“Bakcell” 3G-yə tam hazırdır

bakcell-3g-ye-tam-hazirdir-
Oxunma sayı: 667

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, “Bakcell”in mövcud şəbəkəsi üçüncü nəsil standartında xidmətlərin göstərilməsinə tam hazırdır. Bununla da, Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən müvafiq radiotezlik ayrıldıqdan sonra “Bakcell”in 3G xidmətləri göstərməyə başlaması üçün heç bir maneə qalmayacaq.

“Bakcell” elan edib ki, 3G xidmətinin tətbiqi ilə müştərilərə ən son mobil data və internet xidmətləri göstəriləcək və Azərbaycanda rəqəmsal infrastruktur qurulmasına dəstək veriləcək. Hazırda “Bakcell” ölkədə ən böyük - ümumi sayı 2500-ü keçən baza stansiya şəbəkəsinə malikdir. İndiyədək şəbəkənin yenilənməsi üzrə aparılan işlərə böyük miqdarda sərmayə qoyulub və bu iş məqsədyönlü şəkildə aparılıb. Nəticədə 3G xidmətlərinin həyata keçirilməsi üçün lazımi proqram təminatı yaradılıb və baza stansiyaları dəyişdirilib.

“Bakcell” şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib ki, 3G xidmətlərinin göstərilməsi Azərbaycanın mobil rabitə bazarında yeni inkişaf dalğasının yaranmasına səbəb olacaq. Onun sözlərinə görə, son vaxtlar internet xidmətləri yüksək sürətlə inkişaf edir: “İnsanlar internetə olan ehtiyaclarını daha çox mobil telefonlarından istifadə etməklə reallaşdırır. Bu baxımdan, bazarın tələbatı aşkardır və biz 3G-nin tətbiqi ilə interneti daha rahat formada insanların gündəlik həyatına gətirmək niyyətindəyik. “Bakcell” artıq ən populyar internet proqramları olan facebook və twitter-də təmsil olunur. Bizim məqsədimiz yüksək sürətli 3G mobil internet xidmətimiz sayəsində müştərilərimizin bu kimi proqramlardan və YouTube kimi populyar xidmətlərdən istifadə təcrübəsini daha da təkmilləşdirməkdir ”, deyə baş icraçı direktor vurğulayıb.

Nigar Məmmədli