Bakı Ali Neft Məktəbində Yay Məktəbinə start verildi

baki-ali-neft-mektebinde-yay-mektebine-start-verildi
Oxunma sayı: 1275

Bakı Ali Neft Məktəbi və İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı, həmçinin İtaliyanın Azərbaycandakı səfirliyi və "Maire Tecnimont” Şirkətlər Qrupunun dəstəyi ilə 16-24 sentyabrda Bakıda “Yaşıl Enerjinin İdarə Olunması - Dayanıqlı ətraf mühit üçün enerji həlləri” mövzusunda keçiriləcək Yay Məktəbinin açılışı olub.

"Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massar, Milan-Bikokka Universitetinin İqtisadiyyat fakültəsinin professoru, “Yaşıl Enerjinin İdarə Olunması” Yay Məktəbinin direktoru Silvana Stefani, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, İtaliyanın “Maire Tecnimont” Qrupun podratçısı “Kinetics Technology” şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern, SOCAR-ın vitse-prezidentinin müavini Asif Şəfəqqətov çıxış ediblər.

Rektor Elmar Qasımov çıxışında neft-qaz sənayesinin inkişaf etdiyi ölkədə alternativ enerji mənbələrinə həsr olunan tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, ölkəmizdə ətraf mühitin mühafizəsinə, sənayenin yaratdığı ekoloji problemlərin alternativ üsullarla aradan qaldırılmasına böyük önəm verilir.

“Bu gün ekoloji problemlərin qarşısını almaq üçün alim, elmi-tədqiqat işçiləri ilə yanaşı, mühəndislər də müxtəlif üsullar axtarıb-tapırlar. Bu baxımdan hesab edirəm ki, yüksək ixtisaslı mühəndislər yetişdirən Bakı Ali Neft Məktəbinin “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Yay Məktəbinə ev sahibliyi etməsi təqdirəlayiqdir”.

Səfir Auqusto Massar bildirib ki, enerji çatışmazlığı, iqlim dəyişikliyi, ətraf mühit problemləri hər zaman alimləri və qlobal şirkətləri düşünməyə vadar edir.

Qeyd edək ki, Yay Məktəbinin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr veriləcək.