“Ailələrimiz antiazərbaycan şəbəkə tərəfindən hədəfə götürülüb”

ailelerimiz-antiazerbaycan-sebeke-terefinden-hedefe-goturulub
Oxunma sayı: 692

İki ilə yaxındır, müəyyən fasilələrlə, amma tənqidin dozasını artıraraq yazılan bu yazılarda bəzi telekanalların, eləcə də orada yayımlanan izdivac, şou-biznes proqramlarının Azərbaycan cəmiyyətinin mənəviyyatına zidd olması tezislərinə rast gəlinir.

“Azərbaycan” qəzeti silsilə olaraq bu yazıları davam etdirdikcə, avtomatik olaraq bu sual da formalaşır: Hakimiyyət yerli telekanallarla bacarmır? Onlara bu verilişlərin yayımını qadağan etdirə bilmir? “Azərbaycan” qəzetindəki bu yazılar hakimiyyətin təzyiq mexanizminin tərkib hissəsidir, yoxsa...?

Qəzetin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında Azərbaycanda söz azadlığının mövcud olduğunu dedi. Müsahibimiz bunu qəzetlərin timsalında görməyin mümkünlüyünə toxundu: “Hakimiyyət heç bir qəzetə öz iradəsini diktə eləmir. İstəsə də bunu edə bilməz. Çünki ölkədə azad mətbuat var”.

Müsahibimiz dedi ki, ölkədəki özəl telekanalların proqram siyasəti var. Onlar pul qazanmalı olduqlarını iddia edirlər: “Bəli, pul qazanma arzuları təbiidir. Amma bir azərbaycanlı kimi mən o yolla pul qazanmağın əleyhinəyəm. Milli-mənəvi dəyərlərin aşınmaya məruz qoyulmasına, müqəddəs ailə adət-ənənələrini gözümüzün qabağında əcaib hala salınmasına razı deyilik. Bizim də azad söz deməyə ixtiyarımız var. Biz də buna münasibətimizi bildiririk. Bizim dediklərimiz çoxsaylı insanların düşüncələrinə uyğun olduğu üçün oxunur, yayılır”.

B. Sadıqov dedi ki, hazırda çox iyrənc formada “Onun yarısı”, “Toy olsun” kimi verilişlər yayımlanır. Onun sözlərinə görə, yarışmacılardan biri diqqət cəlb etmək üçün göbək rəqsi oynayır, digəri əsl simasını gizlədir: “Bir sözlə, insan hisslərini bayağılaşdırırlar. Bu dəqiqə Azərbaycan ailəsi antiazərbaycan şəbəkə tərəfindən hədəfə götürülüb. Onlar istədilər ki, bunu etsinlər, amma nail olmadılar. Bu veriliş həmin şəbəkələrin dəyirmanına su tökdülər. Bu layihələrə qoyulan pullar təmiz niyyətli pullar deyil”.

Müsahibimiz bu tipli yazılarda dövlət, ya da sifariş izi axtarmağın doğru olmadığını dedi. Baş redaktorun dediyinə görə, bu, redaksiyanın ümumi rəyidir: "Redaksiya iclası keçiririk. Hamı öz ideyasını, fikrini, cəmiyyətdə onu narahat edən mövzuları deyir. Bu mövzuda narahatçılıq ifadə edənə isə deyirik ki, yazmaq istəyənlər yazsınlar. Qoy onlar öz pullarını qazansınlar, biz də öz sözümüzü deyəcəyik".