar ki, heç kəsin sahib olmadığı bir şəhərində, darıxdırıcı bir bürokratiyanın çarxları arasında məmur olaraq yaşamaq məcburiyyətində qalan, qadınlarla münasibətlərini tam nizama sala bilməyən, fahişəxananın qarşısından “sevgilisinin evinin qarşısından” keçən kimi keçən, çox gənc yaşda vərəmə tutulan yazarın bizə qoyub getdiyi romanlar, bu gün Kafkanın yaşadığı yerlərdən çox uzaqlarda, o mədəniyyətə çox yad olan ölkələrdə yaşayan bizlərin həyatından bəhs edir.
Kafka iki böyük romanında – “Qəsr” və “Proses”də qəhrəmanına eyni adı vermişdi: Cənab K.
Soyadı da bilinməyən bir adam idi.
Sanki, soyadı indicə silinəcək kimi görünən tək hərfə möhtac qalmış bir adam.

Bu tək hərfli insanın macəralarının təsvir edildiyi romanları qarabasmaya çevirən, məncə, bu romanlarda gizli iqtidar sahiblərinin əsla gözəgörünməzliyi, onlara çatmağın mümkünsüzlüyüdür.

“Qəsr” romanında, bütün kəndin əfəndisi olan adamların yaşadığı qəsrə çatmaq, o insanları görmək mümkün deyildir, ancaq onları təmsil edərək kəndi gəzib hamıya göz qoyan iki adam vardı. “Proses” də isə K-nı günahlandıran həqiqi hökümranlıq qəti nəzərə çarpmır, burada da hökümranlıq etmək üçün iki adam çıxır qarşımıza.

Hökümranlığın və gücün qaynağı gözəgörünməzliyindədir.
Həqiqi iqtidar sahibləri hər cür insani əlaqədən, tənqiddən, ittihamdan uzaqdır. Onlar istədikləri vaxt öz adamları ilə sizi tapa bilər, sizi alçalda, ittiham edə, tuta bilər, hətta “Proses” romanının sonunda olduğu kimi sizi öldürtdürə bilərlər, amma siz onları tapa bilməzsiniz.

İqtidarın ən dəhşətli gücü gözəgörünməz insanların əlində olandır.
Onlar sizi görər, amma siz onları görə bilməzsiniz.
Onlar haqqında fikir bildirmək, onlarla mübahisə etmək mümkün deyil. Eynən bizim həyatımızda olduğu kimi, əsl əfəndilər daha dərin yerlərdə gizlənib, ortada görünənlər onların təmsilçiləri, xidmətçiləri, qulbeçələri və cəlladlarıdır.
Bu dəhşəti yaradan sirrin məğzi, həyatımızı qatı inamla şübhənin üstündə qurmağımızdadır, qəsrdəkilərin qüdrətinə, dediklərinin doğruluğuna, kor-koranə inanır, özümüzdən və qalanın kənarındakı hər bir adamdan şübhələnirik.

Günahkarlar gözəgörünməz iqtidar sahibləri tərəfindən ittiham olunduqlarına görə günahkardırlar, günahkar olmaq üçün günahlandırılmaq kifayətdir.

Kimsə günahlandırılanda onun günahkar olduğuna hamımız birgə inanırıq, hətta günahlandırılan da, heç bir günahı olmadığını düşünsə belə, axırda özündən şübhələnir, yavaş-yavaş günahkar olduğuna inanır, nəhayət, bu qarabasmadan xilas olmaq üçün öz ölmünə tərəf yeriyir. Bir də ki gözəgörünməz iqtidarın dustaqlığını qəbul edənlər üçün yox olmaq, bəlkə də, yeganə xilas yoludur. İqtidarın ortada gəzən adamları qəsrdəkilərin qüdrətini və bizim qorxumuzu öz içlərində bəsləyərək böyüdürlər. Bizi məhv edən qəsrin gücü deyildir, bizi məhv edən öz gücsüzlüyümüzdür. Həyatımıza təsir edən basqını bu cür qorxunc göstərən, qarabasmaya çevirən, bütün qurtuluş yollarını bağlayan, bizi çarəsiz qoyan o basqının bir hissəsinə çevrilmək üçün ölümcül halda göstərdiyimiz zəiflikdir.

Hansısa adam günahlandırılanda digərlərinin onun günahkar olduğuna tezcə inanmağı da zəiflikdir.
Hətta istəklə gözləyirlər ki, onlara günahkarı göstərsinlər.
Kimsə günahlandırılanda bütün dostları, tanışları, hətta “Proses” romanında olduğu kimi, qohumları da tezcə günahlandıranların yanında özünə yer edir, bu ittihamdan özlərinə bir zərər gəlib-gəlməyəcəyini götür-qoy edirlər.
Həmişə günahlandırılanı tərk edirlər.
Heç kəs onu qorumur.
Heç kəs ona sahib çıxmır.
Amma ağlımıza gətirmirik ki, əsl günahkarlar qəsrdəkilər də ola bilər.
Soyadlarımız tezcə silinə biləcək tək hərfə qədər azaldılmışdır.
Bir səhər bizim də qapımızın zəngi çalına bilər, nəylə günahlandırıldığmız deyilməmiş, biz də ittiham oluna bilərik və biz, bizi günahlandıranlara yarınmağa, məhv olarkən belə onlara özümüzü bəyəndirməyə səy göstərərik.
Günahkar hesab edildiyinə, günahkarın öz yolundan sapmaq haqqını ona ancaq iqtidarın gözəgörünməz sahibləri tərəfindən verilə biləcəyinə olan inancımız bizi gücsüzləşdirir.
Hər səhər yeni günahkarları görərək oyanırıq.
Hər səhər başqa bir Cənab K-nın şəkilləri olur qəzetlərdə.
Qəsrin yerləşdiyi təpənin ətəklərindəki kiçik kənddə yaşayırıq, iqtidarın əsl sahibləri əsla görünmür, hər səhər qapımızın altından içəriyə bir günahkarın şəkli atılır və onların günahkar olduğuna günahkar olduqları haqda danışılanlara əsasən inanırıq.
Evlərimizdən günahkarı məhv etmək üçün çıxırıq, bir-birimizə “günahkar imiş” – deyirik, günahkarın öldürülməsini istəyirik, əfəndilərimizə günahkarın öldürülməsi üçün yalvarırıq. Çünki günahkarlar günahlandırıldığı üçün günahkardır.
Çünki biz yox olmaq üzrə olan bir məmləkətin sahibsiz şəhərlərində qədim kimyagərlərin kükürd qoxularını içimizə çəkərək yaşayır, gözəgörünməz əfəndilərin qaranlıq gücünə boyun əyiririk.
Çünki biz Cənab K-yıq.
Soyadlarımız artıq bircə hərfdən ibarətdir.
O da silinmək üçün hazır vəziyyətdə gözləyir...

Türk dilindən uyğunlaşdıran: Fərid Hüseyn