Bakı Ali Neft Məktəbi anlaşma Memorandumu imzaladı

baki-ali-neft-mektebi-anlasma-memorandumu-imzaladi-
Oxunma sayı: 668

Qonaqları ölkəmizdə və Bakı Ali Neft məktəbində görməkdən məmnunluq hiss keçirdiyini vurğulayan rektor E.Qasımov Azərbaycan və Bolqarıstan arasında hər zaman isti və dost münasibətin olduğunu bildirib. O, qeyd edib ki, bu gün də dövlət rəhbərlərinin həyata keçirdikləri doğru, üzaqgörən siyasətin nəticəsi olaraq, ölkələrimiz arasında olan siyasi, iqtisadi və digər əlaqələr günü-gündən inkişaf etməkdədir. Daha sonra, Bakı Ali Neft Məktəbi haqqında qonaqlara ətraflı məlumat verən rektor bildirmişdir ki, Bakı Ali Neft Məktəbinin yaranmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olub.

Ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edən E. Qasımov bildirmişdir ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Qısa müddət ərzində bu istiqamətdə aparılan işlər barəsində qonaqlara ətraflı məlumat verən rektor qeyd etmişdir ki, Bolqarıstan Respublikasının mühəndislik sahəsində fəaliyyət göstərən universitetləri ilə də əməkdaşlıq etmək ali məktəb üçün önəmlidir.

Görüşdə iştirak edən Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maya Hristova BANM rektoru E.Qasımova bu önəmli səfəri təşkil etdiyi üçün öz minnətdarlığını bildirib. O, qeyd edib ki, Bakı Ali Neft Məktəbi yeni yaradılmasına baxmayaraq, qısa müddət ərzində yüksək nailiyyətlər əldə etmişdir. Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayan səfir, təhsil sahəsində də əməkdaşlıq etməyin önəmli olduğunu bildirib.

Tədbirdə çıxış edən rektorlar BANM ilə bir çox sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduqlarını və bu əməkdaşlıq çərçivəsində hər iki tərəf üçün faydalı işlər görülə biləcəyini bildirib.

Tədbirin sonunda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “Professor Doktor Assen Zlatarov” Universitetinin rektoru professor Petko Petkov, Qabrovo Texniki Universitetinin rektoru, professor Rayço İlarianov və Sofiya Texniki Universitetinin prorektoru İvan Kralov arasında tələbə və müəllimlərin mübadiləsi, tədris proqramlarının inkişafı, birgə tədqiqatlar və elmi məqalələrin mümkün mübadiləsi, seminarların, konfransların və digər tədbirlərin təşkilində qarşılıqlı yardım, akademik nəşr materiallarının və digər informasiyaların mübadiləsi, müəyyən edilmiş inkişaf sahələri üzrə təlim layihələri çərçivəsində əməkdaşlıq, o cümlədən diplomlu və diplomsuz kurslar üzrə əməkdaşlıq imkanları sahəsində “Anlaşma Memorandumu” imzalanıb.