Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə iş qrafikində dəyişiklik edib.
“Qafqazinfo” “Azərtac”a istinadən xəbər verir ki, avqustun 15-dən 27-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində gün ərzində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Hazırda gün ərzində 400-440 nəqliyyat vasitəsilə təxminən 12 min sərnişin avtovağzaldan yola salınır.
Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada - www.bbak.az saytından 10 gün öncədən əldə edə bilərlər. Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək.
Əlavə sual və təkliflər üçün vətəndaşlar (012) 406-01-58/59 nömrələrinə müraciət edə bilərlər.