Bakı bulvarında maşınlar üçün yol salınır

baki-bulvarinda-masinlar-ucun-yol-salinir
Oxunma sayı: 649

Bakı bulvarında söküntü işləri aparılır. Milli.Az-ın məlumatına görə, Dənizkənarı Milli Parkın müəyyən hissəsində daş döşəmə sökülür. Sökülən ərazi gediş-gəliş üçün bağlanıb.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, sökülən ərazidə bulvarın bir xətti boyunca ağır yük maşınlarının hərəkəti üçün yol düzəldilir. Rəis müavinin sözlərinə görə, söküntü işləri Milli Parkın bir hissəsində aparılır. Parkın bir xətt boyu daş döşəmələri sökülərək daha dözümlü daşlarla əvəzlənir. Köhnə daşlar çıxarılaraq təzə bulvarda istifadə olunur.

“Bulvarda tez-tez bayram mərasimləri, tədbirlər keçrilir. Döşəmə örtük əraziyə gələn ağır yük maşınlarına tab gətirməyərək sıradan çıxırdı. Bu məqsədlə yük maşınlarının hərəkəti üçün ayrıca xətt nəzərdə tutulub. Bu, çoxdan planlaşdırılan iş idi”, - N.Məcidov əlavə edib.

Dənizkənarı Bulvar İdarəsinin rəsmisi qeyd edib ki, təmir işlərinin bu ilin mart-aprel ayları ərzində başa çatdırılması nəzərdə tutulub. Artıq “Azneft” meydanından Qız Qalasınadək olan ərazidə işlər başa çatdırılır.