“Ailəmi başıma yığıb oturacam evdə. Vəssalam”

ailemi-basima-yigib-oturacam-evde-vessalam
Oxunma sayı: 679

“Sabiq prezidentin, onun ailə üzvlərinin təminatını nəzərdə tutan qanun tam qəbul olunandan, imzalanıb qüvvəyə minəndən sonra Azərbaycana qayıdacam”. “Qafqazinfo” xəbər verir ki, Rusiya paytaxtı Moskvada yaşayan Azərbaycanın eks-prezidenti, Sosial Demokrat Partiyanın həmsədri Ayaz Mütəllibov noyabrın 16-da “Media forum” saytına belə deyib. A.Mütəllibov bildirib ki, gələcəklə bağlı heç bir planı yoxdur: “Heç nə planlaşdırmıram, yalnız gözləyirəm. Onu gözləyirəm ki, mənə desinlər Azərbaycana qayıdıb vətəndə yaşa, sənə dəyib toxunan olmayacaq”.

Eks-prezidentin sözlərinə görə, Azərbaycana qayıdandan sonra fəal siyasətlə məşğul olmayacaq: “Azərbaycana qayıdıb ailəmi başıma yığıb oturacam evdə. Vəssalam”.
A.Mütəllibov hesab edir ki, sabiq prezidentlər haqqında qanunun qəbul olunması Azərbaycanın demokratiya istiqamətində atdığı mühüm addımdır: “Bu, referendumda xalqın səs verib qəbul etdiyi və konstitusiyada nəzərdə tutulan məsələdir. Hesab edirəm ki, eks-prezidentlərin statusunu müəyyənləşdirən qanun olmalıdır. Burada təkcə Ayaz Mütəllibovdan söhbət getmir və bu yalnız mənə verilən status deyil. Bu, ümumi bir qanundur və o, Azərbaycan prezidenti vəzifəsini tutmuş və gələcəkdə tutacaq hər bir şəxsə aid olacaq. Bəzi adamlar məsələnin mahiyyətindən yayınmağa, bu qanunun yalnız Ayaz Mütəllibova aid olduğuna dair fikir formalaşdırmağa çalışır, məsələni şəxsi prizmadan və qərəzli şəkildə şərh edir.
Azərbaycanda eks-prezidentlərin statusunu müəyyənləşdirən qanunun qəbul olunması demokratikləşmə istiqamətində mühüm bir addımdır. Əlbəttə, həm də mənə şamil olunduğuna görə bu qanundan razıyam. Bu qanun mənim 20 ildir çəkdiyim iztirablara son qoyur”.
“Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” konstitusiya qanunu layihəsi Milli Məclisdə üç oxunuşda qəbul olunub. Konstitusiya qanunu olduğuna görə layihə altı aydan sonra təkrar səsverməyə çıxarılacaq.
1988-1990-cı illərdə Azərbaycan Nazirlər Sovetinin sədri olan Ayaz Mütəllibov 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikaya rəhbərlik etməyə başlayıb. Həmin ilin mayında parlamentin qərarı ilə respublika prezidenti seçilib. 1991-ci ilin sentyabrında ümumxalq səsverməsində Azərbaycan Respublikasının ilk prezidenti olub. 1992-ci ilin martında istefa verib. Həmin il mayın 14-də parlamentin qərarı ilə kürsüsünə qaytarılıb, ancaq bir gün sonra yenidən istefaya göndərilib. Bundan sonra A.Mütəllibov ölkəni tərk edərək Rusiya paytaxtı Moskvaya yollanıb. Azərbaycanda onun haqqında cinayət işləri qaldırılıb.