Bakcell digər mobil operatorları gözləyir

bakcell-diger-mobil-operatorlari-gozleyir-
Oxunma sayı: 1083


Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, nömrə daşınmasını həyata keçirmək xidmət digər mobil operatorlar tərəfindən də dəstəklənməlidir. Bakcell şirkəti Mobil Nömrə Daşınması (MND) prosesini 01 avqust 2013-cü il tarixində, yəni Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təyin etdiyi tarixdə istifadəyə verən ilk mobil operatordur. Hazırda Bakcell şirkəti digər operatorların abunəçilərinin nömrə daşınması ilə müraciətlərini qeydə alır, lakin MND prosesi bütün operatorların hazırlığı və iştirakını tələb edir. Bu hələ mümkün olmadığından Bakcell şəbəkəsinə qoşulmaq istəyən abunəçilərə bu mərhələdə ilkin qeydiyyat formasını doldurmaq təklif olunur. MND, prosesin bütün iştirakçıları tərəfindən istifadəyə veriləndən sonra Bakcell şirkəti həmin abunəçilərlə elektron poçt və ya telefon vasitəsilə əlaqə saxlayaraq ən sərfəli MND təklifini bildirəcək. İlkin qeydiyyat formasını doldurmaq, MND və nömrənin Bakcell şəbəkəsinə daşınması barədə daha ətraflı məlumat əldə etmək üçün, fərdi və korporativ müştərilər Bakcell şirkətinin xidmət mərkəzlərinə müraciət edə və ya MND üçün nəzərdə tutulmuş xüsusi mnd.bakcell.com internet səhifəsinə daxil ola bilərlər. Bakcell 2012-ci ilin əvvəllərində şəbəkədaxili zənglər üçün nömrənin əvvəlinə 055 prefiksini tətbiq etməklə və yeni 10 rəqəmli yığım formatına keçməklə MND-nin tətbiqinə hazırlıq işlərinə başlayan ilk şirkət olub. Bakcell əmindir ki, MND prosesi Azərbaycanın mobil rabitə bazarında rəqabəti artıracaq.